COP29-un Azərbaycan prezidentliyi karbon barədə razılaşmanın təsdiqinə nail olub

COP29-un prezidenti Muxtar Babayev bağlanış sessiyasında

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, COP29-un prezidenti Muxtar Babayev bağlanış sessiyasında

Azərbaycanın COP29 prezidentliyi şənbə günü karbon bazarları barədə razılaşmanın qəbul olunmasına nail olub.

Bu, karbon bazarları barədədir və ölkələrin bir-birilə istixana qazları mübadiləsi kimi bir şeydir. Məsələn, bir ölkə atmosferə qazlar buraxır, digərində isə çoxlu ağac var və ağaclar karbon qazını udur. Bu zaman atmosferə qaz buraxan ölkə, meşələri olan ölkəyə pul ödəyir.

Bu məsələ 9 ildir ki, razılaşdırıla bilmirdi və 2015-ci ildə Paris razılaşmasından sonra ölkələr bu barədə razılığa gələ bilmirdi.

COP29 konfransı noyabrın 22-də başa çatmalı idi, ancaq zəngin ölkələr və kasıb ölkələr pul barədə razılığa gələ bilmədiyindən vaxtı iki günə yaxın uzadılıb.

COP29-un Azərbaycan prezidentliyi razılaşma mətninə ildə 250 milyard dollar maliyyə vəsaiti rəqəmini daxil edib. Kasıb ölkələr bunu qəbul etmirlər. Onlar özlərinə ayrılacaq, iqlim dəyişikliyilə mübarizə üçün yardımın məbləğinin ən azı 500 milyard dollar olmasını istəyirlər.

Azərbaycanın hazırladığı iqlim maliyyə sənədi tənqid edilir

Bakı COP29-da iqlim dəyişiklikləri ilə mübarizə aparmaq üçün lazım olan maliyyənin ilkin razılaşma mətni tənqidlərlə üzləşib.

Razılaşma mətninin son variantı hələ ki, hazır deyil, ona görə də, COP29-un vaxtı bir gün də uzadılıb - şənbə günü davam etməkdədir.

Almaniyalı nazir Azərbaycanda insan haqlarının vəziyyətini tənqid edib

Bakı COP29-da iştiak edən Almaniyanın xarici işlər naziri Annalena Baerbock cü

Şəklin mənbəyi, UNFCCC

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Bakı COP29-da iştiak edən Almaniyanın xarici işlər naziri Annalena Baerbock cümə axşamı keçirdiyi mətbuat konfransında deyib ki, Azərbaycan hökuməti ilə siyasi müzakirələrin bir hissəsi insan haqlarının vəziyyətidir.

“Azərbaycanda insan haqlarının vəziyyəti narahatlıq doğurur. Media işçilərinin, fəalların, müxalifət nümayəndələrinin həbsi çox narahatlıq doğurur”, - o deyib.

Almaniyalı nazir ev həbsində olan iqtisadçı-alim Qubad İbadoğluna qoyulan ökədən çıxış qadağasının aradan qaldırılmasını azərbaycanlı rəsmilərlə bir neçə dəfə müzakirə etdiyini açıqlayıb.

Azərbaycan hökuməti ölkədə söz və ifadə azadlığının qorunduğunu, saxlanan şəxslərin konkret cinayət əməllərinə görə mühakimə olunduğunu deyir.

Bundan başqa, Annalena Baerbock Avropa Şurası Parlament Assambleyasının 76 üzvünə Azərbaycana giriş qadağasını "qəbuledilməz" adlandırıb və bunun Azərbaycanın Avropa Şurasındakı öhdəlikləri ilə bir araya sığmadığını deyib.

Bu qadağa yanvar ayında avropalı deputatların Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin dondurulması barədə qətnamənin lehinə səs verməsindən sonra baş verib.

Prezident İlham Əlyev bu ilin sentyabrında deyib ki, Azərbaycan nümayəndə heyəti AŞPA-ya qayıdandan sonra qadağa da götürüləcək.

