Azərbaycanın beş iri şəhər və rayonunda sərt təcrid başa çatıb

Bazar ertəsi günü səhər saatlarından Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində sərt təcrid başa çatıb.
Bu bölgələrdə 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək sərt karantin rejimi tətbiq olunub.
Bu ərazilərdə yaşayan sakinlərə yaşadıqları və ya olduqları yeri tərk etmək qadağan edilmişdi, bu barədə Baş nazir Əli Əsədov qərar verib.
Sərt təcrid rejiminin əməl olunmasına polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları nəzarət edib.
Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, həftə sonu Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazilərində nəqliyyat vasitələri ilə həkətdə olaraq təcrid qaydalarını pozan 2524 nəfər, eləcə də respublikanın digər avtomobil yollarında sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etmədiyinə görə 223 nəfər inzibati məsuliyyətə cəlb edilib.
İkigünlük təcridin qaydaları necə olub?
Video açılmırsa, YouTube-da izləyin.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov BBC News Azərbaycancaya bildirmişdi ki, "evdən yalnız iki halda - şəxsin həyatına real təhlükə yaranarsa, və ya yaxın qohumun dəfninə getmək üçün" çıxmaq olar.
O cümlədən, hələlik, karantin rejiminə son verilmədiyi üçün həmin məhdudiyyətlər və kafe-restoranların axşam saat 10-dək işləməsi qüvvədə qalır.

Həftəsonu ictimai nəqliyyat işləməyib, o cümlədən fərdi avtomobillərdən istifadəyə icazə verilməyib.
İbrahim Məmmədovun sözlərinə görə, "sərt karantin rejimində işləmək icazəsi olan şəxslər xidməti avtomobildən istifadə etməlidirlər".
İbrahim Məmmədov gələn həftəsonu da sərt karantin tətbiq olunub-olunmayacağını hələ bilmir: "Gələn həftəsonları nə olacağı bilinmir".
Yoluxma halları və ölüm
Azərbaycanda karantin rejimi yumşaldılandan sonra koronavirusa yoluxma halları və ölüm sayı artmağa başlayıb.
Baş nazir Əli Əsədov cümə axşamı xalqa müraciətində bildirib ki, qoyulan məhdudiyyətlərə əməl etmək zəruridir.
Həftə sonu tətbiq edilən karantin rejimində xüsusi sahələrdə çalışanlar istisna olmaqla, bütün ticarət, biznes strukturlarında fəaliyyət dayandırılıb. Vətəndaşlar evdən yalnız sağlamlıqları ilə bağlı ciddi problem yarandığı təqdirdə, o cümlədən yaxınlarının dəfn mərasimində iştirak etmək üçün çıxa bilib. Bu zaman onlar Daxili İşlər Nazirliyinin 102 Xidmətindən icazə almalı olublar.

Cümə günü Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində yerləşən dövlət orqanları və qurumları üçün saat 14:00-dək qısaldılmış iş rejimi müəyyən edilib, yəni, bu şəxslərin iş vaxtı saat 14:00-da bitib.
Nazirlər Kabineti yanında Operativ Qərargahın cümə axşamı təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı özəl qurumlara tövsiyə etmişdi ki, onlar da cümə günü iş gününü saat 14:00-da bitirsinlər.
Hökumət niyə ikigünlük təcridi tətbiq edir?
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov operativ qərargahın iyunun 3-də keçirdiyi brifinqdə bildirmişdi ki, son günlər koronavirusa yoluxma sayı artdığı üçün karantin rejiminin yumşaldılması dayandırılır və yenidən məhdudlaşdırma aktivləşdirilir.
"Son günlər yoluxma dərəcəsi artır, sağalanların sayı yoluxanların sayından xeyli geri qalır. Buna səbəb vətəndaşların məsuliyyətsizliyidir. Karantin rejiminin yumşaldılması dayandırılır və yenidən məhdudlaşdırılma aktivləşdirilir. Belə ki, cümə günü axşamdan bazar ertəsi səhərə kimi tam qapadılma tətbiq olunacaq. İctimai və fərdi nəqliyyatın hərəkəti, küçəyə çıxmaq, iş rejimi məhdudlaşdırılacaq, mağazalar qapadılacaq. Bir sözlə tam qapalı rejim yaradılacaq", - İbrahim Məmmədov deyib.
TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın iyunun 3-də keçirilmiş brifinqində demişdi ki, səhər və axşam saatlarında işə gələnlərin və işdən çıxanların sayını nizamlamaqla ictimai nəqliyyatda sıxlığın aradan qaldırılması üçün təkliflər var.
Onun sözlərinə görə, təkliflərdə yer alan qaydalar xarici ölkələrdə effektiv nəticə verib.
Cənab Bayramlı qeyd etmişdi ki, təkliflər qəbul olunarsa iş yerlərinə müraciət ediləcək.
Təkliflərə görə, işə gələnlər və işdən çıxanların 3 ayrı qrupa ayrılması nəzərdə tutulur.

Bütün ölkə məhdudlaşdırıla bilər
Əvvəlki brifinqdə Ramin Bayramlı həmçinin bildirmişdi ki, bu həftə məhdudiyyətlərin koronavirusa yoluxma sayının çox olduğu narıncı ərazilər üzrə tətbiqi gözlənilsə də, növbəti həftədən bu, bütün ölkəyə aid ola bilər.
Azərtacın məlumatına görə, cənab Bayramlı məhdudiyyətlərin epidemioloji vəziyyətdən asılı olaraq bəzi kəndlərdə də tətbiq olunacağını bildirib.
"Bir necə gündür ki, bəzi kəndlərə giriş-çıxış dayandırılıb. Hətta kəndlər içərisində bəzi yaşayış sahəsinə gediş-gəliş məhdudlaşdırılıb. Həmin kəndlərdə müayinənin nəticəsi pozitiv çıxan şəxslər xəstəxanalara yerləşdirilib, müayinənin nəticəsi neqativ çıxanlar isə karantin rejimində saxlanılır".
Azərbaycanda ilk koronavirusa yoluxma halı 28 fevralda qeydə alınıb.
Martın 24-dən qüvvədə olan xüsusi karantin rejimi iyunun 15-dək uzadılıb.
Nazirlər Kabineti mayın 4-dən etibarən xüsusi karantin rejimini bir qədər yumşaldıb.









