ÜTT: Qlobal ticarət müharibəsi təxirə salınır
Aleksey Kalmıkov
BBC

Şəklin mənbəyi, PA Media
150-yə yaxın ölkə Ümumdünya Ticarət Təşkilatını (ÜTT) dirçəltməyə nail olub.
Onlar həmçinin Çin, Ukrayna, Rusiya və inkişafda olan digər ölkələrin Qərbdən geri qalmasını və yoxsulluğun azaldılmasına kömək edən beynəlxalq ticarət sisteminin çökməsinin qarşısını almağa müvəffəq olublar.
Beləliklə qlobal ticarət müharibəsi ilə bağlı təhlükə bir-iki il müddətinə olsa da, səngiyib.
28 trilyon dollar həcmində qlobal ticarətin 98 faizlik payına sahib olan 164 ÜTT üzvü bu həftə bir araya gələrək, balıqçılığa dövlət dəstəyini və Covid vaksinləri üçün patent mühafizəsini məhdudlaşdırmaq barədə razılığa gəliblər.
Lakin onlar yarımçıq tədbirlərlə kifayətlənib. Belə ki, ÜTT islahatları və kənd təsərrüfatı subsidiyaları kimi əsas məsələlərdə heç bir irəliləyiş əldə olunmayıb.
Nazirlərin görüşü, 2017-ci ildə Buenos-Ayresdəki uğursuzluqdan sonra, az qala, növbəti uğursuzluğa düçar olub.
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Lakin bir gün və iki gecə davam edən mübahisədən sonra ÜTT-nin rəhbəri Ngozi Okonjo-Iweala beynəlxalq əməkdaşlığın “misli görünməmiş” uğurunu elan edib. Onun pafosu qismən haqlıdır: qətnamə həm Ukrayna, həm də ona hücum edən Rusiya tərəfindən imzalanıb.
“Biz dünyaya sübut etdik ki, ÜTT üzvləri geosiyasi fərqlərə baxmayaraq, dünya ticarətinin problemlərini həll etmək və ÜTT-ni yenidən canlandırmaq naminə birləşməyə qadirdirlər”, - Ngozi Okonjo-Iweala bildirib.
Hərçənd ki, mütəxəssislər onun həvəsini bölüşmürlər. Çünki elan edilən razılaşmalar kiçikdir və ÜTT-nin ayaqda qalması ilə bağlı həyati məsələ hələ də olduğu yerdə qalıb.
"Dünya ticarətinin qaydaları ayaqda qaldı! Ancaq bu onu görə mümkün olub ki, onlar mənasını o qədər itirib ki, artıq niyə əhəmiyyətli olduğu aydın deyil", - Avropa Beynəlxalq Siyasi İqtisadiyyat Mərkəzinin (ECİPE) Britaniya üzrə direktoru David Henig deyib.
"Nazirlərin görüşündə ÜTT-nin qəfil ölümünün qarşısını almaq üçün bu qədər səylərin sərf edilməsi heyrətamizdir. Yüksək tonlarda uzun sürən müzakirə və fəlakət gözləntiləri... Əlbəttə, yaxşı haldır ki, ÜTT-yə üzv olan ölkələr hələ də razılaşmağa çalışırlar. Lakin onların arasındakı dərin fikir ixtilafı bu səyləri heçə endirir”.
Henig məsələni şişirtmir, o, hətta problemin miqyasını aşağı salır.
ÜTT ölüm ayağında

