Azərbaycan-Türkiyə münasibətləri: onları kim soyuqlaşdırdı?

Şəklin mənbəyi, Azərtac
- Müəllif, BBC Azərbaycanca
- Vəzifə, Redaksiya
Azərbaycan xarici işlər naziri Türkiyədə səfərdədir. Səfər Azərbaycanın rəsmi və hökumətə yaxın mediasında Türkiyə hökumətini tənqid edən yazılardan və Ankara-Bakı münasibətlərinin soyuqlaşmasına dair şərhlərdən sonra baş tutur.
Gözə görünən hər şey - yəni, Azərbaycan mediasında tənqidi yazılar və Türkiyə mediasında soyuqlaşmalara dair ardıcıl şərhlər Erdoğanın “Qarabağa girdiyimiz kimi” deməsindən sonra başladı.
Əslində, müşahidə edənlər deyir ki, soyuqlaşmanın kökü göründüyündən daha dərindir.
İyulun əvvəlində Şuşada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Türkiyə Prezidenti Recep Tayyib Erdoğan iştirak etmədi. Azərbaycanda hökumət mediası xəbər verirdi ki, cənab Əliyev Erdoğana məsləhət görüb ki, Şuşa səfərindən imtina edib Almaniyada futbol matçını izləməyə getsin.
“Belə bir mühim tədbirdə iştirak hansısa 1/4 final futbol oyununa görə təxirə salına bilməzdi, salınmamalı idi”, - siyasi təhlilçi Elman Fəttah deyir.
Erdoğanın Şuşada Türk Dövlətləri başçılarının Zirvə görüşünə getməməsi ictimayyətin diqqətini o qədər də cəlb etməsə də, onun iyulun sonunda İkinci Qarabağ müharibəsi ilə bağlı söylədiyi fikirlər Azərbaycan və Türkiyədə müzakirələrə səbəb oldu.
Doğrudur, bu hadisədən sonra Erdoğan Türkiyədəki meşə yanğınlarının söndürülməsində Azərbaycanın köməyini yüksək qiymətləndirdiyini demək üçün Prezident İlham Əliyevə zəng etdi.
Lakin buna qədər artıq rəsmi “Azərbaycan” qəzetində Türkiyənin tənqid olunduğu və dolayısıyla Erdoğana cavab verilən məqalə dərc olunmuşdu.
Erdoğan nə demişdi?
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube
İyulun 28-də Recep Tayyip Erdoğan vətəni Rizedə sədri olduğu AKP-nin yerli iclasında çıxışı zamanı İsraili tənqid edərkən, Türkiyənin 2-ci Qarabağ müharibəsində yaxından iştirakına dəlalət edən sözlər söyləyib.
O, Türkiyə ordusunun Qəzzaya girə biləcəyini iddia edərkən, “Necə ki, Qarabağa, Liviyaya girmişik, onlara da eynisini edərik, etməməyimiz üçün heç bir səbəb yoxdur” fikrini səsləndirib.
Bu fikirlər, Azərbaycanın artıq illərdir ki, Erdoğanı tənqid etməyi dayandıran hökumətyönlü mediasında qəzəb püskürtdü.
“Qarabağa Azərbaycan əsgəri girib”
“Azərbaycan” qəzetindəki məqalə “Qarabağ zəfərinin müəllifi Müzəffər Ali Baş Komandan və Azərbaycan Ordusudur” başlığı ilə dərc olunub. Bu yazı Türkiyə mediasında da günlərlə müzakirə olundu.
“Qarabağa, Ağdama, Füzuliyə, Laçına, Cəbrayıla, Zəngilana, Qubadlıya, Kəlbəcərə, Şuşaya, Hadruta, Xocalıya, Ağdərəyə, Əsgərana, Xankəndiyə YALNIZ VƏ YALNIZ İLHAM ƏLİYEVİN MÜZƏFFƏR KOMANDANLIĞI İLƏ AZƏRBAYCAN ƏSGƏRİ GİRDİ! Necə deyərlər, Nida!” , - yazıda böyük hərflərlə qeyd olunur.
Türkiyədən incikliyin tez-tez vurğulandığı yazıda “İkinci Qarabağ müharibəsində Türkiyənin etdiyi bütün hərbi yardımların ödənişini Azərbaycan son qəpiyinə kimi ödəyib” mesajı da var.
Türkiyə-Azərbaycan münasibətlərində İsrail məsələsi
Türkiyə və Azərbaycan bir-birinə mədəni və siyasi bağlarla yaxın olsa da, xarici siyasətlərində eyni xətti tutmaq barədə razılığa gəlsələr də, mövqelərinin kəskin fərqləndiyi bir məsələ var ki, bu da İsraildir. Hər ikisi Fələstini dövlət olaraq tanısa da, Azərbaycanla İsrailin münasibətləri yaxındır və 2-ci Qarabağ müharibəsində Azərbaycan Türkiyə ilə yanaşı İsraildən də çoxlu silah alıb. Və almaqda davam edir. Həmçinin, Azərbaycan neftinin ən böyük alıcısı İsrail hesab olunur.
