Azərbaycanlılar koronavirus ucbatından Çin şəhərini tərk edə bilmir

Şəklin mənbəyi, AFP
Azərbaycanlı tələbələrin bir qismi artıq Çini tərk edib, virusun yayılmağa başladığı Wuhan şəhəri karantində olduğuna görə orada olan 7 tələbə isə şəhəri tərk edə bilmir, - bunu Çində təhsil alandan sonra orda işləmiş və yenicə Bakıya qayıdan Elmar Ağazadə deyib.
Çində 80 nəfərdən çox insanın ölümünə, 3 minə yaxın adamın virusa yoluxmasına səbəb olan koronavirus infeksiyası bir çoxlarını təşvişə salıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən BBC News Azərbaycancaya bildirilib ki, "Çinin Wuhan şəhərində təhsil alan və karantinə görə şəhəri tərk etməyə icazə verilməyən 7 azərbaycanlı tələbə ilə bağlı Çin hökumətiylə danışıqlar aparılır".
BBC News Azərbaycancaya müsahibəsində Elmar Ağazadə deyib ki, Çində olan azərbaycanlı tələbələrin bəziləri təşviş və qorxu içindədirlər, lakin əksəriyyəti "sakit-sakit yeni xəbərləri gözləyirlər".
Onun sözlərinə görə, Çin hökuməti hələ heç kimin Wuhan şəhərindən çıxışına icazə vermir.
Virusun yayılmağa başladığı Hubei bölgəsinin paytaxtı Wuhan şəhəri blokadaya alınıb və bir neçə digər şəhərdə səyahət qadağaları tətbiq edilib.

"Şəhəri gizlicə tərk etmək istəyən Mərakeş vətəndaşları polislər tərəfindən saxlanılıb. Azərbaycanın Çindəki səfirliyi də Wuhan şəhərində olan 7 nəfərlə mütəmadi əlaqə saxlayır və onların ordan çıxarılması üçün çalışır,"- deyə Elmar Ağazadə əlavə edir ki, Çində vəziyyət kritik olaraq qalır və dövlət hələ ki, vəziyyəti nəzarətdə saxlaya bilmir.
"Bir çox şəhər karantindədir. Böyük şəhərlərdə ticarət mərkəzləri qapanıb, bəzi universitetlərə, bazarlara, ictimai yerlərə giriş qadağan olunub. Bəzi şəhərlərdə hətta vağzallar da bağlıdır, təkcə hava limanları fəaliyyət göstərir. Amma deyirlər, onlar da bağlana bilər," - o söyləyir.
Elmar Ağazadə deyir ki, o, Bakıya Şanxay - İstanbul - Bakı təyyarə reysi ilə gəlib. Bakı və İstanbul hava limanlarında hərarət kameraları ilə, Şanxayda isə daha dərin yoxlamalardan keçdiklərini söyləyir.

Şəklin mənbəyi, BBC
Onun sözlərinə görə, Şanxay hava limanında hər kəs termal kameralar olan bölümdən keçirdi, ən xırda risk daşıyan insan dərhal digər bölümə çağırılır, nəfəs və ya tüpürcək kimi əlavə yoxlanışlardan keçirdilər.
"İstanbul hava limanında hərarət kameraları və başqa bir aparat var idi, nə olduğunu bilmirəm. Bakıda isə hərarət kameralarından başqa bir şey yox idi".
Elmar Ağazadə Çinə qayıdıb-qayıtmayacağını hələ ki, bilmir, hadisələrin gedişatını izlədiyini söyləyir.

Azərbaycanın təhsil naziri Ceyhun Bayramov hazırda Çində 500-ə yaxın azərbaycanlı tələbənin olduğunu açıqlayıb.
Nazir Çində dövlət xətti ilə 62 tələbənin təhsil aldığını, koronavirusun yayıldığı bölgələrdə isə 7 tələbənin olduğunu söyləyib.
Təhsil naziri bildirib ki, onlar Xarici İşlər Nazirliyi və Azərbaycanın Çindəki səfirliyi ilə daima əlaqə saxlayırlar.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva BBC News Azərbaycancaya bildirib ki, "Çinin Wuhan şəhərində olan və karantinə görə şəhəri tərk etməyə icazə verilməyən 7 nəfər azərbaycanlı tələbə ilə bağlı Çin hökuməti ilə danışıqlar aparılır".
"Azərbaycanın Çindəki səfirliyi virusun yayıldığı ilk gündən məsələyə nəzarət edir. Çinin Wuhan şəhərində olan tələbələrimizlə bağlı da Çin hökuməti ilə müzakirələr aparılır. Səfirliyimiz Çində müvəqqəti yaşayan azərbaycanlılar və tələbələrlə davamlı təmas halındadır," - XİN mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.
Rəsmilər Azərbaycanda koronavirusun qeydə alınmadığını, virusun müəyyənləşdirilməsi istiqamətində tədbirlər görüldüyünü deyir.
Dövlət Gömrük Komitəsi bildirib ki, Azərbaycanda gömrük-sərhəd buraxılış məntəqələrində insan bədəninin hərarəti yoxlanılır.







