COP29-a kimlər gəlib?

Şəklin mənbəyi, Azərtac
Bu gün Bakıda COP 29 tədbiri çərçivəsində Dünya Liderlərinin Sammitinin ikinci günü keçirilir. Bugunki tədbirdə iştirak etmək üçün İtaliyanın Baş naziri Giorgia Meloni, Yunanıstanın Baş naziri Kyriakos Mitsotakis, Xorvatiyanın Baş naziri Andrej Plenkovic və tanınmış braziliyalı futbolçu Ronaldinho çərşənbə günü Bakıya gəliblər.
Noyabrın 12-də Prezident İlham Əliyev tədbirin açılışında deyib ki, COP29 üçün 196 ölkədən 72 min iştirakçı qeydiyyatdan keçib.
Onun sözlərinə görə, onların arasında 80 prezident, vitse-prezident və baş nazir var.
Türkiyə Prezidenti Recep Tayyip Erdoğan, Pakistanın Baş naziri Muhammad Shehbaz Sharif, Polşa Prezidenti Andrzej Duda, Moldova Prezidenti Maia Sandu, Macarıstanın Baş naziri Viktor Orban, Avropa Şurasının Baş katibi Alain Berset və digər liderlər tədbirdə iştirak edirlər.
Rəsmiləri sammitin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və BMT-nin Baş katibi António Guterres qarşılayıb.

Şəklin mənbəyi, Azərtac
Bazar ertəsi COP29 tədbirində iştirak etmək üçün Slovakiya, Serbiya, Belarus, İraq, Finlandiya, Monteneqro, Konqo Respublikası, BƏƏ, Avropa İttifaqı Şurası, Bolqarıstan, Toqo, Özbəkistan, Tacikistan, Qırğızıstan prezidentləri, BMT-nin baş katibi bazar ertəsi Bakıya gəliblər.
Britaniya Baş naziri Keir Starmer COP29-un 100-dən çox dövlət liderlərinin qoşulacağı sammitində iştirak etmək üçün bazar ertəsi günü Bakıya gəlib.
Onun Britaniyanın əhalinin hiss etdiyi problemlərin həlli üçün məsuliyyətli beynəlxalq fəaliyyətə qayıtması ilə bağlı açıqlama verəcəyi gözlənilir.
Sabahkı sammitdən öncə Baş nazir Keir Starmer deyib:
“Britaniya iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün digər ölkələrlə işləməlidir – səbəbləri müəyyənləşdirməli və bu təcili problemləri kökündə həll etməlidir, çünki biz bunu etdikdə ölkəmiz daha güclüdür.
“Buna görə də mən ölkəmizin təhlükəsizliyini və rifahını qorumaq üçün beynəlxalq əməkdaşlıqdan istifadə etmək üçün Bakıda keçirilən COP29 sammitinə getdim.”
Onun sammitdə təmiz enerjiyə keçidin Britaniyaya böyük imkarlar gətirəcəyindən, yeni iş yerləri yaradacağından və iqtisadiyyatın böyümə imkanlarından bəhs edəcəyi gözlənilir.

