Avropaya ümidlər və müharibə təhlükəsi. Ermənistan Qarabağı itirəndən sonra hara gedir?

Şəklin mənbəyi, AFP
- Müəllif, Qriqor Atanesyan
- Vəzifə, BBC News Rusca
Dağlıq Qarabağ uğrunda uduzulmuş müharibə və Rusiyanın Ermənistana təhlükəsizlik zəmanəti verə bilməyəcəyini dərk etməsi, Yerevanda hökuməti yeni müttəfiqlər axtarmağa vadar etdi.
Keçən həftə Brüsseldə Dövlət Departamentinin rəhbəri Antony Blinken, Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə ABŞ-Aİ-Ermənistan üçtərəfli görüşü keçirildi.
Görüşdən az əvvəl Avropa Parlamenti əlaqələrin dərinləşdirilməsinə dair qətnamə qəbul etdi və Ermənistan rəsmiləri Avropa İttifaqına üzv olmaq üçün müraciət etmək imkanından danışmağa başladılar.
Yerevan Avropa ilə müdafiə əlaqələri də qurmağa çalışır. Son aylarda Fransa Yerevanı müasir silahlarla təmin etməyə və Ermənistan ordusuna təlim keçməyə razılıq verib. Aİ-nin Azərbaycanla sərhəddə müşahidəçi missiyası genişlənib.
Həm Rusiya, həm Azərbaycan Yerevanın Avropa kursunu öz maraqları üçün təhlükə hesab edir və bunun ciddi nəticələri barədə xəbərdarlıq edirlər. Paşinyan təkid edir ki, söhbət Qərbə dönüşdən yox, “münasibətlərin diversifikasiyasından” gedir.
“Sovet təcrübəsindən” ayrılma
Ermənistan müstəqillik illərində Rusiya ilə Qərb arasında manevr etməyə çalışıb, ikincisi ilə texnologiya, təhsil və dövlət idarəçiliyi sahələrində əməkdaşlıq edib, lakin öz təhlükəsizliyini təmin etmək üçün hər zaman Moskvaya ümid bəsləyib.
Lakin bu ümidlər boşa çıxdı. Ermənistan bir çox cəhətdən onun müstəqillik tarixini muəyyənləşdirən Qarabağ münaqişəsində ağır məğlubiyyətə uğradı.
2020-ci ildən 2023-cü ilə qədər, üç il ərzində, Azərbaycan bütün Dağlıq Qarabağa və onun ətrafındakı yeddi rayona nəzarətini hərbi yolla bərpa etdi.
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Rusiya sülhməramlılarının ərazidə mövcudluğu Azərbaycan ordusunu dayandıra bilmədi və 2023-cü ilin sentyabrında 100 min Qarabağ ermənisi öz evlərindən qaçdı.
Paralel olaraq, iki ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədində silahlı toqquşmalar baş verirdi. Və əgər Qarabağın müstəqilliyini Ermənistanın özü daxil, heç bir ölkə tanınmamışdısa, rəsmi sərhəd məsələsində Yerevan Rusiyanın başçılıq etdiyi və bir sıra postsovet dövlətlərin hərbi ittifaqı olan KTMT-nin köməyinə ümid edirdi. Amma bu, baş vermədi.
Bütün bunlar nəinki Yerevandakı qərbyönlü liderlərin, həm də əhalinin geniş təbəqələrinin Rusiyadan məyus olmasına gətirib çıxardı.
Yerevandakı Qafqaz İnstitutunun direktoru Aleksandr İskandaryan deyir ki, baş verənlər Ermənistanda Rusiya haqqında mövcud olan mifin ifşası idi.
“Rusiya, əslində, ya heç vaxt Ermənistan üçün Ermənistan daxilində təsəvvür edildiyi səviyyədə təhlükəsizlik təminatçısı olmayıb, ya da çox uzun müddətdir ki, artıq deyil.”- politoloq BBC ilə söhbətində deyir.
Bu, Rusiyanın Ukraynanı genişmiqyaslı işğalından sonra, rəsmi Moskva konkret və artıq pulu ödənilmiş öhdəliklərini - məsələn, 250 milyon dollar dəyərində silah göndərməyi - dayandıranda aydın oldu.
Yerevanla Moskvanın birgə həyata keçirməyi planlaşdırdığı Ermənistan ordusunun islahatı proqramı da gündəmə gəldi.

