2024 nə üçün uzun ildir və il uzun olanda hansı adətlər yerinə yetirilir? 5 suala cavabda

Fevral 29 fevral 2024-cü il uzun illərdəndir 2024-cü ildə 366 gün var

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, 2024-cü ilin fevralı, yəni, bu il adət edildiyi üzrə 28 yox, 29 gündən ibarət olacaq.

Bu il təqvimə bir gün əlavə olunub. Bu da 2024-cü ili 365 yox, 366 gündən ibarət "uzun il" ("leap year") edəcək.

İlin ən qısa ayı sayılan fevral bu il bir gün artaraq 29 gündən ibarət olub. Həmin gün dünyanın bir sıra ölkələrində adət-ənənələr və inanclarla əlamətdardır.

Ümumiyyətlə, uzun il hər dörd ildən bir təkrarlanır. Sonuncusu 2020-ci ildə olub, növbəti isə 2028-ci ilə düşür.

Lakin bu qaydada da istisnalar var və biz yazı boyunca bu günlə bağlı olan adət-ənənələr, inanclarla yanaşı bunları da izah edəcəyik.

1. Hər 4 ildən bir ilə niyə bir gün əlavə olunur?

Bir təqvim ili adi qaydada 365 gündür, çünki Yer Günəş ətrafında bir dövrəni bu müddətə başa vurur. Lakin 365 yuvarlaqlaşdırılmış rəqəmdir.

Günəş sistemi

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Yer Günəş ətrafında bir dövrəni 365.242190 günə tamamlayır

Yerin öz orbiti ətrafında bir dövrə vurması 365,242190 günə tamamlanır. Bu, 365 gün, 5 saat, 48 dəqiqə və 56 saniyədir. Bu, "ulduz ili" adlanır.

Ulduz ili təqvim ilindən daha uzundur və artıq saatlar, dəqiqələr və saniyələr "yolda çıxılmalıdır".

Təqvimə hər 4 ildən bir daxil edilən bu əlavə gün təqvim ilini tənzimləyərək fəsillərin sinxron qalmasını təmin edir.

2. Dörd ildən bir olan uzun illə bağlı hansı inanclar var?

Təqvimdə dörd ildən bir olan uzun illərlə bağlı ənənə və xurafatlar var.

İrlandiya adətlərinə əsasən, "Subaylıq gecəsi" və "Qadınların imtiyazı" kimi tanınan bu gündə qadınlar kişilərə evlilik təklif edə bilərlər.

Evlilik təklif edən qadın dörd ildən bir yaşanan uzun gün

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Dörd ildən bir yaşanan uzun günlərdə İrlandiyada qadınlara kişiyə evlilik təklif etməyə icazə verilir
WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Əlbəttə, müasir dünyada qadın ilin istənilən günündə kişiyə evlilik təklif edə bilər, lakin bu ənənənin tarixi beşinci əsrə gedib çıxır. Bu, Müqəddəs Bricit və Müqəddəs Patrik əfsanəsinə gedib çıxır.

Əfsanəyə görə, Bricit Müqəddəs Patrikə qadınların ərə getmək üçün çox gözləməli olması ilə bağlı şikayətlənir, çünki kişilər evlilik təklifi etmək üçün ləng tərpənirlər. O, qadınlara da evlilik təklif edə bilmək üçün icazə verilməsini istəyir.

Qadının evlilik təklifinin rədd edilməsi ilə bağlı da adətlər var.

Kişi ona olan evlilik təklifindən imtina etdiyi təqdirdə qadına əlcək və ya ipək xalat almaqla təzminat ödəməlidir.

Digər bəzi mədəniyyətlərdə isə uzun ildəki əlavə gün uğursuzluq günü hesab olunur.

Yunanıstanda ənənəvi olaraq, uzun ildə, xüsusilə təqvimə əlavə edilmiş gündə evlənmək tövsiyə olunmur. İnanca görə, uzun ildə və ya əlavə gündə baş vermiş evlilik boşanma ilə nəticələnir. Ona görə də yunanlar belə uzun ildə evlənməkdən çəkinirmişlər.

