2021: Dünyada baş vermiş mühüm hadisələr

İsrail-Fələstin arasındakı raket hücumlarından tutmuş Türkiyədə meşə yanğınlarına kimi -BBC News Azərbaycanca 2021-ci ildə dünyada baş vermiş mühüm hadisələrə foto şəkillərlə nəzər salır.

Etirazçı

Şəklin mənbəyi, EPA

Yanvarın 6-da Washington-dakı Kapitoli binası qarşısında 2020-ci il prezident seçkilərində Donald Trump-ın məğlubiyyətinə etiraz edən nümayişçilərlə polis arasında toqquşma olub.

Bundan sonra etirazçılar zorla Konqresin binasına daxil olublar. Hadisəyə görə Joe Biden-in ABŞ prezidentliyi yarışındakı qələbəsinin elan olunacağı iclas öz işini dayandırılmalı olub.

Fələstinli yanğınsöndürən

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Fələstinli yanğınsöndürən İsrailin hava zərbəsindən sonra süngər fabrikində baş verən yanğını söndürərkən

May ayında İsrail-Fələstin arasında son illərin ən qanlı qarşıdurması yaşanıb. Qəzzadan İsrailə doğru raketlər atılıb və İsrail qüvvələri Qəzzadakı hədəflərə zərbələr endiriblər.

Münaqişə Şərqi Qüdsdən (Yerusəlim) bir neçə fələstinli ailəni zorla çıxarmaq qərarından sonra yüzlərlə fələstinlinin yaralandığı iğtişaşlar ardınca kəskinləşib.

Münaqişənin 11 günü ərzində əksəriyyəti Qəzza zolağında olmaqla, uşaq və qadınlar da daxil, 240-dan çox insan həlak olub, təxminən 2 min nəfər yaralanıb.

Türkiyədə meşə yanğınlarının yaratdığı dağıntıların havadan çəkilən görüntüsü

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Türkiyədə meşə yanğınlarının yaratdığı dağıntıların havadan çəkilən görüntüsü

İyulun sonunda Türkiyənin cənubunda başlayan irimiqyaslı meşə yanğınları nəticəsində, ölən və xəsarət alanlar olub. Əcnəbi turistlər də daxil, yüzlərlə adam yanğının tüğyan etdiyi yerlərdən təxliyə olunub.

Yanğını tam nəzarət altına almaq avqust ayının əvvəlində mümkün olub. Hakimiyyət yanğın qurbanlarına yardım göstəriləcəyini vəd edib.

Taliban döyüşçüləri Kabildə

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Taliban döyüşçüləri Kabil küçələrinə nəzarət edirlər. Kabil 16 avqust 2021-ci il

Avqust ayında paytaxt Kabili ələ keçirən Taliban ikinci dəfə hakimiyyətə gələrək Əfqanıstanda İslam Əmirliyinin yaradılmasını elan edib. Kabilin alınmasından sonra Taliban rəhbərliyi hərəkatın daha mötədil olduğunu desə də, ölkədən irimiqyaslı qaçqın axını yaranıb.

Hüquq müdafiəçiləri "işgəncə və qırğınlar" haqqında məlumatların üzə çıxdığını deyirlər. Avqust ayının sonunda Əfqanıstandakı sülhməramlı qüvvələrin tərkibində xidmət edən Azərbaycan hərbçilərinin 120 nəfərlik heyəti Bakıya qayıdıb.

Kişi əlində Saakaşvilinin şəklini tutur

Şəklin mənbəyi, AFP/Getty images

Şəklin alt yazısı, Dekabrın 10-da Mixail Saakaşvilini azad etmək tələbiylə Tbilisidə növbəti etiraz aksiyası keçirilib

Gürcüstanda həbsdə olan Mixail Saakaşvilini azad etmək tələbilə müntəzəm aksiyalar keçirilir. Sabiq prezident oktyabrın əvvəlində, ölkəyə qayıtdıqdan sonra həbs olunub.

Saakaşvili qiyabi mühakimə olunub və 2004-2012-ci illərdə hakimiyyətdə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Keçmiş lider ittihamları rədd edir və siyasi motivlərlə həbs olduğunu deyir.

