Çindən Azərbaycana hansı məhsulların idxalına məhdudiyyət qoyulub?

Şəklin mənbəyi, AZERTAG
Azərbaycana Çindən idxal olunan diri heyvan, heyvan mənşəli məhsullar və dəniz məhsullarının idxalına, eləcə də zoomağazalar və zooparklar üçün vəhşi heyvanların gətirilməsinə müvəqqəti məhdudiyyət qoyulub, Qida Təhlükəsizliyi Agentliyi bildirib.
Çində 100 nəfərdən çox adamın ölümünə, 4500-dən çoxunun isə yoluxmasına səbəb olan koronavirusun insana ilk növbədə heyvandan keçdiyi güman edilir.
Çin Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr sırasında 3-cü yerdədir.
Qida Təhlükəsizliyi Agentliyi bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının məsləhəti ilə koronavirus infeksiyası ilə bağlı xüsusi nəzarət tədbirlərini gücləndirib.
Agentliyin məlumatında deyilir ki, Çindən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı gömrük-sərhəd keçid məntəqələrində müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Çərşənbə axşamı günü Prezident İlham Əliyevin tapşırığına əsasən Nazirlər Kabinetində koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi üçün müşavirə keçirilib.
Müşavirədə xüsusi riskli hesab olunan və virusun keçə biləcəyi ərzaq məhsullarının siyahısının hazırlanması və ərzaq bazarında həmin məhsullara nəzarətin gücləndirilməsi qərara alınıb.
Bundan başqa, sərhəd-keçid məntəqələrində gücləndirilmiş iş rejiminə keçilməsi, Çindən gələn hər bir şəxsin mütləq şəkildə ciddi tibbi müayinədən keçirilməsi və nəzarət altına alınması, virus və onunla mübarizə metodları haqda əhali ilə maarifləndirmə işlərinin aparılmasına, İşçi qrupun yaradılması qərar verilib.

Şəklin mənbəyi, BBC
Azərbaycan rəsmiləri deyir ki, ölkədə "bu günədək koronavirus aşkar olunmayıb".
Çərşənbə günü Səhiyyə naziri Oqtay Şirəliyev koronavirusa qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə əmr imzalayıb.
İdxal edilən məhsullar təhlükəlidirmi?
Dövlət Statistika Komitəsinin keçən ilki hesabatında deyilir ki, Çin Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr sırasında 3-cü yerdədir. Azərbaycanın ümumi idxalının 10 faizindən çoxu bu ölkənin payına düşüb.
Hesabata görə, 2019-cu ildə Çindən Azərbaycana 1.5 milyard dollara yaxın məhsul idxal edilib.
Azərbaycan hökuməti Çindən müxtəlif növ məhsullar, o cümlədən avtomobil, cihaz, mexaniki avadanlıq, mebel, toxuculuq və plastik malların idxal edildiyini bildirib.
Sosial mediada bir sıra istifadəçilər internet vasitəsilə Çindən sifariş etdikləri məhsullardan imtina etdiklərini yazırlar. Onlar bunu koronavirusun yayılma təhlükəsilə izah edirlər.
Dövlət Gömrük Komitəsi bildirir ki, Azərbaycanda gömrük-sərhəd buraxılış məntəqələrində insan bədəninin hərarəti yoxlanılır, lakin ölkəyə daxil olan məhsullar yoxlamadan keçirilmir.
Qurumun sözçüsü Natiq Axundov söyləyib ki, məhsulların yoxlanılması üçün Səhiyyə Nazirliyindən onlara təlimat verilməlidir.
Respublikanın baş infeksionisti, Azərbaycan Tibb Universitetinin yoluxucu xəstəliklər kafedrasının dosenti Cəlal İsayev deyir ki, koronavirus idxal olunan məhsullarla "ölkəyə gətirilə bilməz".
BBC News Azərbaycancaya danışan mütəxəssis söyləyir ki, koronavirus infeksiyası xarici mühit təsirlərinə davamsızdır, ona görə də əşyalar vasitəsilə gətirilməsi mümkün deyil.
"Bu virus 37 dərəcə istilikdə 15 dəqiqə ərzində 56 dərəcədə isə ani olaraq tələf olurlar. Bu virus qida və heyvan məhsulları ilə yayıla bilər, lakin əşyalar vasitəsilə gətirilməsi mümkün deyil", o deyir.







