COP29: razılıq əldə olundu, kasıb ölkələrə yardım 300 milyard dollardır

Şəklin mənbəyi, Reuters
BMT-nin Azərbaycanda keçirilən iqlim sammiti COP29 danışıqları 33 saat gec başa çatdı və iflasın bir addımlığından qayıtdı.
Daha zəngin ölkələr hər il iqlim dəyişikliyinə hazırlaşmaq və qarşısını almaq üçün inkişaf etməkdə olan ölkələrə rekord məbləğdə, ildə 300 milyard dollar verəcəyini vəd ediblər.
BMT-nin iqlim qurumunun rəhbəri Simon Stiell deyib: “bu çətin bir yol idi, lakin biz razılaşma əldə etdik".
__________________________________________________________________
Təhlil
Könül Xəlilova, BBC Azərbaycanca, Bakı
Danışıqlar iflasın astanasından qayıtdı. 300 milyard kasıb ölkələrin istədiyi 1.3 trilyondan az olsa da, indiyədək COP-larda əldə olunmuş maliyyədən daha çoxdur və rekord məbləğdir.
Razılaşma əldə olunmazdan bir neçə saat öncə ümidlər böyük deyildi - iqlim dəyişikliyindən əziyyət çəkən ölkələr etiraz olaraq danışıqları tərk etmişdi. Bəziləri hətta "belə razılaşmanın olmasındansa, heç olmasa yaxşıdır" deyirdi. Ancaq danışıqları tərk etmiş ada dövlətlərindən bəziləri sonradan geri qayıtdı.
COP29-da əldə olunmuş razılaşmada həmçinin istənilən daha bir məqam öz əksini tapdı - neft və qazdan uzaqlaşmaq. Bir çoxları bunun son razılaşma mətnində olmayacağından ehtiyat edirdi.
Mətndə qaz "keçid yanacağı" kimi təsvir olunub - qaz və neft əleyhinə olanlar üçün, bu, qazın çıxarılmasına davam ediləcəyinə haqq qazandırmaq deməkdir.
__________________________________________________________________
Tərəflər 300 milyard dollar razılaşmasını əldə edənək uzun bir yol qət etdi, tənqdilərlə üzləşdilər. Aşağıda bu qərara gələnədək səslənən ilkin təkliflər, narazılıqlar barədə oxuyun:
Son təklif 300 milyard dollar olub

Şəklin mənbəyi, Getty Images
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Noyabrın 23-də Azərbaycanda keçirilən COP29 danışıqlarında masa üzərinə son təklif olaraq 300 milyard dollar qoyulmuşdu.
Bundan öncə, danışıqlar iflasa yaxınlaşmış, bəzi kasıb dövlətlər tədbirin Azərbaycan prezidentliyilə danışıqları tərk etmişdi.
Açıqlanan razılaşma layihəsində kasıb ölkələrə iqlim dəyişikliyi ilə mübarizədə öncə ildə 250 milyard dollar vəsait təklif olunmuşdu. Ancaq sonra bu rəqəm artırıldı və masaya 300 milyard dollar təklifi qoyuldu.
Həmin gün ən az inkişaf etmiş ölkələrin nümayəndələri COP29 prezidenti ilə görüşdən yarımçıq çıxmışdı - onlar bu rəqəmin azı 500 milyard dollar olmasını istəyirdilər.
"Təhlükəli vəziyyətdəyik", iştirakçılardan biri deyib.
Kiçik ada dövlətlərinin nümayəndələri BBC-yə deyib ki, razılaşma mətninin hazırlanması zamanı onlar kənarda qoyulub, müzakirələrə daxil edilməyib.
Razılaşma mətninin son variantı hazır olmadığından, COP29-un vaxtı bir gün də uzadılmış - şənbə günü bütün davam etmişdi.
Almaniya Azərbaycanın COP29 prezidentliyini tənqid edib
Noyabrın 23-də COP29 binasında danışıqlarda iştirak edən Almaniyanın xarici işlər naziri bəzi neft və qaz istehsalçısı olan ölkələri siyasi oyunlarda ittiham edib.
O hesab edir ki, kasıb ölkələrə iqlim böhranı ilə mübarizə üçün vəsaitin ayrılması ilə eyni zamanda neft-qaz kimi qazıntı yanacaqlarının istehsalı da azaldılmalıdır.
"Biz imkan verməyəcəyik ki, yeni zəngin karbon qazı yayıcıları olan ölkələr [COP29] prezidentliyinin dəstəyilə kasıb ölkələri soysun".
Bu o deməkdir ki, Almaniya kimi zəngin ölkələr, kasıb ölkələrə yalnız digər zənginlər - neft-qaz istehsalçıları enerjini azaltmağa söz verərsə, pul ayıracaq, BBC-nin İqlim müxbiri Esme Stellard izah edir.

