ABŞ-dan Azərbaycan-Ermənistan nazirlərinin görüşündə pozitiv siqnal: “Biz proqresi alqışlayırıq”

Şəklin mənbəyi, Antony Blinken/Twitter
ABŞ Azərbaycanla Ermənistan arasında gedən sülh sazişi üzrə danışıqları proqressiv qiymətləndirir, ABŞ Prezidentinin Milli Təhlükəsizlik müşaviri Jake Sullivan deyib.
Azərbaycan və Ermənistan xarici işlər nazirləri son üç gün ərzində görüşüblər və bu gün ABŞ-ın Virginia ştatındakı Arlington şəhərində sonuncu iclas olacaq.
XİN başçıları sülh sazişi üzrə danışıqlar aparırlar.
Nazirlərin ilk görüşü bazar ertəsi günü ABŞ dövlət katibi Antony Blinkenin iştirakı ilə olub. Daha sonra Ceyhun Bayramov və Ararat Mirzoyan ikitərəfli görüşlərə davam ediblər.
ABŞ Prezidentinin Milli Təhlükəsizlik müşaviri Jake Sullivan tvitində yazıb: “Biz Ermənistan və Azərbaycanın danışıqlarda əldə etdiyi irəliləyişi alqışlayırıq və dialoqun davam etdirilməsini təşviq edirik”.
O deyib ki, davamlı və ədalətli razılaşma "hər iki ölkə və region üçün fürsətlərin kilidinin açılması üçün açar rolunu oynayacaq”.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu X
Azərbaycan və Ermənistan xarici işlər nazirilikləri çərşənbə axşamı günü nazirlərin ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Jake Sullivan ilə görüş barədə məlumat yayıblar.
Hər iki ölkənin nazirliyi yaydığı məlumatda qarşı tərəfi ittiham edən problemlərdən danışıblar və nazirlərin müzakirəsinin nəticələri barədə məlumat verməyiblər.
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Azərbaycan XİN bildirib ki, Jake Sullivan ilə görüş zamanı nazir Ceyhun Bayramov Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə qarşı addımlarından əl çəkməsinin vacib olduğunu qeyd edib.
Azərbaycanlı nazir deyib ki, Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası ölkənin daxili işidir və bu məsələyə Ermənistanın müdaxiləsi qəbuledilməzdir.
Cənab Bayramov onu da deyib ki, Ermənistanın "erməni silahlı qüvvələrini hələ də tam olaraq Azərbaycan ərazisindən çıxarmaması ciddi təhdid mənbəyidir".
Ermənistan XİN-in məlumatına görə, görüşdə Ararat Mirzoyan deyib ki, Azərbaycanın “Dağlıq Qarabağa davamlı təcavüzkar siyasəti", Ermənistanın suveren "ərazilərinin işğalı" regionda sabitliyin yaradılmasına kömək etmir.
Nazir Mirzoyan vurğulayıb ki, Azərbaycan tərəfinin “Dağlıq Qarabağ xalqına qarşı ən yüksək səviyyədə ifadə olunan nifrət nitqi və açıq güc tətbiqi hədələri onun bu ərazilərdə etnik təmizləmə niyyətindən xəbər verir".
Cənab Mirzoyan bildirib ki, qoşunların çıxarılması, Alma-Ata Bəyannaməsi əsasında iki ölkə arasında sərhədin delimitasiyası, o cümlədən “Dağlıq Qarabağ” əhalisinin hüquq və təhlükəsizliyi məsələlərinin beynəlxalq təminat mexanizmi çərçivəsində həlli regionda uzun müddətli sabitliyin açarıdır.
Rəsmi Bakı və Yerevan bir-birinə ünvanladıqarı ittihamları qəbul etmir.
ABŞ-ın Dövlət katibi Antony Blinken cümə axşamı Bakı vaxtı ilə 21:45-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ikitərəfli sülh danışıqlarının yekun iclasında iştirak edəcək, Dövlət Departamentinin saytında yazılıb.
Çərşənbə günü ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel Ermənistan və Azərbaycan XİN başçılarının görüşünü şərh edərkən jurnalistlərə deyib ki, “biz bu iki ölkə arasında sülhün mümkün olduğuna inanırıq”.
Cənab Patelin sözlərinə görə, danışıqlar davam edir və prosesdə ABŞ-ın Qafqaz danışıqları üzrə baş məsləhətçisi Lou Bono yaxından iştirak edir.
Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə danışıqlar aparan hər iki ölkənin nümayəndə heyətinin görüşü artıq üçüncü gündür ki, ABŞ-ın Virginia ştatındakı Arlington şəhərində davam edib.
Əvvəllər Azərbaycan və Ermənistan arasında sülh barədə danışıqlarda vasitəçilik edən Rusiya və Avropa İttifaqı da nazirlərin görüşünü şərh ediblər.
Rusiya rəsmisi Peskov Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin ABŞ-da sülh müqaviləsi üzrə danışıqlar aparmasını şərh edərkən deyib ki, münaqişənin nizamlanması yalnız üçtərəfli sazişlər əsasında ola bilər, əks halda nəticə verməz.
Avropa İttifaqının Azərbaycandakı səfiri Piter Mixalko deyib ki, onlar Azərbaycan və Ermənistan arasındakı sülh danışıqları ilə bağlı “irəliləyişləri izləyirlər”.

Şəklin mənbəyi, President.az
İlham Əliyev: "Ermənistanın konstruktivliyinə ümid edirik"
Azərbaycan Prezidenti İlham Əliyev ötən gün Şuşada beynəlxalq tədbirdə çıxış edərkən nazirlərin ABŞ-da görüşü barədə danışıb: “Ümid edirəm ki, Vaşinqton danışıqları hətta nəticə verməsə belə, biz tərəqqinin əlamətlərini görə biləcəyik”.
Prezident deyib ki, Azərbaycan Ermənistan tərəfinə sülh sazişi layihəsinin dörd yeni variantını göndərib və qarşı tərəfdən bu təkliflərə sonuncu şərhi qırx gündən çox gözləyib.
“Biz bu şərhi, sadəcə, bir həftə bundan əvvəl aldıq. Bu da Vaşinqtondakı görüşdən əvvəl idi, çünki onlar onsuz da Vaşinqtondakı görüşün mənasız olduğunu başa düşdülər. Lakin bizim bu şərhlərdə gördüklərimiz yenə də Azərbaycana qarşı ərazi iddialarıdır. ABŞ və Avropa İttifaqının rəsmiləri ilə çoxsaylı danışıqlarımda Ermənistana və ABŞ-a tamamilə aydın idi ki, burada ikiistiqamətli yanaşma olmalıdır. Birincisi, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, ikincisi, Azərbaycan hökuməti və Qarabağın erməni icması ilə danışıqlar. Buna görə də sülh sazişinin mətninə mövcud olmayan qondarma “Dağlıq Qarabağ Respublikası”nı salmaq üçün istənilən cəhd qeyri-məhsuldardır”, - İlham Əliyev deyib.
Prezident bildirib ki, Ermənistanın konstruktivliyinə ümid edir və əgər bu olmasa, Azərbaycan “diplomatik tədbirlərdən başqa hər hansı bir digər tədbirlərə əl atmağı planlaşdırmır”.
O deyib ki, Ermənistandan gözlədiyi konstruktivlik olmasa, “sadəcə, sülh olmayacaq, kommunikasiyalar açılmayacaq, onlar yenə də təcrid olunacaqlar”.
Mayın 1-dən Washington-a Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin səfəri başlayıb və tərəflər Azərbaycan-Ermənistan arasında sülh danışıqları üzrə ikitərəfi görüşlərə başlayıb.
Ceyhun Bayramov və Ararat Mirzoyan bazar ertəsi ABŞ Dövlət katibi Antony Blinken-lə də həm ayrı-ayrılıqda, həm də birgə görüşərək müzakirələr aparıblar.
BBC Azərbaycancanın sualına cavabında Avropa İttifaqının Azərbaycandakı səfiri Piter Mixalko deyib ki, qurum intensiv olaraq, Avropa İttifaqı Şurasının Prezidenti tərəfindən başlanılan prosesin davam etməsi üzərində işləyir.
“Avropa İttifaqının, cənab Charles Michel-in təşəbüsü ilə bu prosess başlayıb və Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında artıq bir neçə görüş olub və bu vasitəçilik davam edəcək. Və bizim səylərimiz davam edəcək və hesab edirəm ki, bütün tərəflər sülhün bərqərar olmasında öz səylərini əsirgəməyəcəklər. Biz Avropa İttifaqı olara bu prosessə öz dəstəyimizi, tövhəmizi göstərməyə davam edəcəyik”, - səfir çərşənbə günü keçirdiyi mətbuat konfansında deyib.
