AZAL təyyarə qəzası: "Hərtərəfli və praktiki addımlar atılacaq"

AZAL təyyarə qəzası
Oxuma vaxtı: 2 dəq

AZAL təyyarəsinin Rusiya səmasında vurulması ilə bağlı "yaxın vaxtlarda hərtərəfli və praktiki addımlar atılacaq".

Bu, Azərbaycan Prezidenti İlham Əliyevin martın 2-də Bakıda Rusiyanın Baş nazirinin müavini Aleksey Overçukla görüşündə razılaşdırılıb.

Azərtac-ın yaydığı xəbərdə konkret hansı addımların atılacağı açıqlanmasa da, rəsmi Bakı bundan əvvəl bəyan etmişdi ki, AZAL təyyarəsi ilə bağlı prosesin Rusiya Prezidenti Vladimir Putinin Düşənbədə verdiyi açıqlamalarına və üzrxahlığına uyğun başa çatdırılmasını gözləyir.

Putin Düşənbədə "belə hallarda, bu cür faciəli vəziyyətlərdə tələb olunduğu kimi, Rusiya tərəfindən kompensasiya üzrə hər şey"in ediləcəyi və "bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcə"yi vədini vermişdi.

Amma sonradan, ötən ilin sonu məlum oldu ki, Rusiya Azərbaycan təyyarəsinin vurulması ilə bağlı apardığı cinayət işinə xitam verib. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 26-də keçirdiyi mətbuat konfransında açıqladı.

Azərbaycan təyyarəsi 2024-cü ilin dekabrında Rusiya səmasında zərbə aldıqdan sonra Qazaxıstana uçmuş və orada qəzaya uğramışdı.

Nəticədə göyərtədə olan 67 nəfərdən 38-i öldü, 29-u yaralandı.

Bu hadisədən sonra Bakı və Moskva arasında münasibətlər pisləşdi.

Overçuk təşəkkür edib

İlham Əliyevin martın 3-də Aleksey Overçukla keçirdiyi görüşdə iqtisadiyyat, ticarət, investisiya, sənaye və nəqliyyat-logistika sahələrində qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi niyyəti də vurğulanıb, Azərtac xəbər verib.

Regionda nəqliyyat əlaqələrinin perspektivləri nəzərdən keçirilib. Tərəflər Beynəlxalq Şimal–Cənub Nəqliyyat Dəhlizinin (INSTC) irəlilədilməsinə sadiqliklərini bir daha təsdiqləyiblər.

Overçuk həmçinin davam edən hərbi gərginlik fonunda Rusiyanın vətəndaşlarının İrandan təxliyəsi üçün göstərilən operativ yardıma görə Azərbaycan tərəfinə təşəkkür edib.

Rusiya nümayəndə heyətinə həmçinin xarici işlər nazirinin müavini Mixail Qaluzin və Baş prokurorun müavini Pyotr Gorodov daxil olub.