Şəklin mənbəyi, Getty Images
Cümə günü COP29-a rəhbərlik edən Azərbaycan sədarəti bəyanat yayıb, bütün tərəfləri işin yekunlaşdırılması naminə birgə işləməyə çağırıb.
Baş danışıqçı Yalçın Rəfiyev mətndəki 250 milyard dollar məbləğin qarşıya qoyulmuş ambisiyaya uyğun olmadığını və tərəflərlə danışığı davam etdirəcəklərini bildirib.
"Belə bir mətn irəli sürmək ayıbdır...Biz dünyanın keçən il müharibələrə xərclədiyi pulun yalnız kiçik bir hissəsi olan bir məbləği istəmişik", - Marşal adalarının İqlim elçisi Tina Stege razılaşma layihəsi barədə deyib.
"Prezident qaranlıqlarda dolaşır"
COP29-un Azərbaycan prezidentliyi cümə axşamı razılaşma mətninin ilkin variantını paylaşdıqdan sonra çoxları mətni və COP29 Prezidenti Muxtar Babayevi sərt tənqid edib.
"COP29 Prezidenti tərəflərlə danışığa girmir və qaranlıqda bacarıqsızca dolaşmaqdadır", - bu gün mətbuat konfransında danışan Power Shift Africa iqlim və enerji beyin mərkəzinin direktoru Mohamed Adou deyib.
Avropa İttifaqı, Böyük Britaniya, Yeni Zelandiya və İrlandiya razılaşma mətnini “qəbuledilməz” adlandırıblar.

Şəklin mənbəyi, Getty Images
Noyabrın 21-də təqdim edilmiş mətni çıxışçıların böyük əksəriyyəti yetərsiz hesab edib, həm maliyyə hədəfinin mənbəyinin göstərilmədiyini, həm də təsirlərin yumşaldılması - neft və qazdan yaşıl enerjiyə keçid barədə tələblərin qoyulmadığını söyləyiblər.
Mətndə əsas məsələ - zəngin ölkələrin nə qədər maliyyə vəsaiti ayıracağı öz əksini tapmayıb.
Azərbaycanın COP29 prezidenti Muxtar Babayev hələ ki, komandasının hazırladığı mətnlə bağlı tənqidlərə cavab verməyib.
Noyabrın 11-də start verilmiş, BMT-nin İqlim sammiti COP29-un məqsədi maliyyə razılığı əldə etməkdir.
Bu gün artıq ikinci variant yayımlanıb və təklif edilir ki, inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə 2035-ci ilədək 250 milyard dollar vəsait ayırsınlar.
Bu, istənilən 1 trilyon dollardan çox aşağı məbləğdir.
1.3 trilyon dollar və 250 milyard dollar