İraqlı kürd ailəsi

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Polşa-Belarus sərhədi yaxınlığında Avropaya keçməyə ümid bəsləyən İraqlı kürd ailəsi

Yaxın Şərqdən Belarusla Avropa sərhədinə doğru yönələn miqrant dalğası bu ilin payızında Belarusla Aİ ölkələri arasında böhrana səbəb oldu. Polşa və Baltik ölkələri sərhədi tamamilə bağlayıb, mühacir axınını nəzarət altına almağı bacardılar.

Avropa İttifaqı Belarus liderini miqrantları asan giriş vədi ilə Aİ sərhədinə yönləndirməkdə ittiham edib. Onların fikrincə, bu yolla Minsk Qərbin saxta hesab etdiyi 2020-ci il prezident seçkilərindən sonra sanksiyalara görə Avropa İttifaqından qisas alır. Belarus bu cür ittihamları rədd edir və böhranda Aİ-nin günahkar olduğunu deyir.

Yelnyada quru qoşunlarının yerləşdirilməsini əks etdirən Peyk şəkli, 1 noyabr 2021-ci il

Şəklin mənbəyi, Alamy

Şəklin alt yazısı, Ukraynadan təxminən 300 km aralıda Rusiya qüvvələrinin cəmləşməsi müşahidə edilib, (Peyk görüntüsü, 1 noyabr 2021-ci il)

Son həftələr Qərb ölkələrində Rusiyanın Ukraynaya qarşı yeni müdaxilə hazırladığı deyilir. ABŞ və NATO-ya görə, Moskva Ukrayna sərhədlərində hərbi qüvvə cəmləşdirir.

Qərb Rusiyanın Ukraynaya mümkün təcavüzünün sərt nəticələri barədə xəbərdarlıq edib. Bu kimi iddiaları rədd edən Rusiya bildirir ki, NATO-nun onun sərhədlərinə doğru irəliləməsi Rusiyanın təhlükəsizliyinə hədə yaradır.

Qərb kəşfiyyat xidmətlərinin məlumatına görə, Ukrayna ilə sərhəddə 100 minə qədər rus əsgəri, tanklar və artilleriya qurğuları yerləşdirilib.

ABŞ-ın Los-Angeles Beynəlxalq Hava Limanında gecikən uçuşu gözləyən sərnişinlər, 25 dekabr, 2021

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, ABŞ-ın Los-Angeles Beynəlxalq Hava Limanında gecikən uçuşu gözləyən sərnişinlər

Bu il ilk dəfə Cənubi Afrikada peyda olan COVİD-19-un "Omicron" ştammı getdikcə daha çox ölkədə üzə çıxır. Dünya üzrə aparılan araşdırmalar göstərir ki, "Omicron"un güclü tərəfi insanlara tez bir zamanda yoluxmasıdır.

O, digər ştammlardan daha sürətlə yayılır, əvvəlki vaksinlər və infeksiyalar sayəsində yaranmış immuniteti daha asanlıqla dəf edə bilir. Bu təhlükələri nəzərə alan milli hökumətlər yeni məhdudiyyətlər tədbirlərini nəzərdən keçirirlər. Bu arada yeni il ərəfəsində dünya üzrə minlərlə aviareysin ləğvi belə tədbirlərin təsiri barədə xəbər verir.

James Webb teleskopu

Şəklin mənbəyi, NASA

Şəklin alt yazısı, James Webb teleskopu dekabrın 25-də Fransız Qvianasındakı Kuru kosmodromundan fəzaya göndərilib

Dekabrın sonunda NASA agentliyinin James Webb teleskopu kosmosun dərinliyinə səyahətə başlayıb.

O, alimlərə milyardlarla il keçmişə nəzər salmağa, kainatı "gənc halında görməyə" və ilk ulduzlarla planetlərin necə yarandığını təsəvvür etməyə kömək etməlidir.

James Webb teleskopu ABŞ-ın NASA kosmik agentliyinə 10 milyard dollara başa gəlib. Teleskop Yerdən təqribən 1,5 milyon km məsafədə yerləşəcək.