Taliban hökuməti COP29-dadır: inkişaf etmiş ölkələrdən maliyyə yardımı istəyir

Ruhulla Amin. Əfqanıstanın COP29-da nümayəndə heyətinin üzvü. Bakı
Şəklin alt yazısı, Ruhulla Amin. Əfqanıstanın COP29-da nümayəndə heyətinin üzvü. Bakı
    • Müəllif, Könül Xəlilova, Səadət Akifqızı, Fərid Həsənov
    • Vəzifə, BBC Azərbaycanca, Bakı

Taliban hökuməti deyir ki, onlar iqlim dəyişikliyi məqsədlərini həyata keçirmək üçün inkişaf etmiş ölkələrdən “kifayət qədər” maliyyə gözləyirlər.

Bakıda BBC-nin Azərbaycan xidmətinə eksklüziv müsahibə verən Əfqanıstanın COP29 nümayəndə heyətinin üzvü Ruhulla Amin bura gözləntilərlə gəldiklərini deyir.

“Əfqanıstan nümayəndə heyəti olaraq, biz COP29-a gəldik və bütün tərəflərin kollektiv səylərini birləşdirməsini gözləyirik, çünki bu, qlobal bir problemdir və iqlim dəyişiklikləri ən az inkişaf etməkdə olan ölkələrə təsir edir və müxtəlif maraqlı tərəflərin kollektiv şəkildə birlikdə işləməsinə ümid edirik...” – o deyir.

Taliban qüvvələrinin 2021-ci ildə hakimiyyətə qayıdışından bəri Əfqanıstan beynəlxalq arenada, demək olar ki, görünmür və üç ildən bəri COP konfranslarında iştirak etmirdi. Bakıda noyabrın 11-dən başlayan və ayın 22-nə qədər davam edəcək COP29-da iştirak etməklə Taliban hökumətinin yüksək səviyyədə beynəlxalq təmaslara çıxışı yaranır.

İqlim dəyişikliyinə ən həssas olan ölkələrdən biri olan Əfqanıstan şiddətli quraqlıqlar, daşqınlar və zəlzələlərlə üzləşir, iqlimin yaratdığı fəlakətlər onun vətəndaşlarının vəziyyətini pisləşdirir. Taliban hökuməti ölkənin ağır ekoloji problemlərini vurğulamaq və qlobal iqlim təşəbbüslərinə daxil olmaq üçün beynəlxalq qurumlarla əlaqə saxlayıb.

“Tərəflərdən, inkişaf etmiş ölkələrdən yaşıl iqlim, fondun uyğunlaşması və qlobal iqlim obyektləri üçün kifayət qədər büdcə, qlobal maliyyə mexanizmləri gözləyirik ki, iqlim dəyişikliyindən daha çox təsirlənən ölkələr yüksək keyfiyyətli konsepsiya və təklif hazırlamaq üçün katibliyə təqdim etməkləri, xüsusilə adaptasiya, o cümlədən təsirin azaldılması layihələri [maliyyələşdirilsin]”, - Ruhulla Amin deyir.

O deyir ki, onlar Əfqanıstanın iqlim dəyişikliyinin təsirinə məruz qalması haqqında danışmaq və iqlim problemlərinin idarə olunmasında təcili beynəlxalq dəstəyə ehtiyacı vurğulamaq üçün buradadırlar. BBC Azərbaycanca Taliban hökumətinin iqlim dəyişikliyinin qarşısının alınması üçün hansı öhdəlik götürdüyünü soruşduqda, Ruhulla Amin “öhdəlikləri olduğunu” söyləyir.

“Bizim 16 ekoloji konvensiyaya və protokollara, hətta Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişikliyi üzrə Çərçivə Konvensiyasına üzvlüyümüz var - biz UNFCCC məqsədlərini və vəzifələrini həyata keçiririk, öhdəlik götürürük, Əfqanıstanın milli strategiyasını yeniləmişik və təqdim etmişik”.

Əfqanıstan uzun sürən quraqlıqlar, daşqınlar və zəlzələlər də daxil olmaqla, iqlimin yaratdığı fəlakətlərdən, vətəndaşlarının çətinliklərini daha da artıran ciddi problemlərlə üzləşir.

Taliban hökuməti bildirir ki, onlar beynəlxalq iqlim danışıqlarından kənarda qalmamalıdırlar və Əfqanıstanın beynəlxalq yardıma ehtiyacı var. Hakimiyyətə gəldikdən sonra beynəlxalq qurumlar tərəfindən verilən yardımlar, əsasən onun siyasətlərinə görə kəsilib.

Taliban hökuməti, əsasən, qadınların hüquqlarını məhdudlaşdırdığına görə, BMT-yə üzv dövlətlər tərəfindən rəsmi olaraq tanınmır. Qrupun BMT Baş Assambleyasında Əfqanıstandakı yerini tutmasına da icazə verilməyib.

Bu, son illərdə şiddətli daşqınlar və quraqlıqlardan ciddi şəkildə təsirlənsə də, ölkəni iqlim danışıqlarından kənarda saxlayıb. Bu, həmçinin Əfqanıstanın ətraf mühitin maliyyələşdirilməsi mexanizmlərinə çıxışını da məhdudlaşdırıb.

COP29, şübhəsiz ki, Taliban qüvvələrinin hakimiyyətə qayıtmasından sonra onun iştirak etdiyi ən yüksək səviyyəli tədbirdir. Onun rəsmiləri Qətərdə BMT-nin Əfqanıstanla bağlı təşkil etdiyi görüşlərdə, Taliban hökumətinin nazirləri isə son iki ildə Çin və Mərkəzi Asiyada keçirilən forumlarda iştirak ediblər.

Videoya YouTube kanalımızda baxın.