Piter Mixalko ABŞ-da Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin keçirdiyi görüşə reaksiya verən Rusiya rəsmisi Dmitri Peskovun münaqişənin nizamlanmasının yalnız Rusiyanın iştirakıya imzalanmış üçtərəfli sazişlər əsasında ola bilməsi, əks halda nəticə verməyəcəyi ilə bağlı dediklərini şərh etməyib.
Rusiya ABŞ-da Azərbaycan-Ermənistan sülh danışıqlarına reaksiya verib
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ermənistan və Azərbaycan arasında vəziyyətin nizamlanmasında göstərilən yardım alqışlana bilər, amma bu yardım Rusiya Federasiyası ilə birlikdə bağlanmış üçtərəfli sazişlər əsasında ola bilər, TASS yazıb.
Washington danışıqlarını şərh edən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, iki ölkə arasında mövcud problemlərin həlli və regionda gərginliyin azaldılmasına yönəlmiş bəzi birgə hərəkətlərin və addımların mümkün inkişafı “ilk növbədə Rusiya ilə birlikdə imzalanmış üçtərəfli sənədlər əsasında” mümkündür: “Hələlik, nizamlanmaya töhfə verəcək hər hansı başqa bir hüquqi əsas yoxdur. Buna görə də, indiyə qədər bu üçtərəfli sənədlər tamamilə alternativsizdir”.
O əlavə edib ki, iki ölkə arasında münasibətlərin nizamlanmasına bu “baza əsasında” göstəriləcək istənilən kömək “alqışlana bilər”. “Amma biz bilirik ki, nizamlanmanın əsasını sarsıdan müxtəlif cəhdlər olur. Bu da öz növbəsində nəticə verməyə bilər. Ümid edirik ki, söhbət birinci vəziyyətdən gedir”, - Kremlin sözçüsü deyib.

Şəklin mənbəyi, Azərbaycan XİN
Bazar ertəsi Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan və hər iki ölkənin nümayəndə heyəti arasında görüş olub.
ABŞ Dövlət katibi Antony Blinkenlə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında baş tutan təkbətək görüşlərdən sonra BBC-yə açıqlama verən ABŞ Dövlət Departamentinin yüksək vəzifəli rəsmisi deyib ki, sülh danışıqları bir çox məsələləri əhatə etdiyi üçün “çətin prosesdir”.
Ceyhun Bayramov və Ararat Mirzoyan bu gün Washington-da Blinkenlə təkbətək və birgə görüş keçiriblər, sonra isə hər iki ölkənin nümayəndə heyəti arasında görüş başlayıb.
Dayanıqlı sülhün əldə edilməsində tərəflər arasında münasibətlərin normallaşması, kollektiv yaşama, ümumi mədəniyyətin yaradılması və iqtisadi əlaqələrin qurulması olduqca vacib elementlərdir, ABŞ rəsmisi BBC News Azərbaycancanın suallarını cavablandırarkən deyib.
Onun fikrincə, Bakı və Yerevanın bu məsələlərdə kompromisə gələ bilməsi üçün birbaşa dialoqların qurulması əsas meyardır.
“Bu gün ABŞ-ın Dövlət katibi Blinken Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə təkbətək görüşdü. İlk dəfədir ki, hər iki ölkənin xarici işlər nazirlərinin növbəti bir neçə gün ərzində birbaşa görüşüb danışmağa imkanı olacaq. Bu baxımdan, Washington-da baş tutan bu görüşü yüksək qiymətləndirirəm. Antony Blinken hər iki ölkənin xarici işlər nazirləri ilə ötən ilin noyabrında görüşmüşdü, daha sonra isə Münxen Təhlükəsizlik Konfransında onlarla bir araya gəldi. Münxendə baş tutan danışıqlardan sonra hər iki tərəfin sülh prosesinə sadiq olduqlarını gördük. Bu məqamı nəzərə alaraq, Birləşmiş Ştatlar Bakı və Yerevana bir neçə gün müzakirələr aparmaq üçün yenidən imkan yaratdı”, - Dövlət Departamentinin rəsmisi qeyd edib.
Washington-un təşəbbüsü ilə baş tutan görüşlərə Moskvanın reaksiyasına da münasibət bildirən amerikalı rəsmi bunun “narahatlıq yaradan məqam” olduğunu deyib.
