Parlamentin buraxılması Mehriban Əliyevanın prezidentliyə yolunun başlanğıcıdırmı?

Mehriban Əliyeva

Şəklin mənbəyi, NurPhoto/Getty

Şəklin alt yazısı, Mehriban Əliyevanın prezident seçkilərində iştirak edə biləcəyi müzakirə olunur
    • Müəllif, Redaksiya
    • Vəzifə, BBC News Azərbaycanca

Azərbaycan parlamentində çoxluğu təşkil edən Yeni Azərbaycan Partiyası Milli Məclisin buraxılmasını istəyir.

2016-cı ildə ölkədə keçirilmiş referendumdan sonra, Konstitusiyaya görə, parlamentin buraxılaraq yeni seçkilərin keçirilməsi lazım idi. Ancaq bu baş vermədi - təhlilçilər bunu fərqli arqumentlərlə izah edirlər.

Onlardan biri də, elə həmin referendumla yaradılan vitse-prezidentlik postuna təyin olunmuş Birinci Ledi Mehriban Əliyevanın prezident kimi hakimiyyətə gəlməsi ssenarisilə bağlıdır.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu hesab edir ki, Mehriban Əliyevanın Rusiya səfərindən sonra belə bir qərarın verilməsi təsadüfi deyil.

Onun fikrincə, Rusiyadan Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsinə "xeyir-dua alınıb".

"Yəqin bundan bir qədər sonra növbədənkənar prezident seçkiləri keçiriləcək və Mehriban Əliyevanın prezidentliyə gətirilməsi məsələsi həll olunacaq", o BBC News Azərbaycancaya deyib.

Siyasətçinin fikrincə, "çox güman ki, parlamentin tərkibi fundamental şəkildə dəyişəcək, indi parlamentdə olan insanların da bir qrupu ora düşməyəcək".

O, parlamentin buraxılması qərarını gecikdirilmiş sayır və bunu, parlamentdə hazırda təmsil olunan deputatları "razı salmaq" niyyətilə izah edir. " Bunların xətirləri qalmasın deyə, bir növ incik düşməsinlər deyə, millət vəkili mandatından daha çox istifadə etsinlər deyə [qərar] gecikdirilmişdi".

Sərdar Cəlaloğlu iddia edir ki, parlamentdə səslər "klanlara görə paylanıb".

"Bəzi klanlar sonradan çıxarıldı - məsələn, Ziya Məmmədov. Bəzi klanlar var ki, hakimiyyətin əl dəyişməsinə problem yarada bilər. Onları nəzərdə tuturam ki, onlar parlamentdə yer ala biməyəcək", o əlavə edir.

Hakimiyyətin ötürülməsi

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin fikrincə, növbədənkənar parlament seçkiləri təklifi prezidentlik vəzifəsinin hakim ailənin "bir üzvündən digər üzvünə ötürülməsi" niyyətilə bağlıdır.

"İslahatlardan daha çox cəmiyyətdə hakimiyyətin ailənin bir üzvündən digər üzvünə verilməsi məsələsi gündəmdədir. Bu onunla da bağlı ola bilər", o deyir.

"Seçki islahatı aparılmadan, Seçki Komissiyasının tərkibi dəyişmədən, proporsional sistem bərpa olunmadan - bunun üçün konstitusiya dəyişikliyi və referendum tələb olunur - bunlar olmadan qəflətən belə bir seçkiyə gediləcəksə, bunun nəticəsində yaranacaq yeni parlamentin əksinə, qeyri-stabillik faktoru olacağını ehtimal edirəm", siyasətçi bildirir.

O hesab edir ki, parlamentin buraxılması qərarı çoxdan gözlənirdi. "İndiki parlamentin fəaliyyət qabiliyyəti yoxdur. Xeyli yaşlı adam var, müxtəlif vəzifələrə təyin olunan deputatlar var, skandallar var, gündəmi də dəyişmək problemi hal hazırda. Azərbaycanın iqtidar düşərgəsində olmayan siyasilər də vəziyyədən çıxış yolunu növbədənkənar seçkilərdə görürlər".

