"Heykəl məhbusu" Qiyasəddin İbrahimov cərimə edilib

Qiyasəddin İbrahimli

Şəklin mənbəyi, Meydan TV

Şəklin alt yazısı, "Heykəl məhbusu" kimi tanınmış Qiyasəddin İbrahimov çərşənbə axşamı Bakıda yaşadığı binanın damına çıxaraq polisə etiraz edib

Çərşənbə günü "heykəl məhbusu" kimi tanınmış Qiyasəddin İbrahimovun məhkəmə prosesi keçirilib.

Nizami Rayon Məhkəməsi Qiyas İbrahimovu 50 manat məbləğində cərimələyib.

O, "xırda xuliqanlıq"da təqsirli bilinib.

Qiyasəddin İbrahimov BBC News Azərbaycancaya deyib ki, etiraz etməkdə məqsədi "Yasamal rayonunun Bünyadzadə küçəsinin sakinlərinə qarşı baş vermiş polisin təzyiqinə, dövlət zorakılığına qarşı susmamaq" olub.

" Məqsəd insanların susmaması üçün çağırış etmək idi. Məqsədimə çatdığımı düşünmürəm. Düşünürəm ki, dövlət sakinlərdən və hamıdan polisin zorakılığına görə üzr istəməlidir. Yəni, mənim təkbaşına edə biləcəyim bu idi. Ancaq ümid edirəm ki, insanlarda ən azından duyarlılıq yaratmağa çalışdım", - cənab İbrahimov deyib.

O əlavə edib ki, "kütlədə hələ ki, siyasiləşmə və siyasi mobilizasiya mümkün deyilsə, individualların edə biləcəyi bəzi məsələlər var":

"Mən düşündüm və edə biləcəyimi etdim. Belə bir ölkədə bir fərdin edə biləcəyi minimum bu qədər ola bilər".

Qiyasəddin İbrahimov çərşənbə axşamı günü Bakıda yaşadığı binanın damına çıxaraq polisə etiraz edib.

O, damda əlindəki səsucaldıcı ilə danışaraq bildirib ki, ötən həftəsonu iki günlük təcrid zamanı polislərin onlara "zibil atmaqda" ittiham etdiyi sakinlərə qarşı davranışına bu yolla etiraz edir.

Bakı şəhər Baş Polis İdarəsi çərşənbə axşamı günü bu barədə açıqlama yayıb və bildirib ki, "hazırda Qiyasəddin İbrahimov barəsində araşdırmalar aparılır".

"Əmələ hüquqi qiymət verilməsi üçün onun barəsində toplanmış materiallar rayon məhkəməsinə göndəriləcək", - qurum bildirib.

Koronavirusa görə ötən həftəsonu tətbiq edilən ev təcridi zamanı polis yaşayış məhəlləsində həyətdə olan bir nəfəri aparmaq istəyərkən bina sakinləri buna etiraz etmiş, yuxarı mərtəbələrdən polisə müxtəlif əşyalar atmışılar. Bundan sonra Çevik Polis Alayının əməkdaşları ora gələrək bəzi sakinləri polisə aparmışdı. Hər iki halla bağlı sosial mediada görüntülər yayılmış və ictimaiyyət arasında hadisə birmənalı qarşılanmamışdı.

Qiyasəddin İbrahimov deyib ki, polis kiçik bir qayda pozuntusunu da cəzasız qoymaq istəmir.

Hadisə yerinə gələn polislər onun tələbləri ilə maraqlanılar. Qiyasəddin İbrahimov deyib ki, "saxlanan sakinlərin hamısı buraxılmalı, polis üzr istəməlidir.

O, yaxınlaşmaq istəyən polisləri hədələyib ki, özünü ata bilər. Ancaq sonradan polislər onu damdan uzaqlaşdıra bilib.

Qiyasəddin İbrahimovun yaxınları yerli jurnalistlərə deyiblər ki, onu polis bölməsinə aparıblar.

Ombudsman DİN-ə vmüraciət edib

Sosial şəbəkələrdə yayılmış Bakının Yasamal rayonunda "polisə zibil atanların" saxlanması zamanı çəkilmiş görüntülər Ombudsman tərəfindən nəzarətə götürülüb. Bu barədə Ombudsman Aparatının məlumatında bildirilir.

Qurumun sözlərinə görə, "saxlanılan şəxslər fərdi qaydada yerində qəbul olunub, müraciətləri araşdırılır".

Ombudsman Aparatı bildirib ki, eləcə də saxlanılan şəxslərin ailə üzvlərindən daxil olan müraciətlər də araşdırılır və "hər bir qanunazidd əmələ hüquqi qiymət veriləcək".

"Kimliyindən asılı olmayaraq hər kəs qanuna riayət etməli və qanun pozuntusuna isə yalnız hüquqi qiymət verilməlidir," - Aparatın məlumatında deyilir.

Qurum bildirib ki, Ombudsman ilkin müraciətlər üzrə daxili işlər nazirinə müraciət edib.