Paylaşımını ötürün YouTube, 1
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

Paylaşımın sonu YouTube, 1

"Vaxt azdır", - BMT-nin Baş katibi Antonio Guterres deyib"

Bakı COP29 BMT-nin Baş katibi Antonio Guterres

Şəklin mənbəyi, BMT İqlim Dəyişiklikləri/ Kiara Worth

COP29-un bağlanış tədbirində iştirak etmək üçün yenidən Azərbaycana gələn BMT-nin Baş katibi Antonio Guterres deyib ki, o, yenicə Böyük 20-liyin sammitindən qayıdıb və burda da iqlim məsələləri müzakirə olunub.

Bu gün çıxış edən BMT Baş katibi Antonio Guterres deyib ki, ölkələrin razılaşma üçün həvəsli olduğunu hiss edir, ancaq fikir "fərqlilikləri qalmaqdadır". O bildirib ki, COP29 prezidentliyinə dəstəyini göstərməkdədir.

Antonio Guterres deyib ki, Bakıda yeni iddialı iqlim maliyyəsi məqsədinə dair sazişə ehtiyac var və "vaxt azdır".

Azərbaycan "avtobus parkını tamamilə elektrikləşdirmək" istəyir

Azərbaycan 2030-cu ilə qədər avtobus parkını tamamilə elektrikləşdirmək niyyətindədir. Bunu çərşənbə günü Bakı COP29-da rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

Onun sözlərinə görə, bu, ölkənin davamlı şəhər nəqliyyatına dair öhdəliyinin bir hissəsidir.

Nazir hesab edir ki, Bakıda avtobuslara ayrılmış xüsusi zolaqlar onların orta hərəkət sürətini “18 km/saatdan 22 km/saata qədər artırıb”.

Rəşad Nəbiyev deyib ki, Azərbaycan hökuməti 2030-cu ilə qədər istixana qazı emissiyalarını 35 faiz azaltma öhdəliyinə çatmaq üçün Mobilliyin Transformasiyası Proqramını işə salıb.

“Bu plan çərçivəsində biz Bakıda şəxsi avtomobil səyahətlərini 40 faiz azaltmaq və əhalinin 90 faizinin ictimai nəqliyyata çıxışını təmin etmək istəyirik. Bundan əlavə, velosiped və skuterlər üçün 100 kilometrdən çox mikromobil infrastruktur yaratmağı planlaşdırırıq”, - o deyib.

COP29 Bakı yaşıl nəqliyyat

Şəklin mənbəyi, Azərtac

Turizm və iqlim dəyişiklikləri

COP29

Şəklin mənbəyi, Azərtac

Bu gün Bakıda COP29 çərçivəsində “Turizm günü” tədbiri keçirilib, Azərtac yazıb.

İştirakçılar turizm sahəsinin iqlim fəaliyyətinin təkmilləşdirilməsi üzrə görə biləcəyi işlərlə bağlı müzakirələr aparıb.

Çıxış edən BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen bildirib ki, “turizm məsələsini iqlim dəyişikliyi kontekstində gündəmə gətirmək çox vacibdir”.

“Çünki emissiyalar üzrə hesabatlar bizə göstərir ki, hazırda doğru istiqamətdə irəliləmirik. Çünki 2023-cü ildə emissiyalarımız azalmaq əvəzinə 1,3 faiz artıb. Əslində, 2030-cu ilə qədər 1,5 dərəcə selsi həddində qalmaq istəyiriksə, emissiyalarımızı 41 faiz azaltmalıyıq.

2 dərəcə həddinə çatmaq istəyiriksə ki, - düşünürəm, bunu istəmirik, - o zaman emissiyalarımızı 28 faiz azaltmalıyıq. Bunun üçün beş ilimiz var, lakin bu, tamamilə mümkündür”, - İnger Andersen bildirib.

Onun sözlərinə görə, turizm sektorunun iqlim dəyişikliyi kontekstində dayanıqlığı təmin etmək üçün böyük potensialı var.

Xəzər dənizi niyə çirklənir?

COP29

Şəklin mənbəyi, Azərtac

Çərşənbə günü Bakıda ikinci həftədir keçirilən COP29-da Xəzər dənizinin ekoloji problemləri və çirklənmə mənbələri müzakirə olunub.