Bu ilin əvvəlində İstanbulda bir qrup şəxs Azərbaycan şirkəti olan "Socar Türkiyə"-nin ofisinə “İsrailə neft satmasına” etiraz olaraq hücum etdi. Socar dedi ki, nefti İsrailə birbaşa satmır, onu satan təchizatçı şirkətlərin qərarlarına isə qarışmır.
İsrailin Qəzzada apardığı müharibəyə dair Erdoğanın istifadə etdiyi qınaq və hədə dolu kəskin cümlələr isə Azərbaycan rəhbərliyinin sülhə çağıran mülayim bəyanatlarından çox fərqlənir.

Şəklin mənbəyi, Getty Images
Türkiyə-Azərbaycan münasibətlərində Ermənistan məsələsi
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
İkinci Qarabağ müharibəsindən sonra Türkiyə Ermənistana qarşı Azərbaycanla razılaşdırılmış siyasət yürüdüb. Lakin iyulun sonunda Türkiyə və Ermənistanın normallaşma prosesi üzrə xüsusi nümayəndələri Sərdar Kılıç və Ruben Rubinyanın iki ölkə sərhədindəki Alican-Marqara sərhəd məntəqəsində növbəti dəfə görüşməsi Bakıda, belə hissi olunur ki, narazılıq yaradıb.
“Bu nə pəhriz, bu nə turşu?” deyə hökumətə yaxın Qafqazinfo saytı narazılıq dolu məqaləsində soruşur.
“Dünənə qədər Türkiyə-Ermənistan açılımı Azərbaycan-Ermənistan sülh danışıqları ilə paralel qaydada aparılırdı. Prosesin məhz bu şəkildə getməsi “bir millət iki dövlət” zehniyyətinə həm uyğun, həm də faydalı idi. Dünənə qədər Türkiyə Qars-Gümrü dəmir yolunun açılması təklifinə dirəniş göstərir, “yox” deyirdi.
Bu cavabın dəyişməsi üçün Ermənistan Türkiyəyə ərazi iddialarından əl çəkməyib, soyqırım ittihamlarından geri durmayıb, Zəngəzur dəhlizini də açmayıb. Bu nəyin əcələsi, bu nəyin hövsələsizliyi, bu nəyin prinsipsizliyi?” - sayt yazır.
Ceyhun Bayramov Türkiyəyə bu həftə səfəri zamanı çıxışında rəsmi Ankaraya sanki xatırlatma etdi. O həm Türkiyənin 2-ci Qarabağ müharibəsindəki rolu barədə danışarkən Ankaradan "siyasi və mənəvi dəstək" məsələsini xüsusi vurğuladı, həm də Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olduğunu vurğuladı.
Ermənistan Konstitusiyasını dəyişmədən, Türkiyənin onunla yaxınlaşmasına Azərbaycan soyuq baxır - Ceyhun Bayramovun çıxışının sətiraltı mənası budur.
O Ermənistanın "silahlanması" barədə də danışdı və dedi ki, Azərbaycan və Türkiyə arasında Ermənistanla bağlı işlər "koordinasiyalı" həyata keçirilir.
Azərbaycanın mesajını çoxdan almış olan həmkarı Hakan Fidan söylədi ki, Türkiyə "qardaş Azərbaycanın yanında" durub və duracaq. Amma nə Ermənistan Konstitusiyası, nə də Ermənistanın silahlanması iddiaları barədə konkret bir şərh vermədi.
Bundan sonra, Ermənistan və Azərbaycan arasında sülh razılaşması imzalanmayana qədər və yaxud, Ermənistan Konstitusiyasında dəyişiklik etməyənə qədər Ankara Yerevanla yaxılaşma siyasətini davam etdirəcəkmi - izləmək lazımdır.
"Türkiyə Avropaya, Azərbaycan Putinə" baxır
Bir müddətdir ki, Türkiyə Putini gözləsə də, Rusiya Prezidenti qəfil dövlət səfəriylə Bakıya gəlib çıxdı.
Bu, Azərbaycanın rəsmi qəzetlərində Türkiyə, dolayısı ilə Erdoğan tənqid olunduğu vaxtda baş verirdi.
Putinin səfəri başa çatar-çatmaz, Azərbaycan BRİCS-ə üzv olmaq üçün ərizə verdiyini açıqladı.