"Şəxsən mənim və həmfikirlərimin qənaətincə, ciddi seçki islahatı aparılamsa, bu seçkidə iştirak hadisələrə təsir edən siyasi müxalifətin mütləq əksəriyyəti üçün problemli bir məsələdir və böyük bir ehtimalla böyük bir əksəriyyət dediyimiz bu seçki islahatı olmadan keçiriləcək seçkilərdə iştirak etməyəcək", Pənah Hüseyn bəyan edib.

Ancaq YAP növbədənkənar parlament seçkilərinin Mehriban Əliyevanın prezidentlik yolunun açılması üçün vasitə olması iddiaları ilə razılaşmır. "Bu gün o məsələ gündəlikdə yoxdur və hesab etmirəm ki, sabah da olacaq", - YAP-dan olan millət vəkili Aydın Mirzəzadə BBC News Azərbaycancaya deyib.

Mehriban Əliyevanın ötən həftə Rusiyaya səfəri ilə növbədənkənar parlament sçkilərinin əlaqələndirilməsi iddialarına cavabında isə millət vəkili deyib ki, "bunların bir-birinə bağlılığı yoxdur".

"Hansısa bir qərar qəbul ediləndə onun hansısa hadisə ilə bağlamağa çalışırlar. Bir qədər qeyri-adi görünər ki, ölkəmizin yüksək rütbəli şəxslərindən birinin xaricə səfəri ilə növbədənkənar seçkilər keçirilmə təşəbbüsü irəli sürülüb. Bunların əlaqəsi yoxdur", Aydın Mirzəzadə deyib.

"Bu qərara hazır idik"

REAL-ın sədri İlqar Məmmədov parlamentin mümkün buraxılması xəbəri haqqında deyib ki, "biz bu qərara hazır idik və hər kəsi bu müddətdə hazırlaşmağa çağırırdıq".

"Parlament seçkiləri Azərbaycanda mühüm bir mərhələdir. Biz bu seçkilərdə mütləq iştirak edəcəyik və bütün siyasi partiyaları iştirak etməyə çağırırq", - İlqar Məmmədov deyib.

REAL sədri İlqar Məmmədov onu da bildirib ki, hakimiyyətin bu addımın hansı zərurətdən atmasını təhlil etməyəcək.

REAL-ın ofisində keçirdiyi brifinqdə İlqar Məmmədov deyib ki, partiyasının hazırda seçkidə iştirak üçün 80-90 namizədi var.

İlqar Məmədov erkən parlament seçkilərini Azərbaycanda "tarixi məqam" adlandırıb.

"Biz xalqı inandıracağıq ki, bu seçki vacibdir və səsləri kimin sayması önəmli deyil. Lazım olarsa biz çıxıb səslərimizi meydanlarda qoruyacağıq", - İlqar Məmmədov bildirib.

Mehriban Əliyeva parlamentdə

Şəklin mənbəyi, President.az

"Bir klanın əlinə keçməsinə hazırlıq gedirdi"

AXCP sədri Əli Kərimlinin sözlərinə görə, hakimiyyətdə buna "hazırlıq çoxdan" gedirdi. "Hiss olunurdu ki, hakimiyyət iki klan sistemindən bir klan sisteminə keçməyə hazırlaşır, yəni hakimiyyət daxilində bütün resursların, bütün səlahiyyətlərin artıq bir klanın əlinə keçməsinə hazırlıq görülürdü".

AXCP və Milli Şuranın seçkilərdə iştirakı ilə bağlı Əli Kərimli bu barədə qərarın hələ ki, olmadığını və "heç kimin mövqeyinə təsir etmək istəmədiyi" üçün öz mövqeyini açıqlamayacağını deyib. O, bununla bağlı müzakirələrdən sonra qərar veriləcəyini bildirib.