Bildirilib ki, ekoloji problemin səbəbləri dənizdə karbohidrogen ehtiyatlarının axtarışı, hasilatı və nəqli zamanı ekoloji tələblərin gözlənilməməsi, sənaye tullantıları, çay suları ilə dənizə müxtəlif çirkləndirici maddələrin gətirilməsi və bu kimi digər amillərlə bağlıdır.

Müzakirələrdə Xəzər dənizinin neft məhsulları ilə çirklənməsinin aerasiya prosesini ciddi şəkildə pozduğu, dəniz fauna və florasının məhv olmasına gətirib çıxardığı da vurğulanıb.

“Xəzər dənizinin səviyyəsi azalır və yaxın 50 ildə daha çox azalma ehtimalı var”, - Azərbaycanın müraciəti əsasında BMT-nin Ətraf Mühit Proqramı (UNEP)-nın hazırladığı sənəddə deyilir.

Sənədə görə, bu da ətraf mühitə, iqtisadiyyata, infrastruktura və sahilyanı dövlətlərin davamlı inkişafına mənfi təsir göstərə bilər, Azərtac yazıb.

Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev deyib ki, dənizdə suyun azalmasının təsirlərinin yumşaldılmasına və yeni şəraitə uyğunlaşmasına yönəlmiş birgə strategiyaların işlənib hazırlanması üçün Xəzəryanı ölkələrin əməkdaşlığı zəruridir.

Noyabrın 19-da COP 29 çərçivəsində "Qlobal iqlim şəffaflığı üzrə nazirlərin dəyirmi masası" keçirilib. Tədbirdə COP29 prezidenti Muxtar Babayev bildirib ki, “Qlobal İqlim Şəffaflığı üzrə Bakı Bəyannaməsi Şəffaflıq Platforması ilə paralel işləyəcək”.

“Mən ikiillik şəffaflıq hesabatlarına və COP29 Sədrliyinin iqlim fəaliyyətində şəffaflığı necə dəstəklədiyinə diqqət yetirmək istərdim. Şəffaflıq beynəlxalq prosesdə inam və etibar yaradır. O, bizim məsuliyyətimizi dəstəkləyir və iqlim fəaliyyətinə dair ambisiyalarımızı artırır.

Azərbaycanın İkiillik Şəffaflıq Hesabatının (BTR) bu həftə təqdim olunmağa hazır olduğunu bildirməkdən məmnunam. Şəffaflıq, həmçinin ölkələrə iqlimlə bağlı fəaliyyət potensiallarını daha yaxşı anlamağa və ehtiyaclarını müəyyən etməyə kömək edir", - Muxtar Babayev bildirib.

Artıq 11 ölkə İkiillik Şəffaflıq Hesabatlarını təqdim edib.

Cümə günü COP 29 tədbirləri çərçivəsində SOCAR-la Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının şirkətləri arasında Xəzər dənizinin Azərbaycan sektorunda 3,5 giqavatlıq külək elektrik enerjisi istehsalı üzrə əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb, Azərtac xəbər verir.

Bu layihə çərçivəsində Azərbaycanda dənizdə ilk külək stansiyaları inşa olunacaq.

Əməkdaşlıq sazişi Bakıda COP29-un beşinci günü imzalanıb.

İki gün əvvəl tədbir çərçivəsində keçirilən Dünya Liderləri Sammiti artıq bitib.

Liderlər sammitindən sonra COP29-da təhsil, maliyyə, kənd təsərrüfatı, urbanizasiyaya və digər sahələrin iqlim dəyişikliyi ilə əlaqəli məsələləri müzakirə olunur.

Bu müzakirələrdə iqlim böhranının aradan qaldırılmasının sürətləndirilməsi üçün təcrübələr, ideyalar bölüşüləcək, yeni əməkdaşlıqlar qurulacaq.

COP29 çərçivəsində noyabrın 14-də keçirilən tədbirdə COP29-un prezidenti Muxtar Babayev bildirib ki, “qobal iqlim məqsədlərinə nail olmaq imkanları çox genişdir, sadəcə, həmrəyliyə ehtiyac var", APA yazıb.

Onun sözlərinə görə, "İqlim böhranı ekzistensional xarakter daşıyır. Əsas məqsədlərdən biri insanların həyatını xilas etmək üçün iqlim maliyyəsinin təminatına nail olmaqdır".

