Bakıda bir çinli tələbə infeksiya şübhəsi ilə həkimə müraciət edib

Aeroport

Yanvarın 12-dən 19-na qədər Çində olan çinli tələbə respirator infeksiya ilə Klinik Tibbi Mərkəzə müraciət edib, ondan alınan analizlər mənfi çıxıb.

Səhiyyə Nazirliyi bildirir ki, Bakıdakı universitetlərdən birində təhsil alan çinli tələbəyə dərhal lazımi yardım göstərilib.

"Xəstədən alınan analizlər laboratoriyaya göndərilib, nəticələr mənfidir", nazilrik bildirib.

Klinik Tibbi Mərkəzin baş həkimi Ədalət Dadaşovun verdiyi məlumata görə, xəstənin vəziyyəti yaxşıdır, yaxın günlərdə evə buraxılacaq.

Yanvarın 29-u gecəsi 4 azərbaycanlı tələbə Bakıya gətirilib, Səhiyyə Nazirliyi bildirib.

Nazirlik onların 14 gün müddətində karantində saxlanacağını bildirib.

Çində olan tələbələr BBC News Azərbaycancaya bildiriblər ki, Bakıya gələn tələbələr Wuhan şəhərindən daha əvvəl, 23 yanvardan əvvəl çıxanlardır.

Karantin şəhərində olan 7 azərbaycanlının hələ də təxliyə olunmağı gözlədiyi deyilir.

Qurum bildirib ki, tələbələrin digər insanlarla ünsiyyətdə olmaması üçün ölkəyə daxil olarkən Dövlət Sərhəd Xidməti və Gömrük Komitəsinin xüsusi ayırdığı keçiddən keçiblər.

Səhiyyə Nazirliyi bildirib ki, tələbələr qapalı tibb müəssisəsinə aparılıb.

"Onların valideynlərinə izah olunub ki, tələbələrdə hər hansı bir xəstəlik əlamətləri aşkar edilməyib. Tədbirlər ona görə görülür ki, Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun inkubasiya müddətini 14 gün təyin edib. Yəni, koronavirus 14 gün ərzində özünü biruzə verə bilər. Tələbələrin yerləşdirildiyi tibb müəssisəsində onlar üçün hər cür şərait yaradılıb. Bu barədə onların yaxınlarına da məlumat verilib ki, əgər 14 gün ərzində tələbələrin səhhətində hər hansı bir dəyişiklik olmasa, rahatca evlərinə yola salınacaqlar", - nazirlikdən bildirilib.

Səhiyyə Nazirliyi koronavirusla bağlı İşçi Qrupun yaradıldığını bildirib.

Onun sözlərinə görə, İşçi Qrupuna Xarici İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta Agentliyi və "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) kimi qurumların nümayəndələri daxildir.

Nazirlər Kabinetinin yanvarın 28-də koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi üçün keçirilən müşavirədə İşçi qrupun yaradılması ilə bağlı qərar qəbul olunmuşdu.

Cümə axşamı günü Türkiyənin aralarında azərbaycanlıların da olduğu bir qrup insanın Türkiyəyə təxliyəsi üçün Çinə təyyarə yollaması barədə xəbərlər yayılmışdı.

Anadolu Agentliyi bildirimişdi ki, Çinin Wuhan şəhərində qalan 34 türk, 7 gürcü, 1 azərbaycanlı və 1 alban Türkiyəyə aparılacaq.

Azərbaycanın Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı onlarda məlumatın olmadığını bildirib.

Wuhanda olan azərbaycanlı tələbələrdən biri bu xəbəri mediadan oxuduğunu deyir.

O, Azərbaycanın Çindəki Səfirliyinin onlarla əlaqə saxladığını da qeyd edir.

Bundan əvvəl, XİN və Təhsil Nazirliyi Çinin Wuhan şəhərindəki azərbaycanlıllarla bağlı Çin hökuməti ilə danışıqlar aparıldığını bildirib.

Çində 170-dən çox adamın ölümünə, 3500-dən çox adamın yoluxmasına səbəb olan koronavirus Wuhan şəhərindən yayılmağa başlamışdı.

Buna görə, Çin hökuməti şəhərdə karantin elan edərək ora gəliş-gedişləri qadağan edib.

Sözügedən dörd ölkə vətəndaşını Çindən çıxarmaq üçün Ankaranın "Etimesgut" Hərbi Hava limanından təcili yardım təyyarəsi yola düşəcək.

Təyyarə Türkiyənin Səhiyyə Nazirliyinin planlaşdırdığı təxliyə əməliyyatı çərçivəsində tibbi personal və avadanlıqların yüklənməsi başa çatdıqdan sonra səfərə başlayacaq.

Çindən geri qayıdan şəxslər tibbi personal və infeksionistlərin nəzarəti altında Türkiyəyə aparılacaq.

Bu məlumatı Çindəki azərbaycanlılar da eşidiblər. Sosial mediada yayılan məlumatlarda qarşıdakı günlərdə təxliyə edilməyi gözləyənlər olduğu deyilir.

Azərbaycanın təhsil naziri Ceyhun Bayramov hazırda Çində 500-ə yaxın azərbaycanlı tələbənin, koronavirusun yayıldığı bölgələrdə isə 7 tələbənin olduğunu açıqlamışdı.

BBC News Azərbaycanca Wuhan şəhərində olan azərbaycanlı tələbələrlə danışıb. Onların bir qismi ölkədən çıxa bildiyini, digər qismi isə, ərazini tərk etmə icazələrinin olmadığını bildirmişdi.