ÜST-ün nümayəndəsi: "Azərbaycanda koronavirusla bağlı seroloji test aparılacaq"

Şəklin mənbəyi, APA
Azərbaycanda koronavirusla bağlı qan testi aparılacaq. Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib.
Cümə günü keçirdiyi mətbuat konfransında Hande Harmancı bildirib ki, Azərbaycan hökuməti ən son və ən yeni testlər alır, laboratoriyaların sayı artır:
"Bu yaxınlarda seroloji (qan-red.) testlərdən istifadə edilərək əhali arasında çalışmalara başlanılacaq".
Hazırda koronavirus testi üçün burundan və ağız boşuğundan yaxma götürülür.
Hande Harmancının sözlərinə görə, sereloji testlərdən istifadə imkan verəcək ki, ölkə əhalisinin neçə faizinin bu xəstəliyi keçirdiyi aşkarlansın: "Nə qədər çox adam bu xəstəliyi keçirərsə, demək, cəmiyyətin yerdə qalanı daha qorunmuş olacaq".
Azərbaycanda indiyə kimi 3700-dən çox koronavirusa yoluxma qeydə alınıb. Onlardan 2300-dən çoxu sağalıb, 44 nəfər vəfat edib.
Hazırda 1300-dən çox şəxsin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Handə Harmanc vurğulayıb ki, Azərbaycanda karantin rejiminin yumşaldalması virusun yox olması mənasına gəlmir: "Hamı əl gigiyenasına, respirator gigiyenaya və fiziki məsafəyə əməl etməlidir ki, peyvəndə qədər özümüzü qoruyaq".
Onun sözlərinə görə, koronavirusun ikinci dalğasından qorxmaq lazım deyil, sadəcə, qaydalara əməl etmək lazımdır.
"Hazırda birinci böyük dalğadan qorunmuş vəziyyətdəyik. Yumşalmadan sonra virusa yoluxanların sayının artması görülən tədbirlərin əslində effektiv olduğunu göstərir. Dalğanın olub-olmadığını ancaq müəyyən zaman ərzində geriyə baxaraq, bu, yeni dalğadırmı, birincidən böyükdürmü, ikinci dalğadırmı baxaraq görə bilirik.
İndiyə kimi artım var, ona görə əhalinin fərdi olaraq görməli olduğu işlər dəyişməyib. Biz hazırda düzgün müalicə üsullarını və peyvəndi gözləyərkən yeni qaydalara öyrəşməliyik. Maskalar, əl gigiyenası, fiziki məsafə ən azı il sonuna qədər davam etməlidir," - ÜST nümayəndəsi bildirib.
Azərbycanda koronavirusa ilk yoluxma halı fevralın 28-də aşkar edilib. Ölkədə martın 24-dən tətbiq edilən karantin rejimi aprelin 27-dən yumşaldılıb. Bəzi şəhər və rayonlarda gediş-gəliş bərpa olunub, ancaq Bakı, Gəncə, Sumqayıt, Lənkəran şəhərləri və Abşeron rayonunda karantin mayın 31-nə qədər uzadılıb.
Mayın 18-dən isə, yaşayış yerini sms icazə, "icaze.e-gov.az" portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunub.

- BİLİRSİNİZMİ? - Koronavirus: Nə dərəcədə narahat olmalı?
- AZƏRBAYCANDA KORONAVİRUS- SON RƏQƏMLƏR
- DÜNYA XƏRİTƏSİ - Koronavirus - dünya üzrə rəqəmlər bu səhifədə canlı yenilənir
- QORUNMA YOLU - Koronavirus: Qorunmaq üçün nə etməli?
- COVID-19 VƏ MİFLƏR - Covid-19 və ibuprofen: koronavirusa qarşı dərmanlarla bağlı mif və həqiqətlər
- MASKALAR - Koronavirus: maskaları kim, harada və necə taxmalı?
- KORONAVİRUS VƏ ORUCLUQ -Ramazanda koronavirus tədbirləri: Ümumdünya Səhiyyə Təşkilatı nələri tövsiyə edir?