COP29

Şəklin mənbəyi, Azərtac

Şəklin alt yazısı, Sənədi SOCAR-ın prezidenti Rövşən Nəcəf(ortada), “Masdar” şirkətinin baş icraçı direktoru Məhəmməd Cəmil Əl-Ramahi(sağda) və “ACWA Power” şirkətinin baş icraçı direktoru Marko Arçelli (solda) imzalayıblar.

COP29-un baş danışıqçısı Yalçın Rəfiyev bildirib ki, noyabrın 14-də İsveç Yaşıl İqlim Fonduna 8 milyard kron və ya 730 milyon dollar ayıracağına söz verib.

"Qoyulan hədəfə çatmaq üçün bu gün COP tədbirlərinə ev sahibliyi etmiş ölkələri, beynəlxalq maliyyə institutlarını və özəl sektorun təmsilçiləri arasında birbaşa dialoqun aparılması üçün tədbirlərə start verdik", Rəfiyev qeyd edib.

Onun sözlərinə görə, bu, iqlim maliyyələşməsi və ticarət və investisiya məsələlərində inkişafa nail olmaq məqsədi daşıyır.

COP29-un iqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarinin eyni gündə biznes, investisiya və filantropiya iqlim platformasını keçirəcəyi planlaşdırılır.

Biznes, investisiya və filantropiya sahəsindən 1100 liderinin iştirak edəcəyi tədbir iqlim böhranlarını həll etmək üçün onların hökumətdən nələr istədiklərini və gözləntilərini dilə gətirməsi üçün platforma olacaq.

"Biz onlardan dünya ictimaiyyətinə güclü mesaj vermələrini istəyirik ki, onlar özəl sektorun iqlim məsələlərinin həllinə dəstək olmağa hazır olduqlarını bildirsinlər və bugün onların bu istiqamətdə addım atması üçün bir şansdır", Rəfiyev əlavə edib.

Tədbirdə pensiya fondları, rifah fondları, ailə idarəetmə birlikləri və fondları yeni əməkdaşlıq imkanlarını elan edəcəklər.

"Bu əməkdaşlıq bir il ərzində 1 trilyon dollar maliyyə hədəfini toplamaq əzmindədir", o qeyd edib.

Noyabrın 13-də Bakıda COP29 çərçivəsində Dünya Liderləri Sammitinin ikinci günü başa çatıb.

Sammitdə iştrak etmək üçün İtaliyanın Baş naziri Giorgia Meloni, Yunanıstanın Baş naziri Kyriakos Mitsotakis, Xorvatiyanın Baş naziri Andrej Plenkovic və tanınmış braziliyalı futbolçu Ronaldinho çərşənbə günü Azərbaycana gəliblər.

Noyabrın 13-də COP29 çərçivəsində keçirilən İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində çıxış edən Prezident İlham Əliyev bildirib ki, “Azərbaycan kiçik ada dövlətlərinə sarsılmaz dəstəyini göstərir”, -Azərtac xəbər verir.

“Biz məhz fəlakətdən əziyyət çəkən bir sıra ölkələrə, qasırğalardan, zəlzələlərdən və daşqınlardan əziyyət çəkən ölkələrə yardım göstərmişik.

COP29

Şəklin mənbəyi, Azərtac

Şəklin alt yazısı, İlham Əliyev António Guterres ilə

Biz, həmçinin ərzaq təhlükəsizliyi, mədəni irsin qorunmasında yardım göstərmişik. Bir çox kiçik ada ölkələri bizim təqaüd proqramlarından yararlanıb, onların vətəndaşları Azərbaycandakı universitetlərdə təhsil alıb”, -deyə İlham Əliyev bildirib.

Noyabrın 12-də Bakıda COP29 çərçivəsində Liderlər Sammitinin açılış mərasimi keçirilib.

Tədbirin açılışında çıxış edən Prezident İlham Əliyev Azərbaycanın ixrac bazarlarına diqqət yetirdiyini və öz tərəfdaşları ilə birgə mühüm enerji təhlükəsizliyi layihələrini həyata keçirməyə çalışdığını bildirib.

Onun sözlərinə görə, “bunlardan biri Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsidir”.

