Uhandan gətirilən azərbaycanlılar Ankarada xəstəxanaya yerləşdirilib

Azərbaycanlılar

Şəklin mənbəyi, Anadolu Agency/Getty Images

Şəklin alt yazısı, Çindən təxliyə olunanların azərbaycanlıların nəzarətdaə saxlandığı xəstəxana

Koronavirusun yayıldığı Çindən təxliyə edilən altı Azərbaycan vətəndaşı da daxil olmaqla 42 nəfər Türkiyədə xəstəxanaya yerləşdirilib.

Anadolu xəbər agentliyinin məlumatına görə, onlar 14 gün karantin müddətində Türkiyə paytaxtı Ankaradakı Zekai Tahir Burak xəstəxanasında saxlanılacaqlar.

Məlumata görə, xəstəxana bu müddət ərzində xəstə qəbul etməyəcək, ancaq Çindən təxliyə olunanlara xidmət göstərəcək.

Türkiyə rəsmiləri bildiriblər ki, xəstəxanada müşahidə olunan 42 nəfərin heç birində xəstəlik əlamətləri yoxdur. Hər üç gündən bir onlardan nümunələr götürüləcək.

Türkiyə Səhiyyə naziri Fahrettin Koca bildirib ki, xəstəxanada müşahidə olunanların hər biri fərdi otaqlarda qalacaq və onların istifadə etdikləri qida və ləvazimatlar birdəfəlik istifadə üçün nəzərdə tutulmuş məhsullar olacaq.

Plane

Şəklin mənbəyi, Anadolu Agency/Getty

Koronavirusun yayıldığı Çinin Uhan şəhərindən Türkiyə, Azərbaycan, Gürcüstan və Albaniya vətəndaşlarını təxliyə edən Türkiyə təyyarəsi Ankaraya şənbə günü gətirilib.

Türkiyə Silahlı qüvvələrinə (TSK) məxsus A400M Atlas təyyarəsinin göyərtəsində 42 sərnişin olub, Türkiyənin Anadolu xəbər agentliyi bildirib.

Məlumata əsasən, təxliyə olunanların bədən temperaturu da daxil, tibbi göstəriciləri normal olub.

Azərbaycan Xarici İşlər Nazirliyi də azərbaycanlıların iki həftəyə yaxın Türkiyədə karantində qalacağı barədə məlumat yayıb.

"Vətəndaşlarımız könüllü əsasda 2 həftəlik müddətdə Türkiyə ərazisində karantin vəziyyətində saxlanılacaqlar, daha sonra Azərbaycana qayıdacaqlar"- XİN-nin bəyanatında deyilib.

Rəsmi məlumatlara görə, hazırda Çində 500-ə yaxın tələbə oxuyur. Bildirilir ki, yanvarın 29-da Bakıya dörd tələbə gətirilib.

Ancaq bəzi iddialara görə, onları Azərbaycan hökuməti gətirməyib, şəxsi hesablarına gəliblər. Bunu BBC News Azərbaycancaya danışan və Çində yaşayan digər tələbələr deyib. Onların sözlərinə görə, Bakıya gələnlər Uhan şəhərindən daha əvvəl çıxanlardır.

Çində koronavirusdan azı 259 nəfər ölüb, 12 minə yaxın adam isə bu virusa yoluxub.

Lakin bəzi məlumatlara görə, həqiqi rəqəmlər rəsmi göstəriciləri üstələyə bilər. Riyazi modellərə əsaslanan hesablamalardan birinə əsasən, yalnız Çinin Uhan şəhərində yoluxma hallarının sayı 75 mindən artıq ola bilər.

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Ghebreyesus

Şəklin mənbəyi, Getty Images

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çindən yayılmağa başlayan yeni koronavirusun digər ölkələrə keçməsi ilə bağlı "səhiyyədə qlobal fövqəladə hal" elan edib.

ÜST bildirib ki, 18 ölkədə 98 yoluxma halı müəyyən edilsə də, ölüm qeydə alınmayıb. Bu ölkələrdə yoluxanların çoxu Çinin virusun yayılmağa başladığı Wuhan şəhərinə səyahət etmiş insanlardır.

Ümumdünya Səhiyyə Təşkilatı, "xəstəliyi digər ölkələrə yayma riski daşıyan fövqəladə bir hadisə olduqda" ictimai səhiyyədə beynəlxalq səviyyəli fövqəladə hal elan edir.

Bundan əvvəl beş belə fövqəladə hal elanı olmuşdu:

  • Donuz qripi, 2009 - H1N1 qripi 2009-cu ildə dünyada yayılaraq 200 mindən çox insanın ölümünə səbəb olmuşdu
  • Poliomielit, 2014 - Bu virusun 2012-ci ildə aradan qaldırılmasına yaxınlaşılsa da, yoluxanların sayı 2013-cü ildə artdı
  • Zika, 2016 - Ümumdünya Səhiyyə Təşkilatı virusun 2016-cı ildə Amerika ölkələri arasında sürətlə yayılmasından sonra ictimai səhiyyədə fövqəladə hal elan etmişdi
  • Ebola, 2014 və 2019 - Bu virusla bağlı ilk fövqəladə hal 2014-cü ilin avqust ayından 2016-cı ilin martınadək davam etmişdi. O zaman Qərbi Afrikada 30 minə yaxın insan virusa yoluxmuş, 11 min isə ölmüşdü. İkinci fövqəladə hal isə keçən il, virusun Konqo Demokratik Respublikasında yayılmasından sonra elan olunmuşdu.