COP29 ev sahibləri iqlim müdafiəçilərini həbs etməkdə ittiham olunur

Şəklin mənbəyi, Əziz Kərimov/Getty Images
- Müəllif, Esme Stallard
- Vəzifə, İqlim və elm müxbiri, BBC News
İnsan haqları müdafiə qruplarına görə, Azərbaycan hökuməti ətraf mühit fəallarına və digər siyasi opponentlərə qarşı təzyiqdə COP29-dan istifadə edir.
Artıq üçüncü ildir ki, iqlim sammitinə ev sahibliyi edən ölkələr təzyiqdə və qanuni etiraz hüququnu məhdudlaşdırmaqda ittiham olunur.
Təxminən 2000 iqlim qrupundan ibarət İqlim Fəaliyyət Şəbəkəsi BBC News-a bildirib ki, əgər ölkələr iqlim dəyişikliyi ilə bağlı irəliləyiş əldə etmək istəyirlərsə, vətəndaş cəmiyyətinin qorunması çox vacibdir.
Azərbaycan hökuməti bu iddiaları rədd edir və ölkədə heç bir "siyasi məhbus" olmadığını bildirir.

Şəklin mənbəyi, Getty Images
Dünya liderləri hazırda istiləşən planetin probleminin həlli yollarını müzakirə etmək üçün Azərbaycandadırlar. Lakin hüquq müdafiə təşkilatları Azərbaycanda ətraf mühitlə bağlı etiraz edən məhbuslarının sayının narahatlıq doğuran artımından sonra iqlim sammitinə ev sahibliyi etmək üçün ölkələrin necə seçildiyinə yenidən baxmağa çağırıblar.
Amnesty International-dan Natalia Nozadze BBC News-a bildirib ki, Azərbaycan ötən ilin noyabrında COP29-a ev sahibliyi edən ölkə elan edildikdən sonra hökumətə etiraz etmək çətinləşib.
"Biz həbslərin kəskin artdığını və hökumətin tənqidi və ya siyasi gündəminə zidd olaraq qəbul edə biləcəyi bütün məsələlərə qarşı sərt tədbirlər gördük" deyib.
“Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda” birliyinin məlumatına görə, 2000-ci illərin əvvəllərindən bəri ilk dəfə jurnalistlər, ekoloji fəallar və siyasi rəqiblər də daxil olmaqla "siyasi məhbuslar"ın sayı 300-dən çox olub.
LSE London universitetinin 53 yaşlı professoru Qubad İbadoğlu Azərbaycanın neft-qaz sektorları və ekoloji problemləri araşdırır, lakin o, 2023-cü ilin yayında Cinayət Məcəlləsinin "saxta pul və ya qiymətli kağızları hazırlama, əldə etmə və ya satma, eləcə də dini ekstremist materialları hazırlama, saxlama və ya yayma maddəsi" ilə təqsirləndirilərək həbs edilib.
Bir ildən çox həbsdə saxlandıqdan sonra o, ev dustaqlığına buraxılıb. Human Rights Watch ittihamları “şübhəli” adlandırıb və Qubad İbadoğlunun qızı atasının azad edilməsində kömək üçün Böyük Britaniyanın Baş naziri Keir Starmer-ə müraciət edib.
"Hesab edirəm ki, rəyə təsir etmək gücünə malik olan insanları saxlamaq, həbs etmək avtoritar hökumətin qaydalarından biridir", cənab İbadoğlu bu həftə BBC-yə müsahibəsində deyib.
O, səhhətinə görə həyatının təhlükədə olduğunu deyir.
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Anar Məmmədli aprel ayında qaçaqmalçılıq ittihamı ilə həbs edilib, o, Azərbaycan hökumətini Paris sazişinə - qazıntı yanacaq tullantılarının azaldılmasına dair böyük beynəlxalq müqaviləyə uyğunlaşmaq üçün daha çox iş görməyə çağıran təşkilatın həmtəsisçilərindən biri olduqdan cəmi iki ay sonra həbs edilib.
Ətraf mühit fəalları Azərbaycanın hökumət büdcəsinin təxminən 60%-ni maliyyələşdirən neft və qazdan asılılığını azaltmasını istəyirlər.
Lakin yanvarda məlum oldu ki, Azərbaycan növbəti onillikdə təbii qazın - qazıntı yanacağının istehsalını genişləndirməyi planlaşdırır və çərşənbə axşamı Prezident İlham Əliyev COP29 iqlim konfransında deyib ki, neft və qaz "tanrı hədiyyəsidir".
"İqlim fəaliyyəti üçün açıq və inklüziv platforma olması nəzərdə tutulan COP29 nəsə başqa şeyə çevrilir", - Cənab Məmmədlinin yaxın dostu Bəşir Süleymanlı BBC-yə bildirib.
“Hökumətlərin məsuliyyət daşımasında mühüm rol oynamalı olan vətəndaş cəmiyyəti qrupları kənarlaşdırılıb və ya repressiyaya məruz qalıb”, - o deyib.
61 yaşlı Nazim Bəydəmirli oktyabr ayında "hədə-qorxu ilə pul tələb etmək" iddiası ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. O, keçən il öz kəndi yaxınlığında qızıl mədəni əməliyyatlarına etiraz edən həmkəndlilərinə dəstək olduqdan sonra həbs edilib. Onun barəsində 15 aylıq həbs-qətimkan tədbiri dövründə heç bir sübut təqdim edilməyib. Onun vəkili Aqil Layıc ittihamların əsassız olduğunu və bunun Azərbaycanda COP29 ərəfəsində müxalif fikirlərin susdurulmasının daha geniş modelinin bir hissəsi olduğunu deyir.
Əvvəlki COP iqlim sammitlərinə ev sahibliyi edən Birləşmiş Ərəb Əmirlikləri və Misir də vətəndaş cəmiyyəti qruplarına münasibətlərinə görə oxşar tənqidlərlə üzləşiblər.
“Hesab edirəm ki, Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri və ya Misir kimi insan hüquqlarını sistematik şəkildə pozan ölkələrin ev sahibi ölkə kimi qəbul edilməsi böyük səhvdir”, - azərbaycanlı jurnalist və ətraf mühitin qorunması üzrə fəal Emin Hüseynov bildirib.
“Prezident Əliyevin iqlim dəyişikliyi ilə əlaqəsi yoxdur, lakin o, toksik imicini ağartmaq və yaşıllaşdırmaq üçün COP29-a unikal fürsət kimi baxır” deyib.
Konfrans başlamazdan əvvəl danışan Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov BBC-yə deyib: “Mən bu tip iddiaları qəbul etmirəm, çünki onlar faktlara əsaslanmır.
“Azərbaycan bu beynəlxalq tədbirdə dövlət və qeyri-dövlət subyektlərinin, o cümlədən vətəndaş cəmiyyəti üzvlərinin iştirakı baxımından [fərqlənmir]”, o söyləyib.
Hər il ev sahibi dünyanın müxtəlif regionundan seçilir və həmin regionun bütün ölkələri COP sammitinin harada keçiriləcəyi barədə razılığa gəlməlidir. Ancaq vətəndaş cəmiyyətinə dost olmayan ölkənin seçilməsinin qarşısının necə alınması aydın deyil.
350.org iqlim kampaniyası qrupundan Andreas Sieber, "Bütün ölkələr daxil edilməlidir, Birləşmiş Millətlər Təşkilatının məqsədi budur" deyib. "Sual budur ki, siz hansı qaydaları tətbiq edirsiniz?"
O, BMT-ni ev sahibi ilə BMT arasındakı müqavilədə iştirakçılara qarşı casus proqramların istifadəsini qadağan edən bəndin olduğundan əmin olmağa çağırıb - o, bunun əvvəlki konfranslarda narahatlıq doğurduğunu söyləyib.
BMT fəallara COP-da etiraz etməyə icazə verir və BMT-nin iqlim dəyişikliyinə cavabdeh qolu olan UNFCCC buna cavab olaraq deyib: “Builki Ev Sahibi Sazişində ilk dəfə olaraq insan hüquqlarının müdafiəsi ilə bağlı müddəalar var və biz bunu alqışlayırıq, bu, irəliyə doğru müsbət addımdır”.
Lakin İqlim Fəaliyyəti Şəbəkəsinin icraçı direktoru Tasneem Essop deyib ki, "BMT ev sahibi ölkəyə insan hüquqlarının vəziyyəti ilə bağlı nə edə və edə bilməyəcəklərini deyə bilməz - problem budur."
Onun sözlərinə görə, bu məsələni müzakirə etmək başqa ölkələrin öhdəsindədir, lakin xanım Essop və cənab Sieber həmfikirdirlər ki, təkcə Azərbaycanda deyil, qlobal miqyasda vətəndaş cəmiyyətinə dəstəyin azaldığını nəzərə alsaq, bu çətin məsələdir.
Oktyabr ayında Avropa Parlamentinin üzvləri Azərbaycanın fəallara, jurnalistlərə və müxalifət xadimlərinə qarşı “repressiyasını” pisləyib və bu pozuntuları COP29-un keçirilməsi ilə bir araya sığmayan hal hesab ediblər.
Lakin Emin Hüseynov hesab edir ki, beynəlxalq ictimaiyyət bu məsələdən böyük ölçüdə “təslim olub” və o, xüsusən də Böyük Britaniya hökumətinin insan hüquqlarının vəziyyəti ilə bağlı əvvəlki illərlə - məsələn, COP27-yə ev sahibliyi edən Misirdə insan haqlarının vəziyyətini səsləndirməsi ilə müqayisədə aşkar səssizliyini misal çəkib.
Çərşənbə axşamı cənab Starmer COP29-da Azərbaycan Prezidenti Əliyevlə görüşüb, lakin Qubad İbadoğlunun işini və insan haqlarını müzakirə edib-etmədiyini açıqlamayıb.
Böyük Britaniya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, bu məsələ nazirlər tərəfindən “mütəmadi olaraq qaldırılır”.
Tasneem Essop deyib ki, bu problemin həlli iqlim dəyişikliyi gündəliyinin irəliləməsində vətəndaş cəmiyyətinin oynadığı mühüm rola görə çox vacibdir.
“30 ildən çox ölkələr danışıqlar apardıqdan və mübarizə apardıqdan sonra [daha kasıb ölkələrə iqlim dəyişikliyinin təsirləri ilə mübarizə aparmağa kömək etmək üçün] ziyan və zərər fondu yaratmaq uğrunda mübarizə aparan vətəndaş cəmiyyəti olub”, - Tasneem Essop deyib.
“Bizim varlığımız həqiqətən də onların ayaqlarını atəş kimi yandırır. Biz onları məsuliyyətə dəvət edəcəyik”.