“Bunun sayəsində biz yaşıl enerjini Avropaya nəql edəcəyik. Bu kabelin texniki potensialı və yeri gəlmişkən, texniki əsaslandırma işləri bu yaxınlarda bitəcək. Onun imkanları iki giqavat olacaq. Bu, yalnız başlanğıcdır”, -deyə Prezident bildirib.

BMT-nin Baş katibi Antonio Guterres isə açılış mərasimindəki çıxışında bildirib ki, “bu tədbir iqlim maliyyəsi yolundakı divarları dağıtmalıdır”, - Azərtac yazır.

“İnkişaf etməkdə olan ölkələr Bakını boş əllə tərk etməməlidirlər. Razılaşma zəruridir.Bizə müvafiq ana uyğun yeni maliyyə hədəfi lazımdır. İqlim maliyyələşdirməsi lazımdır, əks halda, bəşəriyyət bunun əvəzini ödəyəcək", - deyə cənab Guterres əlavə edib.

"Əgər biz cəngəlliyiksə..."

İlham Əliyev COP29

Şəklin mənbəyi, Azərtac

“Əgər Avropanın əsas diplomatı Josep Borrell Avropanı bağ, dünyanın qalan hissəsini isə cəngəllik adlandırırsa, onda Avropa Parlamenti ilə Avropa Şurası Parlament Assambleyasından daha nə gözləmək olar?! Əgər biz cəngəlliyiksə, onda bizdən kənar durun və işlərimizə qarışmayın”, - noyabrın 13-də Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin sammitində Prezident İlham Əliyev deyib.

O, Fransanı müstəmləkəçilik siyasəti yürütməkdə ittiham edərək bildirib ki, Yeni Kalenoniyada ölümlə nəticələnən etirazlara baxmayaraq, Fransa “nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də ki, Avropa Şurasının Parlament Assambleyası tərəfindən pislənilib”.

Ilham Əliyev bunu “siyasi riyakarlıq” adlandırıb və deyib ki, Fransadakı bütün siyası məhbuslar dərhal azad olunmalıdır.

O bildirib ki, kiçik ada dövlətlərinin “səsi qlobal arenada eşidilməlidir”. Azərbaycan Prezidenti vurğulayıb ki, Bakı Millətlər Birliyinin kiçik ada dövlətlərindəki birgə layihələrini dəstəkləmək üçün 10 milyon ABŞ dolları məbləğində vəsait ayırıb.

Taliban COP29-dan nə qazanmağa ümid edir?

2021-ci ildə Əfqanıstanda hakimiyyətə gəldikdən sonra Taliban hökumətinin nümayəndə heyəti ilk dəfədir ki, COP iqlim konfransında iştirak edir.

Taliban hökuməti beynəlxalq səviyyədə tanınmayıb, lakin onlar BMT-ni iqlim konfransında iştirak etməyə icazə verməyə çağırıblar.

Talibanın ətraf mühitin mühafizəsi agentliyindən aldığımız məlumata görə, Taliban üç il əvvəl Əfqanıstanda hakimiyyətə qayıtdıqdan sonra iqlimlə bağlı 30-dan çox layihə dayandırılıb.

Dəyəri milyonlarla ABŞ dolları olan bu layihələr əsasən ölkədə iqlim dəyişikliyinin təsirini azaltmaq məqsədi ilə beynəlxalq donorlar tərəfindən maliyyələşdirilib.

BMT-nin məlumatına görə, Əfqanıstan dünyada iqlim fəlakətlərinə ən həssas olan ilk 10 ölkədən biridir, ancaq o, iqlim dəyişikliyinə ən az töhfə verir.

Taliban hökumətinin beynəlxalq diqqəti cəlb etmək ümidi ilə BMT-nin qlobal konfransına qoşulmasına icazə verilməsi siyasi baxımdan əhəmiyyətlidir, BMT isə dayandırılmış iqlim layihələrinin tezliklə bərpa olunacağına ümid edir. BBC News Azərbaycanca Taliban hökumətindən eksklüziv müsahibə alıb.

Keir Starmer, Böyük Britaniyanın baş naziri

Şəklin mənbəyi, PA Media

Şəklin alt yazısı, Böyük Britaniyanın Baş naziri Keir Starmer

Böyük Britaniya COP29 tədbirinin ikinci günündə "iddialı" iqlim hədəfini açıqlayıb.

