Deputatlar ezamiyyətə "biznes-klas"da uçmalıdırlarmı?

Airbus A380 təyyarəsində birinci və biznes sinfi.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Airbus A380 təyyarəsində birinci və biznes sinfi.
    • Müəllif, Elnarə Məmmədova
    • Vəzifə, BBC Azərbaycanca, Bakı

Millət vəkillərinin (MV) biznes sinifdə uçmasından imtina etməsi ilə dövlət büdcəsində ezamiyyə xərclərini azı 2.5 dəfə azaltmaq mümkündür, iqtisadçılar deyir.

“Məsafə və uçus saatından asılı olaraq ekonomla biznes sinif uçuşları arasında qiymət fərqi 3 dəfəyə yaxındır və burda on milyonlarla manatdan söhbət gedir”, iqtisadi təhlilçi Vüqar Bayramov belə hesab edir.

2016-cı ildə Milli Məclis və onun aparatının saxlanması üçün büdcədən 22 milyon 694 min 934 manat ayrılıb. Parlamentin cari ildəki ezamiyyə xərcləri 1 milyon 110 min manat təşkil edir.

Bəzi MV-lər bunu “ciddi müzakirələrə ehtiyacı olmayan məsələ” kimi qəbul edərək qənaəti başqa sahələrdə axtarmağı üstün tutur.

Sabiq millət vəkili isə düşünür ki, millət vəkilləri “seçilmiş adamdır” və bu üstünlükdən istifadə etməlidir.

"Diskriminasiya"

Parlament üzvlərinin 5 il müddətinə seçilməsini nəzərə alaraq iqtisadçı Vüqar Bayramlının apardığı hesablamalara görə, bu illər ərzində millət vəkillərinin ekonom sinfində uçması büdcəyə miyon manatlarla qənaət edəcək.

"Azərbaycan Dövlət büdcəsinin qənaət paketlərinə səs verən deputatlar eyni zamanda vergi ödəyicilərinin pulu hesabına uçuşlarda biznes klasdan istifadə etmələrinin qadağan edilməsini də dəstəkləməlidirlər", Vüqar Bayramlı deyir.

İqtisadçı düşünür ki, seçiçilərin vergi ödənişi sayəsində formalaşan büdcədən istifadə edərək onlardan ayrı, biznes sinfində uçmaq "diskriminativ xarakter daşıyır."

MDB ölkələrinin əksəriyyətində MV-lərin biznes sinfində uçma təcrübəsinin olmadığını deyən təhlilçi fikirləşir ki, Azərbaycan parlament sədri və nazirlər bu siyahıda istisnalıq təşkil edə bilər.

"Qırğızıstan parlament sədri belə ekonom sinfində uçur. Onlarda aparat rəhbərləri, nazir müavinlərinin biznesdə uçma təcrübəsi yoxdur", təhlilçi Azərbaycanın millət vəkillərinin dövlət büdcəsi hesabına biznes sinifdə uçan nadir ölkələrdən biri olduğunu vurğulayır.

"Niyə də olmasın"

MDB-ni "süni bir qurum" adlandıran millət vəkili Asim Mollazadə deyir ki, onların təcrübəsi Azərbaycan üçün vacib deyil.

"Azərbaycan ilk növbədə Avropa və dünya təcrübəsini öyrənib bəhrələnməlidir", deyən MV-ə görə dövlət nümayəndələrinin biznes sinfində uçması "xırda məsələdir" və ciddi müzakirələrə ehtiyac yoxdur.

Bu yolla edilə biləcək qənaətin "çox xırda" olacağını düşünən cənab Mollazadə "zəruri olacağı halda" parlament və bir sıra dövlət nümayəndələrinin ekonom sinfində uçmasının dövlət büdcəsinin qənaəti məsləsinə daxil ola biləcəyini istisna etmir.

Sonuncu dəfə ötən ilin sonları xarici ezamiyyətə yollanan millət vəkili "qəbul olunmuş qərarla" Avropa və ABŞ-a biznes sinfində uçub.

Növbəti dəfə hansı sinifdə uçmağına gəlincə Asim Mollazadə deyir ki, onun üçün “böyük prinsipial fərqi yoxdur.”

Sabiq millət vəkili, Ümid Partiyasının sədri İqbal Ağazadə deyir ki, parlamentdə təmsil olunduğu 5 il müddətində heç vaxt xarici ezamiyyətə yollanmayıb.

Partiya sədri "xidmət varsa və bu insanlar seçilmişlərdirsə niyə də olmasın" deyə sual edərək onların ekonom sinfində uçması fikrini "qətiyyətlə dəstəkləmir."

"Başqa yerdə qənaət etmək mümkündür, nəinki biznes klasdan əldə olunacaq qəpik-quruşdan", o əlavə edir.

Sonuncu dəfə öz hesabına xaricə yollandığını deyən cənab Ağazadə biznes sinfində uçub.

"Öz hesabıma gələndə cibimə baxıram. Hansı münasib olsa onunla uçuram", sabiq millət vəkili əlavə edir.

Britaniyada 2013-cü ildə aparılmış araşdırma göstərib ki, MV-lər həmin dövrə qədər olan üç il ərzində biznes-klas üçün vergiödəyicilərinin hesabına yarım milyard funt sterlinq pul xərcləyiblər.

Britaniyanın 2016-cı il üçün dövlət büdcəsinin xərcləri 772 milyard dollardır.

Azərbaycanın 2016-cı il üçün dövlət büdcəsində xərclər 12 milyard dollara yaxın nəzərdə tutulub.