Lakin o, tərəflər arasında istər Washington-da, istər Brüsseldə, istərsə də Moskvada baş tutan görüşləri alqışladıqlarını bildirib və əlavə edib ki, bu müzakirələrin hər biri Bakı və Yerevan arasında “davamlı sülhün qurulmasında rol oynayır”.
“Xoş məqam ondan ibarətdir ki, hər iki ölkənin liderləri də artıq sülhün əldə edilməsində maraqlı olduqlarını bəyan ediblər. Təbii ki, hər iki ölkədə olan etnik azlıqların hüquq və təhlükəsizlikləri ilə bağlı məsələlər də müzakirələrin tərkib hissəsidir. ABŞ hər zaman olduğu kimi Cənubi Qafqazda dinc, demokratik və çiçəklənən gələcəyin qurulması üçün tövhə verməyə daim hazırdır”, - ABŞ rəsmisi bildirib.

Şəklin mənbəyi, Azərbaycan XİN
Ceyhun Bayramov və Ararat Mirzoyan Antony Blinken-nin iştirakıyla görüşüblər
Bazar ertəsi günü ABŞ-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla erməni həmkarı Ararat Mirzoyan birlikdə ABŞ Dövlət Departamentinin katibi Antony Blinkenlə görüşüblər. Bu barədə hər iki ölkənin xarici işlər nazirlikləri məlumat yayıb.
Bundan əvvəl isə Antony Blinken hər iki nazirlə ayrı-ayrılıqda görüşüb.
Görüşlərdə Azərbaycan-Ermənistan arasında sülh sazişi müzakirə olunur, Azərbaycan və Ermənistan xarici işlər nazirlikləri bildirib.
Antony Blinken bu görüş ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyevlə və Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışıb.
ABŞ Dövlət Departamentinin məlumatında deyilir ki, Blinken hər iki liderlə söhbətində Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarına ABŞ-ın “davamlı dəstəyinə söz verib”.
Prezident Əliyevlə dövlət katibi Blinken Azərbaycanın Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi yaratmasının “sülh prosesinə etimadın bərqərar edilməsi səylərini sarsıtmasından ABŞ-ın dərin narahatlığını ifadə edib” və Laçın dəhlizinin ticarət və şəxsi nəqliyyat vasitələri üçün mümkün qədər tez açılmasının vacibliyini vurğulayıb, məlumatda deyilir.

Şəklin mənbəyi, Getty Image/BBC
Rəsmi Bakı bildirib ki, Laçın sərhəd-buraxılış məntəqəsi ilə əlaqədar Prezident İlham Əliyev “bu məntəqənin qurulmasının Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edil"diyini qeyd edib, Azərbaycan Prezidentinin mətbuat xidmətinin məlumatında deyilir.
Azərbaycan Prezidenti vurğulayıb ki, məqsəd “hərəkətin məhdudlaşdırılması deyil, əksinə nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir”.
Ermənistan baş nazirinin mətbuat xidmətinin məlumatına görə, Nikol Paşinyan Blinkenlə söhbətində deyib ki, “Azərbaycan tərəfinin Laçın dəhlizində atdığı addımlar Dağlıq Qarabağda etnik təmizləmə siyasətinin ardıcıl həyata keçirilməsinə və ermənilərin Dağlıq Qarabağdan tam çıxarılmasına yönəlib”.
Rəsmi Bakı Yerevanın bu ittihamlarını rədd edir.
Bazar günü sosial medianın Azərbaycan seqmentində Laçın sərhəd-buraxılış məntəqəsində Qarabağda yaşayan erməni sakinlərinin gediş-gəlişini əks etdirən video görüntülər yayılıb. Bu görüntülərdə sərhəd xidmətinə yaxınlaşan mülki şəxslər pasportlarını təqdim edirlər, onların nəqliyyat vasitələri yoxlanır və sonra hərəkətinə davam etməsinə icazə verilir. Mülki şəxslərlə sərhədçilər arasında dioloq rus dilində gedir.
Separatçı “Dağlıq Qarabağ” rəsmiləri bildiriblər ki, azərbaycanlılar rus sülhməramlılarının müşayiəti ilə "Qorisdən Dağlıq Qarabağa qayıdan erməniləri Laçın dəhlizindəki buraxılış məntəqəsində saxlayıb və göstərmək istəyiblər ki, guya yol açıqldır”, - “Artsax İnformasiya Mərkəzi" yayıb.