Azərbaycandan olan siyasi şərhçi Elman Fəttah hesab edir ki, Ankara və Bakı arasında soyuqlaşmanın səbəbi “Türkiyənin Qərbə yönəlməsidir”. Onun müşahidələrinə görə, Mərkəzi Asiya ölkələrinin birliyinə Erdoğan artıq “həvəsli görünmür”.
“... son zamanlarda Türkiyə bu məsələdə çox soyuq görünür. Yəni, Türkiyə sanki ənənəvi xarici siyasət vektoruna geri dönür, Qərb-Türkiyə münasibətlərini istiləşdirməyə çalışır.
"Rəsmi Bakı öz avtoritar hökumətini təxminən son 10 il ərzində həm Putinin, həm də Erdoğanın sayəsində möhkəmləndirə bilib", - Elman Fəttah deyir və hesab edir ki, bu dayaqlardan biri olan Türkiyənin dəstəyi zəifləməkdədir.
Türkiyəli təhlilçi Can Kakışım isə azərbaycanlı həmkarının iki ölkənin hazırkı münasibətlərindəki vəziyyətin səbəbi ilə bağlı fikrini bölüşmədiyini deyir.
“Türkiyə bundan əvvəl də Qərbyönümlü bir siyasət yeridib. Avropa İttifaqı ilə bağlı müzakirələrini davam etdirdi. Amma bu zaman Azərbaycanla münasibətləri soyuq deyildi, yaxın münasibətləri var idi. Ona görə də “Qərblə yaxşı olmaq üçün Azərbaycanla pis olmaq lazımdır” fikrini qəbul etmirəm. Arada İsrail kimi bir ünsür də var. İsraillə Azərbaycanın münasibətlərinin nə qədər yaxın olduğu ortadadır. Yəni, İsrailin bu qədər yaxın müttəfiqi olan Azərbaycanın “Türkiyə Qərblə yaxındır” deyə inciməsi, məncə, real deyil”, - Can Kakışım söyləyir.
Türkiyənin Qərbə yaxınlaşmasından söz düşmüşkən, xarici işlər naziri Hakan Fidan Avropa İttifaqı nazirlərinin sammitində iştirak etmək üçün Brüsselə gedir. Bunun önəmi odur ki, son beş ildə ilk dəfədir ki, Türkiyə Aİ-nin belə bir tədbirinə dəvət alıb.
Bu arada, Türkiyənin Cümhuriyyət qəzeti yazıb ki, Türkiyə Rusiyanın S-300 raketlərindən imtina etməyi və ABŞ-ın F-35 proqramına qayıtmağı düşünür.

Şəklin mənbəyi, Türkiyə Prezident Ofisi
Erdoğan “qardaşdır”
Can Kakışıma görə, baş verənlər iki ölkənin yox, iki liderin arasındakı problemlərlə bağlıdır.
“İlham Əliyevlə Erdoğanın münasibətlərinin ...birbaşa iki liderin arasındakı problemlər kimi görülə biləcəyini düşünürəm. ... [Münasibətlərdə] davamlı olaraq “eniş-yoxuşlar” yaşanması isə, hər iki liderin öz ölkələrində “tək adam” olduqlarına görədir”, - cənab Kakışım söyləyir.
Azərbaycanda iqtidarda olan YAP partiyasından Aydın Mirzəzadə hesab edir ki, münasibətlərdə soyuqluqdan söhbət gedə bilməz.
“Recep Tayyip Erdoğan Azərbaycanın dostu, qardaşıdır. O, həmişə Azərbaycanın maraqlarını Türkiyənin maraqları ilə yanaşı tutub. O, dünya səviyyəsində Azərbaycanın problemlərinin qaldırılması, həllinə dair təklifləri ilə tanınıb. Azərbaycan da Türkiyə ilə münasibətlərdə Erdoğanın fəaliyyətini hər zaman yüksək qiymətləndirir”, - Aydın Mirzəzadə söyləyir.
"İki dövlət, bir millət" devizini seçən Türkiyə və Azərbaycan hökumətləri, belə görünür ki, münasibətləri yenidən isitmək istəyirlər.
Erdoğan ölkəsindəki meşə yanğınlarından sonra Əliyevə zəng edərək, yardım istədi. Prezident Əliyevin sərəncamında meşə yanğınlarının söndürülməsində istifadə olunan amfibiya tipli təyyarə var. 2022-ci ildə Türkiyədə baş vermiş yanğınlarda da Azərbaycanın göndərdiyi bu təyyarələrdən istifadə edilib.
Ceyhun Bayramov Hakan Fidanın dəvətiylə Türkiyəyə səfərdədir. Onun səfəri “iki qardaş” ölkə arasında münasibətləri yenidən yaxınlaşdıracaqmı - bu günün sualı isə budur.