Daxili İşlər Nazirliyi

Şəklin mənbəyi, Daxili İşlər Nazirliyi

DİN vətəndaşa "dovşan" deyən polisi işdən çıxardığını iddia edir

Bakının Yasamal rayonunda "polisə zibil atanların" saxlanması zamanı bir sakinlə "yüksək səs tonunda danışaraq onun həyat yoldaşının ünvanına yersiz ifadələr işlədən" polis işdən çıxarılıb. Bu barədə Daxili İşlər Nazirliyinin məlumatında bildirilir.

Sosial mediada iyunun 7-də ikigünlük təcrid zamanı polisin Bakının Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşdiyi iddia edilən bina sakinləri ilə dialoqunun görüntüləri yayılıb.

Həmin dialoqda iştirak edən qadın polisdən "adam kimi rəftar etməyi" xahiş edir, başqa bir polis isə cavabında "Niyə ki, dünən adam kimi rəftar edərdiniz də bizimlə... Dünən niyə bizə fit çalırdınız, niyə zibil atırdınız oradan? Guya biz çəkmirdik qıraqdan? İndi gəlmisiniz quzu balası, dovşansınız, dovşan. Sənin ərin də dovşandır" deyir. Arxa fonda kimin dediyi bilinməyən "tərbiyəsizlər" sözü eşidilir.

Bu görüntülər cəmiyyətdə birmənalı qarşılanmayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bazar ertəsi günü verdiyi açıqlamada deyib ki, həmin "görüntülərlə bağlı araşdırma aparılır və istər polis əməkdaşı, istərsə də vətəndaş tərəfindən yol verilmiş hər bir qanunazidd hərəkət hüquqi qiymətini alacaq ".

Çərşənbə axşamı günü Daxili İşlər Nazirliyi videogörüntülərin araşdırıldığı zaman polis əməkdaşının hərəkətlərini "bağışlanılmaz" kimi qiymətləndirib.

"İyunun 7-də Yasamal rayonunda gücləndirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının üzərlərinə məişət əşyaları atanlar saxlanılarkən çəkilmiş videogörüntülər araşdırılmış və bu zaman əməkdaşlardan birinin bir qadınla yüksək səs tonunda danışaraq onun həyat yoldaşının ünvanına yersiz ifadələr işlətməsi müəyyən edilmişdir ki, bu da bağışlanmaz hal kimi qiymətləndirilib. Həmin qadın Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib və ondan üzr istənilib", - məlumatda deyilir.

Nazirlik bildirib ki, həmin polis əməkdaşı tutduğu vəzifədən azad olunub və barəsində xidməti yoxlama aparılması barədə qərar qəbul edilib.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu YouTube

Video açılmırsa, YouTube-dan izləyin.

Nə baş verib?

Sosial mediada yayılmış digər videokadrlarda ikigünlük təcrid zamanı yaşayış binasının qarşısında azı 4-5 polisin bir nəfəri güclə qara rəngli maşına mindirildiyi görünür. Həmin kadrlarda bəzi bina sakinləri isə buna müxtəlif cür etiraz edirlər, sakinin aparıldığı maşına sarı müxtəlif əşyalar atdığı təsvir olunub.

Sosial şəbəkələrdə yayılmış ikinci video kadrlarda Çevik Polis Alayının 100-dən çox əməkdaşının Dadaş Bünyadzadə küçəsində yerləşdiyi iddia edilən həmin yaşayış məhəlləsinə gələrək sakinlərinin polisə müxtəlif əşya atdığı binaya daxil olduğu, sonra bəzi sakinləri polis maşınına apardığı, bu zaman bəzilərinə zor tətbiq edildiyi görünür. Video kadrlarda bəzi sakinlərin hətta yarıçılpaq halda aparıldığını müşahidə etmək olar.

Daxili İşlər Nazirliyi bazar ertəsi yaydığı məlumatda bildirir ki, ilkin olaraq saxlanan şəxs karantin rejiminin qaydalarını pozduğu üçün saxlanıb.

Nazirliyin açıqlamasına görə, bundan sonra bina sakinləri eyvan və pəncərələrdən polis əməkdaşlarının üzərinə müxtəlif əşyalar atıb, onları təhqir edib.

"Buna baxmayaraq, polis əməkdaşları təmkin nümayiş etdirib və karantin rejimini pozan həmin şəxs barəsində inzibati tədbir görüb," - məlumatda deyilir.

DİN saxlanan şəxslərin "törətdikləri əmələ hüquqi qiymət verilməsi üçün" zəruri araşdırmaların davam etdiyini bildirib.

Daxili İşlər Nazirliyindən BBC News Azərbaycancaya sosial mediada yayılmış video kadrlarda əks olunmuş zorakılıqla bağlı cavab almaq mümkün olmayıb.

Azərbaycanda ilk koronavirusa yoluxma halı 28 fevralda qeydə alınıb.

Martın 24-dən qüvvədə olan xüsusi karantin rejimi iyunun 15-dək uzadılıb.

Nazirlər Kabineti mayın 4-dən etibarən xüsusi karantin rejimini bir qədər yumşaltsa da, iyunun 6-dan 8-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində ev təcridi tətbiq edilib.

Bu ərazilərdə yaşayan sakinlərə yaşadıqları və ya olduqları yeri tərk etmək qadağan edilmişdi, bu barədə Baş nazir Əli Əsədov qərar verib.