Şəklin mənbəyi, Azərtac
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunur.
Macarıstanın Baş naziri Viktor Orban, Braziliyanın vitse-prezidenti Qeraldo Alkmin, Belçikanın baş naziri Aleksandr De Kro, Gürcüstanın Baş naziri İrakli Kobaxidze İranın vitse-prezidenti Şina Ənsari, Yəmənin vitse-prezidenti Abdulla Al-Alimi, Albaniyanın Baş naziri Edi Rama, Kot-d'İvuarın vitse-prezidenti Tiemoko Meylie Kone, İordaniya Haşimilər Krallığının vəliəhdi, İraq Kürdüstan Regionunun Başçısı Neçirvan Bərzani, Vatikan - Müqəddəs Taxt-Tacın dövlət katibi Pietro Parolin, Çex Baş naziri Petr Fialo, Liberiyanın vitse-prezidenti Ceremi Kunq, Esvatini Krallığının Baş naziri Rassel Mmiso Dlamini də Bakıya gələnlər arasındadır.
Tədbirdə iştirak etmək üçün BP baş icraçı direktoru Murray Auchincloss və Dünya Bankının Prezidenti Ajay Banga, FİFA Prezidenti Gianni Infantino, Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Odile Renaud-Basso da Azərbaycana gəliblər.
Həftəsonu sammitdə iştirak etmək üçün Zimbabve, Qvineya-Bisau, San-Tome və Prinsipi və Monqolustanın prezidentləri, Şimali Makedoniyanın Baş naziri Azərbaycana gəlib. Onlar artıq Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüblər.
Böyük Britaniyanın Baş naziri Keir Starmer və altı nazir COP29 üçün Bakıya gəlməlidir.
Almaniya kansleri Olaf Scholz Bakıdakı COP29 iqlim sammitinə gəlməkdən imtina edib, çünki öz ölkəsində siyasi böhranı həll etməklə məşğul olduğunu deyib.
Bundan başqa COP29 tədbirinə Avropa Komissiyasının Prezidenti Ursula Von der Leyen də qatılmayacaq.
İlin ən böyük iqlim sammiti olan tədbirə ABŞ, Çin, Yaponiya, Rusiya, Fransa, Almaniya, Hindistan və Braziliya liderlərinin də gəlməyəcəkləri barədə məlumatlar var.
Beləliklə, G7 və ya böyük yeddilər kimi tanınan ölkələrdən, yalnız İtaliya və Britaniya baş nazirlərinin COP29-a görə Bakıya gələcəyi bildirilir.
___________________________________________________________
Təhlil
Könül Xəlilova, BBC Azərbaycanca, Bakı
COP29-un keçirildiyi məkanda hazırlıqlar mükəmməl səviyyədə görünür. Sürət və keyfiyyət, buradakı gülümsəyən, bacarıqlı gənc işçilərin sayəsində təmin olunmaqdadır.
Ancaq dünyanın bir çox önəmli liderləri - Çin lideri Çi Cinpin, Hindistan Baş Naziri Narendra Modi, Böyük 7-lərdən Almaniya, Fransa liderləri bu tədbirə gəlməyib. Bunun müxtəlif səbəbləri var, birinin ölkəsində böhrandır, o birinin Azərbaycan hökuməti ilə münasibəti yaxşı deyil, digərləri isə gözləmə vəziyyətindədir - Trump ABŞ-ı COP-dan çəkilə bilər. Bir çoxları da COP30-da iştirak edəcəyi üçün, bu dəfə gəlməməyi seçmiş ola bilər.
Bu COP-da önəmli məsələ puldur - kasıb ölkələrin istixana qazlarını kəsə bilməsi üçün onlara maliyyə toplamaqdır, xüsusilə də, dünyanın isinməsinə cavabdeh olan böyük ölkələrdən. Ancaq onlar tədbirə gəlməməyi seçiblər. Bu isə, COP29-da önəmli maliyyə razılaşması əldə ediləcəyinə dair ümidlərə kölgə salır.
_______________________________________________________________

Şəklin mənbəyi, Azertac
Sammitdə iştirak edəcəyini təsdiqləyənlər arasında Türkiyə Prezidenti Recep Tayyip Erdoğan, Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif, İsrail Prezidenti İsxak Hersoq, İtaliya Baş naziri Giorgia Meloni, İspaniyanın Baş naziri Pedro Sánchez də var.
Bundan başqa tədbirə Banqladeş Prezidenti Məhəmməd Şahabuddin, Ruanda Prezidenti Pol Kaqamen, Konqo Prezidenti Feliks Çisekedi, Albaniya Baş naziri Edi Rama və başqaları da qatılacaq.
Taliban nümayəndə heyəti də artıq gəlib.
Videonu Youtube-dan izləyin.
İran Prezidenti Məsud Pezeşkian COP29-da iştirak etmək üçün Bakıya gələcək, ölkə mediası yazıb.
Noyabrın 11-22-də Azərbaycanda keçiriləcək COP29 sammitində ABŞ nümayəndə heyətinə ABŞ Prezidentinin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri John Podesta rəhbərlik edəcək.
Turan-ın məlumatına görə, 20-dən çox rəsminin olacağı komandada ABŞ dövlət katibi Antony Blinken olmayacaq.
Artıq məlumdur ki, Rusiya Prezidenti Vladimir Putin COP29 tədbirində iştirak etmək üçün Bakıya gəlməyəcək, Azərbaycan hökumətindəki mənbə BBC Azərbaycancaya bildirib.
Rusiya tədbirdə "Baş nazir səviyyəsində təmsil olunacaq", mənbə deyib.
Ukrayna Qərb ölkələrini Putinin Azərbaycanda keçirilən COP29 sammitinə gələcəyi halda, tədbiri boykot etməyə çağırıb.
Tədbirdə Ukrayna da geniş nümayəndə heyəti ilə iştirak edəcək. Ancaq məlum deyil ki, heyətə ölkə Prezindenti Volodimir Zelenski rəhbərlik edəcək, ya yox.
Ötən il Dubayda keçirilən COP28-ə ABŞ Prezidenti Joe Biden səbəb göstərmədən qatılmayıb, amma tədbirə Böyük Britaniya Kralı III Charles və başqa dünya liderləri və siyasətçiləri qatılıb.
Onlar arasında BMT-nin Baş Katibi Antonio Quterres, ABŞ Prezidentinin İqlim üzrə Xüsusi Elçisi John Kerry, Hindistanın Baş Naziri Narendra Modi, Fransa Prezidenti Emmanuel Macron olub.
Tədbirə həmçinin ABŞ vitse-prezidenti Kamala Harris, Bill və Melinda Qeyts Fondunun həmsədri Bill Geyts, Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Almaniya kansleri Olaf Şolz qatılıb.
Bundan başqa, ötən ilki sammitə məşhur aktyor Leonardo DiCaprio, Cənubi Koreyalı aktyor Yeo Jin-goo, aktrisa Jane Fonda kimi tanınmış şəxslər gəlib.