BBC Azərbaycan Sərhəd Xidməti ilə əlaqə saxlaya bilməyib.

Şəklin mənbəyi, Azertag
“Sülh sazişi” layihəsi üzrə danışıqların növbəti raundu
Azərbaycan XİN-in mətbuat xidməti bildirib ki, ABŞ dövlət katibi Antony Blinken-in dəvəti əsasında həyata keçirilən bu səfər çərçivəsində Azərbaycanla Ermənistan arasında “sülh sazişi” layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub”.
Ermənistan XİN şənbə günü bildirib ki, xarici işlər naziri Ararat Mirzoyan aprelin 30-da Washington-a işgüzar səfərə yola düşəcək və burada Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması haqqında saziş üzrə növbəti müzakirələrin keçirilməsi planlaşdırılır.
Ararat Mirzoyan Washington-a yola düşməzdən əvvəl, aprelin 29-da baş nazir Nikol Paşinyan ABŞ Dövlət katibi Antony Blinken ilə telefonla danışıb.
Blinken bu söhbətdən sonra bildirib ki, ABŞ Ermənistanla Azərbaycan arasında sülhün təmin edilməsi "üçün səylərini davam etdirəcək."
“Birbaşa dialoq və diplomatiya Cənubi Qafqazda möhkəm sülhə aparan yeganə yoldur”, - ABŞ Dövlət katibi qeyd edib.

ABŞ Dövlət katibi Antony Blinken Twitter paylaşımında qeyd edib ki, Azərbaycan Prezidenti Əliyevə Ermənistanla sülhün təmin olunması istiqamətində davam edən səylərə öz dəstəyini və ABŞ-ın bu prosesə kömək etməyə hazır olduğunu bildirib. “Laçın dəhlizində insanlar və ticarət üçün açıq hərəkət olmalı barədə ABŞ-ın mövqeyini təkrar etdim”, - Blinken yazıb.
Ağ Evin məlumatında deyilib ki, Blinken Prezident Əliyevi Ermənistanla ikitərəfli sülh danışıqlarında “səyləri ikiqat artırmağa” çağırıb. “O, Azərbaycanda insan hüquqları ilə bağlı problemlərə də toxunub”, - ABŞ Dövlət departamenti bildirib.
Rəsmi Bakı isə bildirib ki, Prezident İlham Əliyev “Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin hüquqlarının Azərbaycanın Konstitusiyası” və beynəlxalq sənədlər çərçivəsində təmin olunacağını qeyd edib.
"Yol xəritəsi"

Şəklin mənbəyi, Azertag
Azərbaycanın Turan informasiya agentliyi ABŞ-dakı diplomatik mənbələrə istinadən bildirib ki, görüş zamanı tərəflər sülhə aparan "yol xəritəsini" müzakirə edəcəklər.
Diplomatik mənbələrə istinadən bildirilib ki, Washington danışıqlarında "yol xəritəsini" hazırlamaq mümkün olsa, "bir neçə həftə ərzində" sülh müqaviləsi bağlamaq üçün Azərbaycan və Ermənistan liderlərinin görüşü Avropada baş tuta bilər, Turan yazıb.
Sonuncu dəfə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antony Blinken üçtərəfli formatda 8 noyabr 2022-ci ildə Washington-da görüşmüşdülər.
Fevralın 26-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Rusiya xarici işlər naziri Sergey Lavrovla Bakıda keçirdiyi birgə mətbuat konfransında bildirmişdi ki, Bakı və Yerevan “onlayn diplomatiyaya” keçib və tərəflər arasında danışıqlar mahiyyət etibarilə sülh sazişi üzrə şərtlərin mübadiləsi ilə məhdudlaşır.
Aprelin 20-də Bakıda ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erika Olson ilə görüşdə Bayramov bildirmişdi ki, artıq altıncı həftədir ki, sülh sazişinin mətni ilə bağlı Ermənistan tərəfindən Azərbaycanın təkliflərinə cavab yoxdur.
Aprelin 28-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə demişdi ki,"biz sülh müqaviləsinin erməni variantını [Azərbaycan tərəfinə] verməmişik, çünki danışıqlar gözlənilir".
O qeyd edib ki, Bakı ilə Yerevan arasında danışıqlar “yaxın vaxtlarda keçiriləcək.”
Eyni formatda görüşün Rusiyada keçiriləcəyinin anonsunu bu yaxınlarda, aprelin 12-də Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova da elan edib.