Şəklin mənbəyi, AFP
Ermənistan Təhlükəsizlik Şurasında işləmiş politoloq Tiqran Qriqoryan da 2022-ci ili dönüş nöqtəsi hesab edir. Həmin ilin sentyabrında Azərbaycan Silahlı Qüvvələri iki ölkənin demək olar ki, bütün sərhədi boyunca döyüşlərə başladı. Ermənistan ərazisindəki heç vaxt münaqişə zonası olmayan şəhərlər atəşə tutuldu. Azərbaycan qoşunları bəzi yerlərdə Ermənistan ərazisinə doğru irəlilədilər.
O vaxt Aİ və ABŞ Bakını Ermənistanın ərazi bütövlüyünə hörmət etməyə çağırdı, Ermənistanın rəsmi müttəfiqləri - Rusiya və KTMT isə hər iki tərəfə ünvanlanan ümumi sözlərlə kifayətləndilər.
“Bu prosesə [yeni tərəfdaşlar axtarışına] başlamaq qərarı 2022-ci ilin sentyabr eskalasiyasından sonra, Rusiya bir daha Azərbaycanı cilovlamaq üçün konkret addımlar atmadıqdan sonra qəbul edildi və nəhayət məlum oldu ki, artıq regionda Rusiyanın təhlükəsizlik mexanizmləri işlək deyil”, - Qriqoryan deyir.
Ermənistan hökuməti məhz 2022-ci il eskalasiyasından sonra 2020-ci ilin İkinci Qarabağ müharibəsində arsenalı əsaslı şəkildə məhv edilmiş ordusunu yenidən qurmağa başladı.
2022-ci ilin payızında hərbi əməliyyatların digər səhnələrində baş verən hadisələr də erməni siyasətçilərini yeni yanaşmalar və yeni müttəfiqlər axtarmağın zəruriliyinə inandırmış ola bilər. Sentyabrda Ukrayna ordusu Xarkov vilayətində gözlənilməz və uğurlu əks-hücum əməliyyatı keçirib, noyabrda isə Xersonu azad edib.
“Biz dəyərləndirdik və başa düşürük ki, ənənəvi sovet məktəbi olan məktəbimiz artıq bir neçə müharibədə döyüş meydanında yararsız olduğunu göstərib”, deyən Ermənistanın müdafiə naziri Suren Papikyan həmin vaxt hansı müharibələrdən danışdığını açıqlamamışdı.
Şərqlə Qərbin arasındakı qovşaq

Şəklin mənbəyi, AFP
Paşinyan 2024-cü ilin fevralında KTMT üzvlüyünün dondurulduğunu elan edəndə bir çox nəşrlər, siyasətçilər və şərhçilər Ermənistanın bu təşkilatdakı statusunun dəyişdirilməsindən danışmağa başladılar.
Lakin bu, hüquqi addımla bağlı deyildi, mövcud reallığın bəyanı idi.
Yerevan keçən il KTMT-nin təlimlərində və sammitlərində iştirakını dayandırdı, çünki bunda bir məna görmürdü. Onun rəsmi müttəfiqləri faktiki olaraq, Azərbaycanla daha sıx əlaqələrə malikdirlər və onlar Ermənistanı dəstəkləməkdən imtina edirlər.
Bununla belə, Yerevan Qərbə meyldən danışmaqdan çəkinir və “təhlükəsizlik münasibətlərinin diversifikasiyası” ifadəsinə üstünlük verir. İskəndəryan deyir ki, bu, əslində bu sahədəki boşluğun doldurulmasıdır.
"Xarici siyasətin diversifikasiyası, ilk növbədə, Rusiyadan birtərəfli asılılığın azaldılması və regionda iştirak edən digər əsas oyunçularla təmasların intensivləşdirilməsi deməkdir", - Tiqran Qriqoryan Ermənistan hökumətinin məntiqini izah edir.
Yeni əlaqələrə ehtiyac ona görə ciddi məsələdir ki, Qarabağda tam qələbə də Azərbaycanı Ermənistanla barışdıra bilmədi. İndi rəsmi Bakı qonşusundan konstitusiyanın dəyişdirilməsini, Zəngəzur dəhlizinin açılmasını tələb edir, erməni hərbçiləri həbsdə tutmaqda davam edir.