Şəklin mənbəyi, Getty Images
Razılaşmanın yenilənmiş qaralama mətnində deyilir ki, inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə 2035-ci ilədək hər il 250 milyard dollar məbləğində pul ödəsinlər.
Bu, istənilən məbləğdən - 1 trilyon 3 milyard - aşağıdır.
Amma mətndə 1.3trln barədə də bənd var - inkişaf etmiş ölkələrə çağırış edilir ki, 2035-ci ilədək bu məbləği ödəsinlər. Ancaq bu, sadəcə çağırışdır. Öhdəlik olan yalnız 250 milyard dollardır.
Bu vəsait kasıb ölkələrə qazıntı yanacaqlarından yaşıl enerjiyə keçidə yardım etmək üçündür.
Yenilənmiş mətnə reaksiyalar
Cümə günü COP29-un Muxtar Babayevin rəhbərlik etdiyi Azərbaycan prezidentliyi bəyanat yayaraq, bütün tərəfləri işin yekunlaşdırılması naminə birgə işləməyə çağırıb.
O deyib ki, mətnə düzəlişlər edildikdən sonra bu axşam son variant yayımlanacaq.
BBC-nin İqlim komandası COP29-da nümayəndə heyətlərindən yeni mətnə bəzi reaksiyalar alıb.
Panamanın iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi Juan Carlos Monterrey Gomez təklif olunan rəqəmdən çox əsəbiləşdiyini, 250 milyard dolların "çox az" olduğunu deyib. Onun fikrincə, "inkişaf etmiş dünya sanki planetin yanmasını istəyir".
Power Shift Africa ətraf mühit qrupundan uzun müddətdir COP müşahidəçisi olan Mohammed Adow BBC-yə deyib ki, maliyyə ilə bağlı yeni sənəd “üzə bir şapalaqdır”.
“Heç bir inkişaf etməkdə olan ölkə buna getməyəcək”, - o deyir.
Adow deyir ki, danışıqlarda iştirak edən inkişaf etməkdə olan ölkə qrupları mətnə etiraz edəcəklər.
“Greenpeace” -in COP29-dakı nümayəndə heyətinin rəhbəri Jasper Inventor 15:48-də yayımlanan təklifi "qeyri-adekvat" adlandırıb.
O deyib ki, bu təklif "iqlim təsirlərinin reallığını əks etdirmir və inkişaf etməkdə olan ölkələrin ehtiyaclarından hədsiz dərəcədə aşağıdır".
COP29-da narahatlıq və bədbinlik qayıtdı: “Mətn qəbuledilməzdir”
Tədbirin prezidenti Azərbaycandır, maliyyə razılığı əldə etmək öhdəliyi də onun üzərinə düşür. Ancaq Azərbaycanın noyabrın 21-də masa üzərinə qoyduğu ilkin razılaşma mətni qaneedici hesab olunmayıb.
COP29-da təqdim olunan razılaşmanın ilkin layihəsi iqlim dəyişikliyi ilə mübarizə üçün vəsait əldə etmək barədədir.
Ancaq razılaşmada bu pulun məbləği və haradan gələcəyi aydın göstərilmir və narahatlıq yaradan məqamlardan biri də budur.
İştirakçıları mətnlə bağlı narahat edən, həmçinin mətndə təsirlərin yumşaldılması - mitiqasiya barədə tələblərin olmamasıdır.
"Maliyyə barədə mətn balanslı deyil və hərəkətə keçmək barədə məcburiyyət və tələb ehtiva etmir", - İrlandiyanın ətraf mühit naziri Eamon Ryan deyib.
Bundan öncə, bu həftə, BMT-nin İqlim Dəyişikliyi üzrə İcraçı Katibi Simon Stiell deyib ki, Bakıda danışıqçılar 24 saat işləyən yeni maliyyə hədəfi barədə razılıq əldə etməyə çalışırlar.
"Gediləcək yol uzundur, amma COP-da yolu yarıladığımız bir zamanda hər kəs [razılaşma əldə olunmazsa, yaranacaq] risklərin də fərqindədir".
Avropa İttifaqının İqlim məsələləri üzrə komissarı Wopke Hoekstra masa üzərində olan razılaşma mətnini “qəbuledilməz” və "lazım olan ambisiyadan uzaq" adlandırıb.
Wopke Hoekstra həmçinin bildirib ki, bu mətnlə bu tədbirdə konsensus əldə etmək mümkün olmayacaq.
Britaniya nümayəndələri isə bildirib ki, Bakıda keçirilən iqlim danışıqlarının iflasa uğramasını istəmirlər və növbəti iki gün ərzində danışıqlar davam etdirilməli və fikir ayrılıqları müzakirə olunmalıdır.
COP29-un ikinci həftəsində çıxış edən BMT Baş katibi Antonio Guterres deyib ki, ölkələrin razılaşma üçün həvəsli olduğunu hiss edir, ancaq fikir "fərqlilikləri qalmaqdadır". O bildirib ki, COP29 prezidentliyinə dəstəyini göstərməkdədir.
Razılaşma kimin fikrini əks etdirir?
COP29-un danışıqları əsasən inkişaf etmiş ölkələrdən maliyyə vəsaitinin əldə edilməsi və qazıntı yanacağının azaldılması üzərində qurulub.
Bəzi inkişaf etməkdə olan və neftlə zəngin ölkələr neft və qaz yanacağının azaldılması ilə bağlı sərt qərarlar qəbul edilməsinə qarşıdır, çünki bu, onların iqtisadiyyatına zərər verə bilər.
BBC-nin İqlim müxbirlərinə danışan diplomatlar COP29-un ev sahibi Azərbaycandan narazı olduğunu deyiblər. Onlar hesab edir ki, razılaşma layihəsi Ərəb ölkələrinin fikirlərini, eyni zamanda Səudiyyə Ərəbistanı, Çin, Hindistan və Boliviyanın fikirlərini əks etdirir.
Səudiyyə Ərəbistanı təklif edib ki, neft və qazın azaldılması barədə razılaşma ölkələr qarşısında xüsusi təlimat yox, təklif olaraq qoyulmalıdır.
İqlim dəyişikliyindən ən çox əziyyət çəkən kiçik ada dövlətlərini təmsil edən Samoa naziri Sedrik Şuster deyib ki, keçən il Dubayda əldə olunmuş irəliləyişi sarsıtmaq olmaz.
COP28 danışıqları keçən il Dubayda keçirilib və qazıntı yanacaqlarından istifadəni azaltmaq barədə razılıq əldə olunub.

Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu X
COP29-un ikinci həftəsində nələr olur?
Böyük Britaniya və Braziliyadan da bu razılığın əldə olunması üçün Azərbaycana kömək etməkləri istənilir. Braziliya gələn il COP30-a ev sahibliyi edəcək və bu il maliyyənin əldə olunmasında maraqlıdır. Britaniya isə bu ilki tədbirdə Baş nazir Keir Starmer səviyyəsində təmsil olunan dünyanın ən inkişaf etmiş ölkələrindəndir.
COP29-un ilk həftəsində maliyyə əldə olunacağına dair ümidsizliklər hiss olunurdu. Bunun əsas səbəbi Donald Trump-ın gələn il hakimiyyətə gəlməsindən sonra, ölkəsini Paris Razılaşmasından çıxaracağına dair narahatlıqlar idi. Hətta Trump-ın müttəfiqi olan Argentina prezidenti, ölkəsini COP29 danışıqlarından geri çəkdi.
2015-ci ildə imzalanmış Paris müqaviləsi dünyanın isinməsiylə mübarizəni tələb edir.
Keçən həftə əsas ölkələrin liderləri tədbirə gəlmədiyindən burada gözləntilər çox yüksək deyildi. Ancaq həftənin sonlarına yaxın koridorlarda və tədbirlərdə maliyyə razılaşması ilə bağlı bir qədər ümidli ab-hava hiss olunmağa başladı.
Tədbirin ikinci həftəsinin başlanğıcında keçirdiyi mətbuat konfransında COP29-un prezidenti Muxtar Babayev nikbin görünürdü və nikbin və müsbət sözlərini bir neçə dəfə işlətdi:
"Komandamız Bakıda COP29 tədbirində razılığın əldə edilməsi üçün tərəfdaşları bir araya yığmağa fokuslanıb. Biz nəticənin əldə oluna biləcəyi ilə bağlı optimistik və müxtəlif istiqamətlərdə müsbət nəticələrin olacağını düşünürük. Ona görə də, bizim işimiz çox ağırdır, indi hər tərəfdaşla, hər ölkə ilə danışıqlar aparırıq. İndi bütün liderlərin öz liderliklərini göstərmə və bu həftənin sonunda müsbət sonluq əldə etmək üçün bütün səyləri birləşdirmək vaxtıdır", - cənab Babayev deyib.
Burada fikirlər belədir ki, Trump Birləşmiş Ştatları Paris müqaviləsindən çəksə də, digər ölkələr, xüsusilə də inkişaf etmiş böyük ölkələr birlik olmalı və dünyanı havaya buraxdıqları qazlardan xilas etməli, yaşıl enerjiyə keçmək üçün digərlərinə də kömək etməlidirlər.
Belə fikirlərdən birini Avropa Komissiyasının iqlim üzrə komissarı Wopke Hoekstra səsləndirib:
"Mən çox ümid edirəm ki, biz bu konfransın bütövlüyünü və bütün xalqlara faydalı ola biləcək əməkdaşlığın genişləndirilməsi amilini saxlaya bilərik. Çünki bizim üzləşdiyimiz problem qlobal mahiyyət daşıyır. Ona görə də, hər kəsi, xüsusilə də gücü və təsir imkanı olan tərəfdaşları masa arxasında saxlamaq olduqca vacib məqamdır. Bu bizə qoyduğumuz hədəflərlə daha güclü şəkildə məşğul olmaq imkanı verir".
COP29-da maliyyə razılaşmasının əldə olunması ona görə önəmlidir ki, karbon və digər atmosfer üçün zərərli qazların dünyanı isitməsinin qarşısını almaq mümkün olsun - bu vəsait kasıb ölkələr üçün vacibdir, pul ayrılarsa, onlar istixana qazlarını azaltmaq imkanı əldə edə biləcəklər.
Ancaq aşağı gəlirli Afrika ölkələrindən birinin – Zimbabvenin nümayəndəsi bizə danışarkən çox bədbin idi. O hesab edir ki, böyük və vacib ölkələrin liderləri COP29-da iştirak etmədiyi üçün, maliyyə hədəfi barədə razılaşmanın əldə olunacağı ona inandırıcı gəlmir.
COP29-da kasıb ölkələrə maliyyənin məbləği barədə razılıq əldə olunarsa, bu, Azərbaycan üçün önəmli bir həftə olacaq - ancaq təkcə Azərbaycan üçün deyil, həm də istiləşməkdə olan dünyanın xilasında mühüm bir addım ola bilər.

Şəklin mənbəyi, Getty Images
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube







