Ceyhun Bayramov: Rusiyadan gələn "məktub təəccübləndirdi"
Rusiya Azərbaycan təyyarəsinin vurulması ilə bağlı apardığı cinayət işinə xitam verib. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 26-də keçirdiyi mətbuat konfransında bildirib.
Cənab nazir deyib ki, Rusiya İstintaq Komitəsindən aldıqları məktub Bakını çox təəccübləndirib.
Rəsmi Bakı oktyabrın 9-da Rusiya Prezidenti Vladimir Putinin Düşənbədə verdiyi açıqlamalarına və üzrxahlığına uyğun başa çatdırılmasını gözləyir, Ceyhun Bayramov bildirib.
Putin vəd vermişdi ki, kompensasiya ödəniləcək və hadisəyə məsul olan şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcək.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova dekabrın 25-də keçirdiyi brifinqdə deyib ki Moskva liderlər arasında Düşənbədə əldə edilən bütün razılaşmaları yerinə yetirəcək.
Qazaxıstanın Nəqliyyat Nazirliyi isə dekabrın 25-də təyyarə qəzasının istintaqı ilə bağlı aralıq hesabat yayıb. Bu hesabatda deyilir ki, təyyarənin zədələnməsi döyüş başlığının elementlərindən qaynaqlanıb, lakin onların mənşəyi müəyyən edilə bilməyib.