Ermənistanın müraciətinə ilk cavab verən hələ 2022-ci ildə Yerevana çoxsaylı buraxılış raket sistemləri, əks batareya radarları, artilleriya qurğuları, tank əleyhinə sistemlər, hava hücumundan müdafiə sistemləri və pilotsuz uçuş aparatları sistemləri, habelə mərmilər satmağarazılaşan Hindistan oldu.
Bu, Hindistan mətbuatındakı məlumatlardan məlumdur - həm Yerevan, həm də Yeni Dehli silahların həcmini və konkret növlərini açıqlamırlar, susmağa üstünlük verirlər. Ancaq, çatdırılma xəbərlərini təkzib də etməyiblər.
Bu satınalma Azərbaycanda narahatlıq yaradıb: rəsmi Bakı bunları təxribat və öz təhlükəsizliyinə təhdid adlandırıb. Lakin Moskva ümumilikdə və xüsusən də Ukraynadakı müharibə kontekstində Hindistanın neytral statusuna görə sakit reaksiya verib.
KTMT ölkəsində NATO silahları

Şəklin mənbəyi, Ermənistan Baş nazirinin Ofisi
Son bir ildə Ermənistan Fransanın timsalında daha bir tərəfdaş tapıb. 2023-cü ilin oktyabrında Fransa silahlarının tədarükü ilə bağlı ilk razılaşmalar elan edildi və 2024-cü ilin fevralında Fransanın müdafiə naziri tarixdə ilk dəfə Yerevana səfər etdi. Onu müdafiə və silahlanma sahəsində ən böyük fransız şirkətlərinin nümayəndələri müşayiət etdi və tərəflər yeni müqavilələr imzaladılar. Hindistandan fərqli olaraq, onlar bəzi detalları açıqlayıblar.
Fransa Yerevana “Bastion” zirehli texnikası, GM200 radarları, gecəgörmə cihazları, snayper tüfəngləri və insan daşıya bilən “Mistral” hava hücumundan müdafiə sistemləri göndərməyə razılaşıb. Yerevan Regional Demokratiya və Təhlükəsizlik Mərkəzinin məlumatına görə, hazırda Fransanın orta və uzaq mənzilli hava hücumundan müdafiə vasitələrinin, eləcə də artilleriya sistemlərinin alınması da müzakirə olunur.
Bundan əlavə, Fransa Yerevana hava hücumundan müdafiə üzrə ixtisasa malik hərbi müşavir göndərəcək və Sen-Sir ümumhərbi məktəbində erməni zabitlərə təlim keçəcək.
“Hindistan və Fransa parlaq bir həll deyil. Amma pianisti vurmayın, o, bacardığı qədər çalır”, - Aleksandr İskəndəryan qeyd edib.
Rusiyanın rəsmi müttəfiqinin NATO ölkəsindən müasir silahlar alması faktı bir çox cəhətdən misilsizdir. Fransanın müdafiə naziri Sébastien Lecornu Yelisey sarayının məntiqini belə izah edib: “Ermənistanın üzərindəki təhdidlər bizi daha sürətli hərəkət etməyə məcbur edir”.
O, ilk növbədə, Azərbaycanı nəzərdə tuturdu - görüşdən əvvəl sərhəddə yeni eskalasiya baş vermişdi və nəticədə dörd erməni əsgəri həlak olmuşdu. Bakı bunun bir Azərbaycan əsgərinin yaralanmasına səbəb olan atəşə cavab olduğunu bildirmişdi.
Bundan əvvəl Fransa prezidenti Emmanuel Macron Parisdə Paşinyanla görüşü zamanı Azərbaycanı “Ermənistanın ərazi bütövlüyü ilə bağlı qeyri-müəyyənliyi aradan qaldırmağa” və Qarabağ ermənilərinin "tez və təhlükəsiz öz evlərinə qayıtmasını təmin etməyə" çağırıb.
Qarabağ ermənilərinin qaytarılması ABŞ, İngiltərə və Rusiya tərəfindən şifahi şəkildə dəstəklənir, lakin ermənilər beynəlxalq təhlükəsizlik zəmanəti olmadan geri qayıtmağa hazır deyillər və Azərbaycanın bunu müzakirə etməkdən imtina etməsi bu tələbi mümkünsüz edir.

NATO-nun "kabusları"
Fransızların tələbləri adətən rəsmi Bakının qəzəbinə səbəb olur. Onlar keçən həftə Brüsseldə keçirilmiş görüşə də mənfi reaksiya veriblər. Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü “Aİ və ABŞ-ın bu cür hərəkətlərinin açıq-aşkar birtərəfli və qərəzli olduğunu” bildirib və ölkəsinin dəvət olunmamasından şikayətlənib.