Britaniyanın Baş naziri Keir Starmer 2035-ci ilə qədər ölkədə emissiya səviyyəsini 1990-cı illə müqayisədə 81% azaltmağı hədəfləndiyini deyib.

O bununla əlaqədar BBC müxbiri Alex Forsyth-ın sualına cavabında deyib ki, o, əhaliyə necə yaşamağı diktə etməyəcək, amma aydındır ki, iddialı 2030-cu il təmiz enerji missiyasına çatmaq mühümdür.

COP29 - ilk gün necə keçdi?

Noyabrın 11-də Bakıda BMT-nin İqlim Dəyişiklikləri konfransı - COP29 başlayıb.

Tədbirin ilk günündə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının gündəliyi təsdiq edilib. COP29 Prezidenti Muxtar Babayev Kyoto Protokolu və Paris İqlim Razılaşmasının İdarə Heyətinin seçilməsi üzrə məsləhətləşmələri 16 noyabr tarixinədək bitirməyi təklif edib, yerli media yazır.

Bazar ertəsi,həmçinin COP29-da iştirak edən müxtəlif ölkələrdən gəlmiş bir qrup könüllü Fələstinə dəstək aksiyası keçirib. Təşkilatçılar bildiriblər ki, aksiyaya səbəb dünyanın diqqətini “Fələstində mülki əhalinin öldürülməsinə” yönəltməkdir. Aksiyaçılar “Soyqrıma son!”, “İşğala son!”, “Haqları qaytarın!” yazılı plakatlar qaldırıb, şüarlar səsləndiriblər.

Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş ilə görüşüb.

Prezident.az saytı bildirir ki, cənab Quterreş COP29-a sədrliyə görə Azərbaycana uğurlar arzu edib və COP çərçivəsində G20-nin tədbirində və COP-un bağlanış mərasimində də iştirak edəcəyini bildirib.

Prezident İlham Əliyev deyib ki, Azərbaycan müxtəlif ölkələr arasında konsensusun tapılması və həmrəyliyin əldə olunması istiqamətində səylərini bundan sonra da davam etdirəcək.

COP29 Bakı

COP29 tədbirinin ilk günündə Azərbaycan Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti Bəyannaməsini imzalayaraq, iqlim siyasətində uşaqları ön plana çəkmək öhdəliyi götürüb.

Bu bəyannamə inklüziv, həmçinin, uşaqlar və gəncləri rəhbər tutan iqlim siyasətlərini və fəaliyyətlərini sürətləndirmək üçün yerli və qlobal səviyyələrdə qəbul edilmiş ilk belə çərçivədir. İqlim dəyişmələri uşaqların sağlamlığına, inkişafına, təhlükəsizliyinə və əsas xidmətlərə çıxışına ciddi təsir göstərir.

Bir milyarda yaxın uşaq – yəni dünyanın uşaq əhalisinin yarısı – iqlim dəyişmələri və çirklənmənin təsirlərindən "son dərəcə yüksək risk" altında olan 33 ölkədən birində yaşayır.

COP29

Şəklin mənbəyi, COP29 Azərbaycan/X

Şəklin alt yazısı, COP29 prezidenti Muxtar Babayev Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti Bəyannaməsini imzalayır

Bundan əvvəl tədbirdə iştirak etmək üçün Bakıda olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Simon Stiell COP29-un açılışında çıxış edib.

Cənab Stiell iqlim böhranın dünyanın hər bir fərdinə bu və ya digər şəkildə təsir etdiyini deyib. O qeyd edib ki, "iştirakçılar Bakıda yeni qlobal iqlim maliyyəsi məqsədini razılaşdırmalıdır”.

“Bir COP bütün dünyanın ehtiyac duyduğu transformasiyanı edə bilməz. Əgər dünya dövlətlərinin ən azı üçdə ikisi tullantıları tez bir zamanda azalda bilmirsə, o zaman bu, hər bir dövlətə baha başa gələcək. Əgər dövlətlər təchizat zəncirlərində möhkəmlik qura bilməsələr, bütün qlobal iqtisadiyyat çökəcək. Beləliklə, iqlimin maliyyələşdirilməsinin xeyriyyəçilik olduğuna dair hər hansı bir fikirdən daşınmalıyıq”,- deyə İcraçı katib bildirib.

