Milli Məclis gələn ilin büdcəsini qəbul edib

Şəklin mənbəyi, Getty Images
Milli Məclisin cümə günü keçirilən iclasında 2020-ci ilin büdcəsini qəbul edib.
Gələn ilin dövlət büdcəsinin gəlirləri 24.134.5 milyon manat, xərcləri isə 26.894.7 milyon manat məbləğində proqnozlaşdırılır.
Parlamentin spikeri Oqtay Əsədov bildirib ki, dekabrın 2-də keçiriləcək plenar iclasın gündəliyində bir məsələ - hakim partiyanı təmsil edən deputatların Milli Məclisin buraxılması ilə bağlı Prezidentə müraciətinin müzakirəsi var.
Cümə axşamı günü parlamentdə üstünlük təşkil edən Yeni Azərbaycan Partiyasından olan deputatlar Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış ediblər.
Bu gün Parlament, ümumilikdə, 22 məsələyə baxmalıdır. Onların arasında İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) seçilməsi, Vergi Məcəlləsi, tibbi sığorta və digər məsələlər var.
Parlament üzvləri Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini Səbinə Əliyevanı Azərbaycanın yeni İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçiblər.
2020-ci il üçün ehtiyac meyarı və yaşayış minimumunun məbləği də bəlli olub.
Layihəyə əsasən, gələn il üçün ehtiyac meyarının həddi 160 manat, yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat və uşaqlar üçün 170 manat məbləğində müəyyən edilib.