"Təqribən güman edirəm ki, bizim bu strukturlardan hansı qərarlar çıxa bilər. Ətraflı müzakirə imkanı yaradılacaq . Birinci cavabını verməli olduğumuz sual bu olacaq: Bu şəraitdə seçkilərə qatılmağa dəyər, yoxsa yox? Seçkilər boykot olunmalıdırmı, yoxsa, iştirak olunmalıdır? İkinci sual isə budur: seçkidə iştirak olsa necə, boykot olsa necə?".

"Hakimiyyət üçün yeni fikirdi"

Siyasi şərhçi Rəşad Şirin BBC News Azərbaycancaya deyib ki, parlamentin yenilənməsi xəbəri həm iqtidar, həm də müxalifət dairələrində bir müddətdir gedir.

"Parlament buraxılmır, növbədənkənar seçkiyə hazırlıq gedir. Yəqin ki, hazırda parlament öz işini davam etdirəcək. Bunlar sabahkı qərardan asılı olacaq", Rəşad Şirin deyib.

Şərhçi hesab edir ki, Azərbaycanda hakimiyyətdə parlamentin öz funkisyasını yerinə yetirməməsi və ya reformalara dəstək verməməsi barədə ritorika olmayıb.

"Bu fikir iqtidar üçün yeni bir fikirdir. Belə ritorika olsaydı parlamenti tənqid edilmiş olardı, onun funksinallığının az olduğunu vurğulanardı və daha fərqli bir parlament görmək istənilərdi, amma bunlar olmayıb", Rəşad Şirin deyib.

Cənab Şirin bildirib ki, ola bilsin bu qərar idarəetmədə dəyişiklər planı ilə bağlıdır və parlamentin də bu prosessdə faydalı olacağı düşünülür.

Onun fikrincə, hakimiyyət yeni bir parlament görmək istəyir: "Amma bu, hansı şəkildə olacaq, onu indidən demək tezdir".

Yenidən təşkil olunması gözlənən parlamentdə müxalifətin yer alması ilə bağlı suala cavabında Rəşad Şirin deyib ki, Azərbaycan kimi ölkələrdə bunu proqnozlaşdırmaq asan deyil.

O, hesab edir ki, cəmiyyət və dövlət dəyişiklərə daha çox həssasdır.

"Partiyalar və digər təşkilatlar da aktivləşə bilər. Bu seçkilər mobilizasiya, aktivlik yaradacaq. Nəticələrini isə demək çətindir", Rəşad Şirin bildirib.

"Görünür, hakimyyət daxilində böhranlı vəziyyət var"

Seçki məsələləri üzrə şərhçi Anar Məmmədli hesab edir ki, erkən parlament seçkilərinə cəmiyyətin ehtiyacı olduğu görünmür.

O, bildirib ki, bu, yalnız hakimiyyətdaxili səbəblərlə bağlı verilmiş qərardır.

"Faktiki olaraq ölkədə problemlər var, amma bu seçkilərin erkən keçirilməsinə səbəb kimi görünmür. Görünür, hakimyyət daxilində böhranlı vəziyyət var və böhranlı vəziyyət olmasaydı hakimiyyət bu addımı atmazdı", Anar Məmmədli deyib.

"Hüquqi baxımdan yanaşsaq konstutusiyada parlamentin buraxılması ilə bağlı hər şey göstərilib və hazırda ona uyğunsuz gələn hal yoxdur. Milli Məclisin buraxılması üçün icraedici hakimiyyətlə parlament arasında heç bir münaqişə və anlaşılmazlıq yoxdur", Anar Məmmədli besab edir.

O deyib ki, Konstusiyanın irəli sürdüyü müddəalara əsaslanası olunsa, parlamentlə prezident arasında hansısa qarşıdurma olmalıdır, prezidentin fərmanları icra olunmamalıdır, yaxud da göstərdiyi qanunvericilik təşəbbüsləri yerinə yetirilməməlidir, belə hala isə rast gəlinməyib.

Anar Məmmədli belə bir halın olması ehtimalını desə də açıq surətdə onun cəmiyyətə məlum olmadığını bildirib.