Bayram Məmmədov və Qiyasəddin İbrahimov: "Qərar ədalətli və gözlənilən idi"

BBC

"Heykəl məhbusu" kimi tanınan Bayram Məmmədov Avropa İnsan Haqları Məhkəməsinin onlarla bağlı çıxardığı qərarı "ədalətli", Qiyasəddin İbrahimov isə "gözlənilən" adlandırıb.

AİHM Bayram Məmmədov və Qiyasəddin İbrahimova görə Azərbaycan hakimiyyətini 72 min avro cərimələyib.

Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsindəki (AİHM) daimi nümayəndəsi Çingiz Əsgərov BBC News Azərbaycancaya bildirib ki, məhkəmənin qərarı yenidir və təhlil etməyə vaxtı olmayıb.

AİHM Bayram Məmmədov və Qiyasəddin İbrahimovun 6 şikayətinə baxıb və hamısı üzrə qərar çıxarıb.

Hüquqşünas Xalid Ağaəliyev BBC News Azərbaycancaya bildirib ki, verilən qərar Məmmədov və İbrahimovun uzun müddətə azadlıqdan məhrum edilməsiylə bağlı deyil. Bu barədə hələ qərar verilməyib.

Bayram Məmmədov və Qiyasəddin İbrahimov 2016-cı ildə hər il mayın 10-da doğum günündə keçirilən Gül bayramından öncə Milli Bankın önündəki parkda yerləşən mərhum prezident Heydər Əliyevin abidəsinin ətrafına "Qul bayramınız mübarək" şüarları yazıldıqdan sonra həbs edilib.

Narkotik maddələrin dövriyyəsində ittiham edilmiş Bayram Məmmədov və Qiyasəddin İbrahimova 10 il həbs cəzası verilib.

Onlar 2019-cu ilin martında Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamından sonra azadlığa çıxıb.

Bayram Məmmədov: "Hələ də həbslər baş verir"

BBC News Azərbaycancaya danışan Bayram Məmmədov AİHM-in qərarını "düzgün" və "ədalətli" adlandırır.

Lakin o, bu qərarın Azərbaycan hakimiyyətinə nə qədər təsir edəcəyini sorğulayır.

"Bizdən əvvəl də siyasi motivlərlə həbs edilən şəxslərlə bağlı 18 maddə üzrə qərar çıxıb, amma Azərbaycan hakimiyyətinin insan hüquq və azaldıqları ilə bağlı mövqeyi dəyişməyib. Hələ də həbslər baş verir, insanların sərb toplaşma azadlığı pozulur. Bəlkə də təsir edə bilərdi, təəssüf olsun ki, Azərbaycan hakimiyyətin buna qarşı immuniteti yaranıb".

Qiyasəddin İbrahimov: Qərar "gözlənilən idi"

Qərarı "gözlənilən" adlandıran Qiyasəddin İbrahimov deyir ki, AİHM-in qərarı ilə "Azərbaycan hüquqi olaraq siyasi məhbus elan edilmiş adamların sayına görə Avropada "lider" ölkələrdən oldu".

"Mən bilmirəm bu indiki halda nə ölçüdə bu hakimiyyətə zərər vuracaq. Vuracaqsa çox gözəl, deməli üç ilə yaxın həbsdə keçirməklə bu siyasi rejimə qarşı nəsə etmiş olmuşam. Ancaq heç bir beynəlxalq hüququn, insanları öz azadlıqçı olmayan siyasi hakimiyyətlərindən qurtarmaqda böyük bir güc olmadığını qəbul etməliyik".

"Mənim siyasi hakimiyyətə qarşı çıxışım və buna görə həbs cəzası almağım mübarizə adına suda bir damcı olub ya yox bilmirəm. Olubsa çox yaxşı, çünki damcı daşı dələr. Əgər bu damcılar çoxlu və ardıcıl təkrarlansa", Qiyasəddin İbrahimov deyib.

Qərar hansı şikayətlərlə bağlıdır?

Avropa Məhkəməsi bütün altı şikayətdə iddia olunan hüquq pozuntularının demək olar ki, hamısını tanıyıb.

Şikayətlərin üçünü Bayram Məmmədovun vəkilləri, üçünü isə Qiyasəddin İbrahimovun vəkilləri göndərib.

AİHM-in qərarını "önəmli qərar" adlandıran cənab Ağaəliyev deyir ki, şikayətlər Məmmədov və İbrahimovun saxlanılması zamanı işgəncə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qalması, narkotik ittihamını etiraf etmələri üçün polisin onlarla qəddar rəftar etməsi daxildir.

Bundan başqa, şikayətlərdən biri də bu iddiaların daxili məhkəmələrdə mübahisələndirilsə də, dövlətin bunu araşdırmamasıdır, hüquqşünas bildirir.

"Gənclər iddia edib ki, onların azadlıq və toxunulmazlığı Avropa İnsan Hüquqları Konvensiyasında nəzərdə tutulan əsaslar olmadan müdaxilə edilib. Yəni bunun üçün ağlabatan şübhə olmayıb".

Bundan başqa, gənclərin ifadə azadlığının da məhdudlaşdırıldığı bildirilib.

"Çünki gənclərə qarşı məhkəmə qərarları, dövlət atdığı addımlar ifadə azadlığından qaynaqlanır. Hər iki gənc siyasi məzmunlu ifadələrinə görə, heykəl üzərində yazdıqları ifadəyə görə bu hüquq pozuntuları ilə üzləşiblər", Xalid Ağaəliyev deyib.

Həmçinin, Avropa İnsan Hüquqları Konvensiyasının 18-ci maddəsi üzrə də pozuntu da müəyyənləşdirilib.

Xalid Ağaəliyev izah edir ki, bu maddə dövlətin əlindəki səlahiyyətlərdən istifadə etməsi nəzərdə tutulur.

"Yəni məsələn, jurnalist yazısına görə yox, uydurma narkotik ittihamı ilə həbs edilir. Konvensiyanın bu maddəsi insanları belə yanaşmadan qoruyur. Gənclər hökumət əleyhinə qraffiti çəkiblər və buna görə də onların 18-ci maddə ilə təminat altına alınan hüquqlarına müdaxilə olunub", hüquqşünas deyir.

Beləliklə AİHM-in qərarına görə, Azərbaycan hökuməti gənclərə ümumilikdə 72 min avro təzminat ödəməlidir.

"Ərizəçilərin hər birinə 30 min avro, hüquqi xidmətlərinə görə 6 min avro ödənilməlidir", Xalid Ağaliyev deyir.

Azərbaycan hakimiyyəti ölkədə siyasi motivlərlə həbslərin olmadığını deyir.