Dünyanın ən böyük ticarət razılaşması qüvvəyə minib. O, Çin ətrafında 15 ölkəni birləşdirir

Avstraliyada fermer ailəsi

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Avstraliya mal ətinin Çin tərəfindən boykot edilməsi bu fermer ailəsi kimi istehsalçıları gəlirlərindən məhrum edib. Ticarət razılaşması gələcəkdə bu cür problemləri istisna etməsə də, onların yumşaldılmasına xidmət etməlidir

Yeni il gecəsi 15 ölkəni bir araya gətirən ticarət razılaşması qüvvəyə minib. Yeni saziş dünyadakı hər üç nəfərdən biri üçün gəlir artımını nəzərdə tutur. O, həmçinin qloballaşma tərəfdarları üçün beynəlxalq ticarət və əməkdaşlığın yenidən canlanması ilə bağlı ümidlər yaradır.

RCEP (Regional Hərtərəfli İqtisadi Tərəfdaşlıq) adlanan saziş Çin və Asiya-Sakit okean regionunu, o cümlədən Avstraliya, Yaponiya və Cənubi Koreyanı bir araya gətirib.

ABŞ və Avropa İttifaqından sonra dünyanın üçüncü ən böyük iqtisadiyyatı olan Çin heç vaxt çoxtərəfli ticarət sazişləri imzalamamışdı, üstəlik də bölgə üzrə tarixi rəqiblərindən biri olan Yaponiya ilə.

Düzdür, 2020-ci ilin noyabrında imzanan sənəd Çinin ticarət tərəfdaşlarından biri ilə - Avstraliya ilə mübahisəyə mane olmayib. Covid-19-un mənşəyini araşdırmaq tələblərinə dair Avstraliyanın dəstəyi Çini narazı salıb və o, Avstraliyada istehsal olunan kömür, taxıl, şərab və mal ətini boykot edir.

Yaponiya gəmisi

Şəklin mənbəyi, AFP

Bütün bunlara rəğmən, yeni ticarət bloku Çinin dünyadakı mövqeyini gücləndirəcək.

Pekini ən böyük müqavilənin mərkəzinə gətirən onun əsas rəqibi - ABŞ, daha doğrusu onun Prezidenti Donald Trump-ın siyasəti olub.

Məsələ bundadır ki, RCEP paktına dair 8 il ərzində danışıqlar gedişatında onun aparıcı iştirakçıları - Yaponiya, Avstraliya və Yeni Zelandiya - eyni vaxtda Kanada və ABŞ-ın daxil olduğu ölkələrdən ibarət daha təkmil ticarət bloku (TPP) yaradırdılar.

Lakin Tramp bu ideyadan vaz keçəndən sonra, ABŞ danışıqlardan kənarlaşdı və bu da, RCEP-in yaradılmasını sürətləndirdi.

Ticarət razılaşması İndoneziya kimi daha yoxsul ölkələrin sakinlərinə pul qazanmaq imkanı verə bilər. Bu qadınlar bazarda gündə 3,50 dollara işləyirlər

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Ticarət razılaşması İndoneziya kimi daha yoxsul ölkələrin sakinlərinə pul qazanmaq imkanı verə bilər. Bu qadınlar bazarda gündə 3,50 dollara işləyirlər

"Ticarət sazişi həqiqətən iddialıdır, onun üzərində danışıqlar demək olar ki, on ilə yaxın davam edib", - qüvvəyə minmiş razılaşmanı şərh edən BBC Asia biznes müxbiri Mariko Oi bildirir.

"Bununla belə, onun iştirakçı ölkələrin iqtisadiyyatına təsiri məhdud olacaq, çünki onların əksəriyyəti artıq digər ticarət ittifaqlarının üzvüdür".

Müqavilə Asiyadakı ticarət tərəfdaşlarına bir-birlərinin bazarlarına çıxışı və mallara olan tarifləri azaltmağa imkan verəcək. O, həmçinin potensial olaraq, daha sürətli iqtisadi artım və xüsusilə regionun ən yoxsul ölkələri üçün daha yüksək həyat standartlarını vəd edir. Saziş genişlənməyə açıqdır və onun sıralarına ilk olaraq Hindistanın qatılacağını gözləyirlər.

RCEP razılaşması irimiqyaslı olsa da, nisbətən səthi hesab olunur. Məsələn, o, işçilərin hüquqlarına toxunmur və müxtəlif ölkələrə ətraf mühitin mühafizəsi və əqli mülkiyyət hüquqlarına fərqli yanaşmaq imkanı verir.

Bundan əlavə, o, ticarət siyasətinin bir hissəsini iştirakçı ölkələrin ixtiyarına buraxır. Yəni Çin və ya Yaponiya öz bazarlarını tariflərlə qorumağa davam etməklə yanaşı yeni sazişdə təsbit olunmuş ticarət azadlığını məhdudlaşdıra bilər.

Üstəlik mübahisələrin həlli üçün ümumi mexanizm də nəzərdə tutulmayıb.

RCEP razılaşması yoxsul Laos və zəngin Yeni Zelandiyanın, kommunist Çinin və post-imperialist Yaponiyanın çox fərqli iqtisadiyyatlarının inteqrasiyası istiqamətində atılan ilk addım sayılır.