Çinin Uhan şəhərində karantində olan azərbaycanlı tələbə təxliyə barədə: "Gözləyirik"

Uhan, Çin

Şəklin mənbəyi, Getty Images

"Doğmalarımı, dostlarımı və təmasda ola biləcəyim digər şəxsləri yoluxdurmamaq üçün hazırda Azərbaycana qayıtmaq niyyətində deyiləm".

Bu sözləri Çinin Uhan şəhərində olduğunu deyən bir azərbaycanlı tələbə BBC News Azərbaycancaya yazılı müsahibəsində bildirib. O, təhlükəsizlik səbəblərindən ad və soyadını açıqlamayıb.

Ötən ilin dekabr ayında Çinin Uhan şəhərində naməlum mənşəli sətəlcəmin törədicisi kimi yeni koronavirus aşkar edilib. Hazırda Çində bu virusa yoluxmuş 132 nəfər ölüb, 6000-ə yaxın yoluxma halı qeydə alınıb.

line

Həmçinin izləyin:

BBC News Azərbaycanca Uhan şəhərində təhsil alan başqa bir tələbə - Aqil Əliyevlə də müsahibə edib. O, Uhan şəhərindən gəldiyi üçün hazırda paytaxt Pekin şəhərində bir otel otağında qalmağa məcbur edilməsi barədə danışıb:

line

Uhan şəhərində vəziyyət necədir?

Tələbə bildirib ki, olduğu şəhərdə yanvarın 23-dən yerli vaxtla 10:00-dan etibarən karantin elan olunub və bu vaxtadək bəzi azərbaycanlılar şəhəri tərk edib.

Lakin hazırda orada azı yeddi Azərbaycan vətəndaşı qalıb, onlardan dördünün tələbə olduğu deyilir.

Şəhərə giriş-çıxış bağlı və ictimai nəqliyyatın çalışmadığını deyən müsahibimiz şəhərdaxili rayonların təcrid olunduğunu deyib.

"Hazırda evlərdə və yataqxanalarda qalmaq tövsiyə edilir, bayıra çıxanda isə maskalardan istifadə məcburidir. İstifadə edilmədiyi təqdirdə müvafiq cəza tədbirlərinin görülməsi mümkündür. Virus yayılmasının qarşısını almaq üçün müxtəlif növdə maskalar satışda mövcuddur, lakin müəyyən yerlərdə qıtlıq müşahidə olunur."

koronavirusun əlamətləri

Onun sözlərinə görə, hazırda şəhərdə xəstələr üçün iki xəstəxana tikilir.

Qidalanma və mağazalar

Tələbə deyir ki, qaldığı kampusda iki yeməkxana fəaliyyətini davam etdirdiyindən qidalanma ilə bağlı problem görmür.

"Bəzi marketlər hər gün qısa iş rejimində çalışır" deyən müsahibimiz universitetin tələbələrə şəhərdə hansı marketlərin işlədiyi barədə məlumat göndərdiyini qeyd edir.

xəritə

Təxliyə mümkündürmü?

O bildirir ki, şəhəri tərk etmək üçün yerli hakimiyyətin icazəsi lazımdır.

"Hazırda Çində təhsil alan tələbələrin və digər şəxslərin mümkün qısa müddətdə təxliyə olunmasını gözləyirik", deyən tələbə Azərbaycanın Çindəki Səfirliyi və Təhsil Nazirliyinin onlarla əlaqə saxladığını qeyd edir.

"Onu da qeyd edim ki, doğmalarımı, dostlarımı və təmasda ola biləcəyim digər şəxsləri yoluxdurmamaq üçün hazırda Azərbaycana qayıtmaq niyyətində deyiləm. Lakin, şəhəri və ölkəni tərk etmək istəyən şəxslər var", o əlavə edir.

Gənc onu da qeyd edib ki, sosial şəbəkələrdə Uhan və Çində olan "həmvətənlərin ölkəyə buraxılmaması barədə bəzi şərhləri və statusları anlayışla qəbul edir" və o, bunu "səhiyyəyə olan etibarın çox aşağı səviyyədə olması" ilə əlaqəndirir.

Koronavirusla bağlı Azərbaycanda hansı işlər görülür?

Çin koronavirusu

Çərşənbə axşamı günü Səhiyyə naziri Oqtay Şirəliyev bu xəstəliyə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə əmr imzalayıb və Səhiyyə Nazirliyi saytında xəstəlikdən qorunmaq üçün tövsiyələr paylaşıb.

Bazar ertəsi günü isə Nazirlər Kabineti koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi üçün müşavirə keçirilib. Bundan əvvəl prezident İlham Əliyevin bu barədə tapşırıq verdiyi qeyd edilir.

Həmin iclasda Azərbaycanda hazırda belə xəstəliyə yoluxma halları müşahidə olunmadığı bildirilib.

Azərbaycanın Xarici İşlər Nazirliyi bundan əvvəl BBC News Azərbaycancaya bildirib ki, Uhan şəhərindəki 7 azərbaycanlı tələbə ilə bağlı Çin hökumətiylə danışıqlar aparılır.