ABŞ Prezidenti Trampın Floridadakı evinə yaxınlaşan şübhəli şəxs öldürülüb

Trumpın evi

Şəklin mənbəyi, AFP via Getty Images

Oxuma vaxtı: 1 dəq

ABŞ Gizli Xidməti Prezident Donald Trampın Florida ştatındakı Mar-a-Lago iqamətgahına qanunsuz şəkildə girməyə çalışan 20 yaşlarında bir kişinin öldürüldüyünü açıqlayıb.

Hazırda ABŞ Prezidenti Vaşinqtondadır. Gizli Xidmət öldürülən şəxsin yerli vaxtla saat 01:30-da iqamətgahın şimal qapısındakı mühafizə olunan ərazidə aşkar edildiyini bildirib.

Şübhəlinin əlində pompalı tüfəng və yanacaq dolu bir bidon olduğu qeyd edilsə də, onun nə etmək istədiyi hələ də məlum deyil.

Ağ Ev bu barədə hələ açıqlama verməyib.

Şübhəli şəxsin kimliyi açıqlanmayıb.

Gizli Xidmət agentlərinin ona atəş açdığı və hadisə zamanı qurumun qoruması altında olan heç kimin iqamətgahda olmadığı bildirilib.

Polis rəsmiləri mətbuat konfransında şübhəlinin gəzdirdiyi iddia edilən tüfəngin fotosunu göstəriblər.

Şəklin mənbəyi, Palm Beach Polisi

Şəklin alt yazısı, Polis rəsmiləri mətbuat konfransında şübhəlinin gəzdirdiyi iddia edilən tüfəngin fotosunu göstəriblər.

FBI sözçüsü Brett Skiles, hadisənin Gizli Xidmətin mühafizəsi altında olan ərazidə baş verdiyini və FBI-ın sübut topladığını deyib.

O, həmçinin təhlükəsizlik kameralarında hər hansı şübhəli vəziyyət görənlərin polisə müraciət etməsini istəyib.

Tramp daha əvvəl bir sıra sui-qəsd planları və cəhdlərinə məruz qalmışdı.

2024-cü ilin sentyabrında, prezident seçkilərindən iki ay əvvəl Trampı Florida'dakı qolf sahəsində öldürməyi planlayan 59 yaşlı Ryan Routh ömürlük həbs cəzasına məhkum edilmişdi.

Tramp, Routh-un sui-qəsd cəhdindən iki ay əvvəl də Pensilvaniya'dakı seçki mitinqində sui-qəsd hücumuna məruz qalmışdı.

20 yaşlı Matthew Crooks mitinq zamanı bir neçə dəfə atəş açmış, güllələrdən biri ABŞ Prezidentinin qulağından sıyıraraq keçmişdi.