Ağciyər Xəstəlikləri İnstitutunda iki nəfər ölüb

Şəklin mənbəyi, APA
Cümə axşamı günü Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonologiya şöbəsinə yanvar ayında daxil olmuş "2 xəstənin ölümünün heç bir virusla bağlılığı yoxdur", Baş infeksionist Cəlal İsayev bildirib.
BBC News Azərbaycancaya məlumat verən Cəlal İsayev institutda baş verən ölümləri əsasən xəstələnmiş şəxslərin "vəziyyət ağırlaşdıqdan sonra" xəstəxanaya getmələri ilə izah edib.
"Bu gün dünyasını dəyişmiş xəstələrdən biri keçmiş vərəm xəstəsi olub, bronxial astması olub, tənəffüs yollarının tutulması olub, yəni tənəffüs çatışmamazlığı inkişaf edib, xəstə tələf olub. Bu, adətən, yaşlı adamlarda müşahidə olunan vəziyyətdir. Digər xəstə isə sətəlcəmdən dünyasını dəyişib. Nə mənşəli sətəlcəm olmasını isə deyə bilmərəm", - cənab İsayev deyib.
Cümə axşamı günü Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi BBC News Azərbaycancaya Ağciyər Xəstəlikləri İnstitutunda iki nəfərin ölümü ilə bağlı məlumat verib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda baş vermiş xəstə tələfatının koronavirusla heç bir əlaqəsinin olmadığını bildirib.