Evlənmək üzrə olan cütlük kilsənin böyründə oturub dənizi seyr edir.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Ənənəvi olaraq, yunanlar dörd ildən bir gələn uzun ildə evlənməməyə çalışırlar

Şotlandiyada keçmişdə insanlar inanırdılar ki, bu təqvimdəki əlavə gün cadugərlərin öz rituallarını həyata keçirdiyi gündür.

Bəzi şotlandlar hələ də 29 fevralda doğmağı "uğursuz" hesab edir.

19-cu əsrdə İsveç rəssamı Henry Fuseli Fəaliyyət 1 adlı birinci səhnə WIlliam Shakespeare-in Maqbetindən üç ifritənin oynadığı görüntünü çəkib

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Şotlandlar cadugərlərin fevralın 29-da problemlər yaratdığına inanırdılar

Bəzi ölkələrdə isə əksinədir, onların mədəniyyətində, bu, uğurlu doğum günüdür.

Bəzi astroloqlar hətta inanır ki, əgər bir şəxsin doğum günü ilə əlavə günə düşərsə, həmin şəxs fitri istedada malik olacaq.

3. Əlavə gün niyə fevral ayındadır?

Bu günü əlavə etmək üçün fevral ayının seçilməsinin tarixi qədim Romada Yuli Sezarın təqvim islahatlarına gedib çıxır.

Sezar təqvimi Günəş ilinə uyğunlaşdırmaq üçün uzun ili də ehtiva edən Yuli təqvimini təqdim edib.

Hətta 1582-ci ildə Yuli təqvimi Qriqori təqviminə keçəndə əlavə günü fevral ayına birləşdirmək ənənəsi davam edib.

Mis təqvimi Yuli Qriqori təqvimi pasxa bayramı

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Mis təqvimi Yuli və Qriqori təqvimlərində Pasxa tarixlərini təyin etmək üçün istifadə edilib

4. Uzun il olmasaydı, nə baş verərdi?

Uzun il olmasaydı və təqvimlər arasında əlavə gün hesablanmasaydı, fəsillər yerini dəyişərdi.

700 ildən artıq ötən bu müddətdə şimal yarımkürəsində yay fəsli iyuna yox, dekabra təsadüf edərdi.

İki xizəkçi Avstriyada mənzərəni seyr edir

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Uzun günlər olmasaydı, şimal yarımkürəsində iyun ayında qış olardı, cənub yarımkürəsində isə yay.
5. Təqvimə əlavə gün necə daxil edilir?

Çoxları hesab edir ki, uzun günlər hər dörd ildən bir olur, lakin bu heç də belə deyil.

Üstəlik, Ulduz ili ilə (hansı ki, günləri, saatları, dəqiqələri və saniyələri özündə ehtiva edir) 4 təqvim ili arasındakı fərq də 24 saat yox, 23, 262222 saatdır.

Beləliklə, bu fərq də nəzərə alınmalıdır.

Qayda budur ki, əgər dördə böldükdə ədəd tam alınırsa, o zaman həmin il "uzun il" adlanır.

Burdakı yeganə istisna 100-ə bölünən illərdir, onlar uzun il hesab olunmur.

Ancaq il 400-ə bölünəndə tam ədəd alınırsa, bu da "uzun il" adlanır.

Mürəkkəb məsələdir? Gəlin, nümunələrlə izah edək:

2000-ci il uzun il idi, çünki rəqəm həm dördə, həm də 400-ə bölünür.

Lakin 1700, 1800 və 1900-cü illər 4-ə bölünsə də, 400-ə bölünə bilmir, beləliklə bunlar uzun il olmayıb.

Növbəti belə "uzun il" adından məhrum olacaq tarix isə 2100-cü ilə təsadüf edəcək.