Əli Əhmədov: "Parlamentin buraxılması üçün Prezidentə müraciət etmişik"

Parlamentdə nə dəyişməlidir?

Şəklin mənbəyi, Azertag

Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibi, baş nazirin müavini Əli Əhmədov bildirib ki, partiya üzvləri parlamentin buraxılması üçün prezidentə müraciət edib.

O, cümə axşamı günü keçirdiyi mətbuat konfransında bildirib ki, belə bir müraciətin məqsədi "islahatlar coğrafiyasının" genişlənməsidir: "İnanıram ki, Azərbaycan cəmiyyəti YAP Siyasi Şurasının, YAP parlament fraksiyasının qərarını hörmətlə qarşılayacaq. Biz bununla da ölkəmizin inkişafı üçün yeni imkanlar əldə edəcəyik və parlament tarixində yeni ənənənin başlanğıcını qoyacağıq".

Əli Əhmədov deyir ki, Azərbaycanda parlamentin buraxılmasına "qeyri-adi yanaşmaq lazım deyil".

Partiyanın icra katibinin müavini Siyavuş Novruzov deyib ki, təkliflər qəbul olunarsa, hazırki Milli Məclis yeni parlamentin səlahiyyəti qüvvəyə minənədək fəaliyyət göstərəcək.

"Bundan sonra hazırki parlamentin işi bitmiş hesab olunacaq. Parlament seçkilərinin nə vaxt keçiriləcəyini Prezident müəyyən edəcək", - o bildirib.

Müvafiq qanuna uyğun olaraq, Azərbaycanda növbəti parlament seçkilərinin 2020-ci ilin payızında keçirilməsi nəzərdə tutulub.

Milli Məclisdə YAP çoxluğa sahibdir.

Azərbaycan parlamentində 125 deputat yerindən 70-ə yaxını YAP üzvləri tutur.