Yeni koronavirusa yoluxanların sayı "iki dəfə artıb"

Şəklin mənbəyi, AFP
Çində yeni koronavirusdan ölənlərin sayı 106 nəfərə çatıb. Çin hökuməti bildirir ki, yeni yoluxma halları, demək olar ki, iki dəfə artıb.
Çində təsdiqlənmiş yoluxma hallarının sayı 27 yanvar tarixi üçün 4515-ə çatıb. Bir gün əvvəl isə bu rəqəm 2355 idi.
Bununla yanaşı, ölkə virusun yayılmasının qarşısını almaq üçün səyahət məhdudiyyətlərini daha da sərtləşdirib.
Koronavirus şiddətli, kəskin respirator infeksiyaya səbəb olur və onun xüsusi bir müalicəsi və ya peyvəndi yoxdur.
Türkiyədə 12 nəfər də koronavirüs şübhəsi ilə xəstəxanaya aparılıb, lakin onlarda virus aşkarlanmayıb.

Aksaray şəhərində Çindən gələn 10 turist, bir sürücü və bələdçi müşahidə altında saxlanılırlar.
Səhiyyə naziri Fahrettin Koca isə deyib ki, "indiyə qədər qəti koronavirus diaqnozu qoyulmuş xəstəmiz yoxdur".

Çində baş verən 106 ölüm hadisəsindən 100-ü Hubei əyalətindədir. Burada yoluxma hallarının sayı 2714-ə çatıb.
Ölkədə virusun yayılmasının qarşısını almaq məqsədilə Çin Yeni ili bayramı üç gün uzadılıb.
Bazar ertəsi günü Çinin hökumət başçısı Li Keqiang virusun yayıldığı Hubei bölgəsinin paytaxtı Wuhan şəhərinə gedib.
Virusun yayılmasının mərkəzi hesab edilən 11 milyon insanın yaşadığı Wuhan şəhərinə səyahət ciddi şəkildə məhdudlaşdırılıb.

Wuhan şəhəri blokadaya alınıb, yollarda vacib olmayan nəqliyyat vasitələrinin hərəkətinə qadağa qoyulub.
Ümumdünya Səhiyyə Təşkilatı və yerli səlahiyyətlilərə görə, Çindən kənarda bu virusa yoluxma ilə bağlı təsdiqlənmiş azı 47 hal qeydə alınıb.
Son təsdiq edilmiş hal Almaniyanın Bavariya vilayətindədir. Avropada bu günə qədər yalnız 4 hal qeydə alınıb.

Ölənlərin çoxu yaşlılar və ya əvvəlcədən respirator problemləri olan adamlar olub.
Çində vəziyyət necədir?
Çinin dörd əsas şəhərlərində - Pekin, Şanxay, Xian və Tianjin şəhərlərində Yeni il şənliklərinin miqyası azaldılıb, avtobusla uzun yol səyahətləri qadağan olunub.
Çində həmçinin Böyük Çin səddinin bir hissəsi də turistlərə qapadılıb.
Bir neçə şəhərlərdə ictimai yerlərdə üz maskası taxmaq məcburi qayda kimi qoyulub.
Honq Konq və Şanxayda Disney parklar bağlanılıb.
11 yoluxma halının qeydə alındığı Honq Konqda şəhər boyu fövqəladə hal elan olunub, məktəblər isə fevralın 17-dək bağlanıb.

Beynəlxalq vəziyyət necədir?
Dünya Səhiyyə Təşkilatı və yerli hökumətlərin məlumatlarına görə, Çindən kənarda koronavirusa yoluxma hallarının sayı 42-dir. Bu hallar aşağı kimidir:
Tailand: 8
Avstraliya, Sinqapur, Tayvan: 5
Malayziya, Cənubi Koreya, Yaponiya: 4
Fransa: 3
Vyetnam: 2
Nepal, Kanada, Kamboca, Şri Lanka, Almaniya: 1
Virusa yoluxanların demək olar ki, hamısı bu yaxınlarda Wuhan şəhərinə səyahət edənlərdir.