Şəklin mənbəyi, Reuters
ÜTT bir neçə ildir ki, komadadır. Hələ 2019-cu ildə Donald Trump-ın dövründə ABŞ onun apellyasiya instansiyasına yeni üzvlərinin təyinatına mane olmuşdu.
İndi ÜTT yeni qaydalar yaratsa da, mübahisələri həll etmək imkanından məhrumdur. Bu o deməkdir ki, ölkələr hər şeyə imza ata bilərlər.
Lakin onu heç bir nəticə olmadan pozmaq da olar. Çünki cəza mexanizmi iflic vəziyyətindədir.
ABŞ və Aİ keçən əsrin sonunda formalaşan ÜTT qaydalarının müasirləşməsinə ehtiyac olduğunu deyirlər, çünki Çin və Hindistan kimi inkişafda olan ölkələr onlardan sui-istifadə edir.
Onlar da öz növbəsində dəyişikliklər istəyir, lakin inkişaf etmiş ölkələrin hesabına. Bununla bağlı illərdir ki, ortaq məxrəcə gəlmək mümkün olmur.
Nəticədə ÜTT hesabdan silindi. Amma məlum olduğu kimi, bunu etmək hələ ki, erkən imiş: bu həftə təşkilat üzvləri yaxşı davadansa, pis sülhün üstün olduğunu nümayiş etdirdilər.
Bu, 20-ci əsrin ikinci yarısında dünya boyunca yüz milyonlarla insanın yoxsulluqdan qurtulmasına kömək edən və rifahın sürətlə artmasında mühüm rol oynamış dünya ticarətinin liberallaşdırılması tərəfdarlarına ümid verir.
ÜTT sisteminin dağılması buna mane ola bilər. Bu onsuzda post-Covid problemləri və Rusiya-Ukrayna müharibəsi şəraitində zəif artan dünya iqtisadiyyatı üçün ticarət müharibəsinə çevrilə bilər.
Belə şəraitdə ən çox itirənlər yoxsul ölkələr olacaq. Onlar üçün, ənənəvi olaraq, ticarətin ixtisarı və iqtisadi artımın yavaşlaması devalvasiya və işsizliklə nəticələnir.
İkinci dünya müharibəsindən sonra, bu təhlükəni aradan qaldırmaq üçün ticarət təşkilatları yaradılıb - əvvəlcə GATT (Tariflər və Ticarət üzrə Baş Saziş), daha sonra isə, 1995-ci ildə - ÜTT.
Onlar dünyanı daha ədalətli edib. Belə ki, bir tərəfdən böyük və zəngin, digər tərəfdən isə kiçik və inkişafda olan ölkələr arasında maneələr tədricən aradan qalxıb və rəqabət şəraiti bərabərləşdirilib.
İndi bu sistemə üç zərbə endirilib: əvvəlcə Trump, sonra Covid, indi isə Rusiyanın Ukraynaya qarşı müharibəsi nəticəsində qlobal enerji və ərzaq qiymətləri artıb və proteksionizm dalğası yaranıb.
Nə barədə razılığa gəliblər

Şəklin mənbəyi, Reuters
Peyvəndlər. ÜTT üzvləri, koronavirus pandemiyası vaxtı Hindistan və Cənubi Afrikanın tələb etdiyi kimi, kovid peyvəndlərinin patentlə qorunmasını yumşaltmaq qərarına gəldilər.
İndi bu artıq aktual deyil. Peyvəndlərin əlavə ehtiyatları yaranıb - 2 milyarddan çox doza öz alıcılarınl gözləyir.
Üstəlik, təkcə peyvəndlər üçün deyil, həm də covid dərmanlarına aid patentlərin ləğvi tələbi də gündəmdə qalır.
Ölkələr patent sahiblərinin itkilərini kompensasiya etməyə məcbur olublar.
Balıqçılıq. ÜTT balıqçılığa dövlət dəstəyinin qismən ləğvini dəstəkləyib.
Yəni, qadağa yalnız qeyri-qanuni balıq ovu və neytral sulardakı balıqçılıq gəmiləri üçün subsidiyalara şamil edilir.
Üstəlik, ÜTT ölkələri onun bütün balıqçılığa şamil olunmasına razılaşmalıdırlar.
Əks təqdirdə o, 4 ildən sonra avtomatik olaraq, qüvvədən düşmüş sayılacaq.
İnternet ticarəti. 1998-ci ildən ÜTT hər iclasında filmlər, proqram təminatı, oyunlar və bu kimi rəqəmsal məhsulların transsərhəd ticarəti üçün gömrük rüsumlarına moratoriumun müddətini uzadıb.
Ancaq hazırda ilk dəfə olaraq, buna qarşı narazılıq əmələ gəlib.
Hindistan və Cənubi Afrika (covid patentlərində olduğu kimi) qaydaların dəyişdirilməsini tələb edirlər. Onları 2023-cü ilin sonunda keçiriləcək növbəti görüşə qədər gözləməyə inandırmaq mümkün olub.
Əgər orada heç bir kompromis tapılmasa, 2024-cü ilin aprelindən ölkələr Netflix serialları və ya Kindle elektron kitabları kimi rəqəmsal idxala rüsumlar qoya biləcəklər.
ÜTT nazirlərinin görüşünün “misligörünməmiş uğuru” da elə bu olub.
Amma hər şey o qədər də pis deyil, yaxşı xəbərlər də var. Dünya ticarəti uçurum həddinə çatsa da, həlledici addımı atmayıb.
Amma bəd xəbər də var. Belə ki, ÜTT islahatları yenidən təxirə salıb. Bunsuz ABŞ və Avropa apellyasiya instansiyasını blokdan çıxarmayacaq və səlahiyyətlərin hamısını ÜTT-yə qaytarmayacaq.
ÜTT-nin nazirlər konfransının qərarında deyilir ki, bu, aktual məsələdir və hamı onu 2024-cü ilə qədər həll etməyə razılaşıb.
"ÜTT haqqında bilməli olanlar elə budur. Onların bir cümləsində "təcili" və "2024-cü ilə qədər" [ifadələri] bir araya gəlir. Və bu hamını qane edir," - Beynəlxalq ticarət üzrə ekspert Anna Jerzewska ÜTT nazirlər iclasının nəticələrini belə yekunlaşdırıb.