Simon Stiell, həmçinin qeyd edib ki, “təmiz enerji və infrastruktur sərmayəsi 2024-cü ildə iki trilyon dollara çatacaq və bu, qalıq yanacaqlardan demək olar iki dəfə çoxdur".

Simon Stiell , COP29

Şəklin mənbəyi, Azərtac

Şəklin alt yazısı, Simon Stiell

“Təmiz enerjiyə və dayanıqlı iqlimə keçid dayandırılmayacaq. Bizim işimiz bunu sürətləndirmək və onun böyük faydalarından bütün ölkələr və xalqların yararlana biləcəyinə əmin olmaqdır . Biz uyğunlaşma göstəricilərini razılaşdırmalıyıq. Ölçmədiyiniz bir şeyi idarə edə bilməzsiniz. Biz itki və ziyana görə maliyyə və texniki dəstək üçün yeni mexanizmləri təkmilləşdirməyə davam etməliyik”, o bildirib.

Simon Stiell-in sözlərinə görə, “bu il təqdim olunacaq İkiillik Şəffaflıq Hesabatları əldə edilən irəliləyişlər və doldurulmalı olan boşluqlar haqqında daha aydın təsəvvür yaradacaq”.

“Gələn il bütün ölkələr müəyyənləşdirilmiş milli töhfələrini (NDC) təqdim edəcəklər. Ölkələrə onları yaratmaq və çatdırmaqda dəstək olmaq üçün İqlim Planı Kampaniyasına başlayacaq. O, bütün maraqlı tərəflərin fəaliyyətlərini səfərbər edəcək və BMT Baş katibinin və Braziliyanın COP gələnilki sədrliyinin səyləri ilə uyğunlaşacaq. Paralel olaraq, 2025-ci ildən etibarən İqlim Həftələrinə yenidən başlayacağıq. Əhəmiyyətli nəticə olmadan biz Bakını tərk edə bilmərik. Bu anın əhəmiyyətini qiymətləndirən Tərəflər buna uyğun hərəkət etməlidirlər. Burada - COP29-da qətiyyət nümayiş etdirilməlidir”, cənab Stiell deyib.

COP29 Bakı

Şəklin mənbəyi, Getty İmages

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti bu gün və sabah təşkil olunur.

Bəzi ölkə prezidenti və ya baş nazirinin rəhbərliyi ilə nümayəndə heyətləri artıq Azərbaycandadır.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasıdır.

Qlobal iqlim dəyişikliyi ilə mübarizəyə həsr olunan dünyanın ən böyük tədbiri sayılan COP-un 29-cu iclası Azərbaycanın tarixindəki ən böyük beynəlxalq tədbirdir.

Tədbirdə iştirak etmək üçün 67 min nəfər qeydiyyatdan keçib, rəsmi məlumatlarda deyilir.

COP29-a görə Azərbaycanda məktəblər üçün iki həftəlik tətil elan edilib, ali təhsil müəssisələri distant təhsilə keçirilib.

Bakıda bir çox ictimai nəqliyyat olaraq avtobusların marşrutları dəyişdirilib, şəhərin bəzi yerlərində, o cümlədən paytaxta giriş məhdudlaşdırılıb.

Bakıda hansı yolların bağlı olduğunu bu videodan öyrənə bilərsiniz.

Paylaşımını ötürün YouTube, 2
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

Paylaşımın sonu YouTube, 2

Hər il fərqli bir ölkənin ev sahibliyi etdiyi 29-cu "Tərəflərin Konfransı" (ingiliscə COP-"Conference of the Parties)" noyabrın 11-dən 22-dək Azərbaycan paytaxtı Bakıda, Bakı stadionunda keçiriləcək.

Bundan əvvəlki tədbir - COP28 keçən il Dubayda keçirilib.

Bir neçə ildir ki, dünya ölkələri dünyada karbon qazının (CO2) miqdarını sənayeləşmədən əvvəlki dövrdə olduğu kimi 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq üzrə irəliləyişə nail olmağa çalışırlar və bunu COP adlanan illik konfransda növbəti addımları müzakirə edirlər.