"Belə bir görüş haqqında razılıq əldə edilib, konkret tarix daha sonra elan ediləcək", - Zaxarova deyib.
Aprelin əvvəlində Ermənistan XİN-dəki mənbələrə istinad edən erməni Past nəşri Washington-da mayın ikinci yarısında Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev arasında görüşün keçirilə biləcəyi barədə məlumat yaymışdı.
Ermənistan Prezidenti Vaaqn Xaçaturyan aprelin 3-də bildirib ki, Yerevan Bakı ilə münasibətləri düzəltmək və sülh müqaviləsi imzalamaq niyyətindədir.
Aprelin 10-da Qazaxıstanda səfərdə olan Prezident İlham Əliyev Azərbaycan-Ermənistan münasibətlərindən danışarkən əmin olduğunu bildirib ki, çətinliklərə baxmayaraq, "çoxillik düşmənçilik səhifəsini çevimək" və beynəlxalq hüquq normalarına əsaslanan sülh müqaviləsini bağlamaq mümkündür.
Ötən ilin dekabrında Moskvada Rusiya xarici işlər nazirinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçirilməli idi. Lakin son anda Ermənistan tərəfi Laçın yolu ətrafında yaranmış vəziyyəti əsas gətirərək Moskvaya gəlməkdən imtina etmişdi. Rusiya və Azərbaycan XİN başçıları erməni həmkar olmadan görüş keçirdilər. Rusiyalı nazir Ermənistanın addımını “əldən verilmiş fürsət” adlandırdı.
Aİ Şurasının rəhbəri Charles Michel isə Ermənistan-Azərbaycan danışıqlarının Brüsseldə baş tutması üçün səylər göstərir.
Bu məlumatı fevralın sonunda ABŞ Dövlət Departamentinin sözçüsü Ned Price bildirib. Onun sözlərinə görə, Avropa Şurasının prezidenti Charles Michel Azərbaycan və Ermənistan liderlərinə Brüsseldə görüşməyi təklif edib.
Belə bir planın olduğunu martın əvvəlində Bakıda səfərdə olmuş Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar da yerli mətbuata təsdiqləyib.
Charles Michel-in təşəbbüsü ilə sonuncu belə görüş keçən ilin dekabtın 7-də də Brüsseldə keçirilməli idi, lakin Ermənistan həmin görüşdə Fransa prezidenti Emmanuel Macron-un iştirakında israr etdiyindən görüş baş tutmamışdı.
"Ermənistanın Baş naziri Nikol Paşinyan görüşə yalnız Fransa Prezidenti Macron iştirak edəcəyi təqdirdə razılıq verib. Bu o deməkdir ki, görüş baş tutmayacaq", - Prezident İlham Əliyev o zaman görüş ərəfəsi bildirmişdi.
Fevralın 18-də Münxendə Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Dövlət katibi Antony Blinken və Ermənistan baş naziri Nikol Paşinyan ilə "birgə görüşü" keçirilib,
Əliyev, Paşinyan və Blinken Münxendə keçirilən Təhlükəsizlik Konfransında iştirak ediblər.
Münxendə Azərbaycan televiziya kanallarına danışan İlham Əliyev bildirib ki, Bakı Ermənistanla sərhəddə keçid məntəqələrinin yaradılmasını təklif edib.
"Biz bu təklifi bu gün rəsmən vermişik”, Əliyev fevralın 18-də jurnalistlərə bildirib.
Əliyev-Paşinyan görüşünün nə vaxt və harada keçirilə biləcəyi hələlik məlum deyil.
Ötən həftə Bakı və Yerevanda olmuş Fransanın xarici işlər naziri Catherine Colonna belə görüşün bir aydan sonra Moldovada baş tuta biləcəyini istisna etməyib.
1 iyun 2023-cü il tarixində Moldova paytaxtı Kişinyovda Avropa Siyasi Birliyinin görüşü planlaşdırılıb. Görüşdə 47 ölkənin liderləri, həmçinin Aİ rəhbərliyi iştirak edəcək.
Yerevanda erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında Catherine Colonna bildirib ki, “Əliyev və Paşinyan iyunda görüşə bilərlər.
"Ümid edirik ki, Kişinyovda Praqadakı kimi yüksək səviyyəli dialoq aparmaq mümkün olacaq", Ermənistan mediası Fransa nazirini iqtibas edib.