Bakı həmçinin 2022-ci ildən bəri sərhədin Ermənistan tərəfində yerləşən Aİ müşahidəçilərini tənqid edir. Hər şey iki aylığına yerləşdirilən 40 müşahidəçi ilə başladı, lakin əhatə dairəsi genişləndi və işçi sayı 209 nəfərədək artdı və iki illik mandatı olan rəsmi missiyaya çevrildi.
Bakı bildirib ki, Ermənistandakı missiya anti-Azərbaycan təbliğat alətinə çevrilib, “Kanadanın da ona qoşulması ilə o, faktiki olaraq NATO missiyasına bənzəməyə başlayıb”.
Ertəsi gün Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri bu ittihamı təkrarladı.
"İndi ora Norveç, Kanada və ABŞ-dan hərbi personalı göndərilir və Avropa İttifaqının missiyasını Şimali Atlantika Alyansının missiyasına çevirirlər", - Sergey Lavrov bildirib.
Əslində, missiyada heç bir hərbi qulluqçu yoxdur, onlar yalnız mülki mütəxəssislərdir. Kanadanın orada iştirakı iki müşahidəçi ilə məhdudlaşır. Missiya ABŞ-ın qoşulmaq niyyətində olmadığını bildirib.
Ermənistan və Aİ arasında müdafiə sahəsində əməkdaşlıq həqiqətən də müzakirə olunur. Onun mümkün vasitəsi Ukraynaya silah tədarükü üçün istifadə edilən Ümumavropa fondu olan Avropa Sülh Fondu ola bilər. Fransa da bunu dəstəkləyib, digər dəstəkçi isə NATO-nun keçmiş baş katibi Anders Fogh Rasmussen-in təsis etdiyi və artıq bir ildir ki, rəsmi olaraq Ermənistan hökumətinə lobbiçilik xidmətləri göstərən “Ermənistanın Dostları Şəbəkəsi” qrupudur.
Martın sonunda qrup “Avropa İttifaqı-Ermənistan əlaqələrinin dərinləşməsi: Ermənistanda daha çox Avropa, Avropada daha çox Ermənistan” adlı hesabat yayıb.
Rusiya ilə ticarət etmək, Qərb ilə yaxınlaşmaq

Şəklin mənbəyi, AFP
Rusiya Xarici İşlər Nazirliyi bu hesabatda “Ermənistanı Rusiyadan və Aİİ (Avrasiya İqtisadi İttifaqı nəzərdə tutulur) məkanından qoparmaq” cəhdini görərək əsəbi reaksiya verib. Hesabatda bu ittifaqdan çıxmağa çağırış var, lakin Ermənistan hakimiyyəti hələlik bunu müzakirə etmir.
Ermənistan hələ də Rusiya qazından son dərəcə asılıdır. Rusiya ilə həm ticarət dövriyyəsi, həm də bütövlükdə iqtisadi əlaqələr son illərdə artmaqdadır.
Rusiyanın Ukraynaya təcavüzünün başlanğıcında Ermənistan İqtisadiyyat Nazirliyi rus bizneslərinin ölkəyə keçməsinə kömək etdi. 2022-ci ildə Ermənistanın ÜDM-i 12,6%, 2023-cü ildə isə 8,7% artıb və Ermənistan rəsmiləri bunu birbaşa Rusiya pulu ilə əlaqələndiriblər.
Ticarət dövriyyəsinin mühüm hissəsi - mikroçiplərdən və Rusiyada çatışmazlığı olan digər texniki hissələrdən tutmuş Bentley avtomobilləri kimi dəbdəbəli mallara qədər - müxtəlif sahələrdə Rusiyaya qarşı sanksiyalardan yan keçən paralel idxaldır. Ermənistan hakimiyyəti bildirib ki, ticarət məsələlərində yalnız Avrasiya İttifaqının qaydalarına əməl edirlər. Düzdür, bəzi sanksiyalar hələ də həyata keçirilir – məsələn, martın ortalarında Ermənistan bankları Rusiyanın “Mir” kartlarına xidmət göstərməyi dayandırıb.
Yerevanın Moskva ilə ticarəti davam etdirmək, lakin təhlükəsizlik baxımından ondan asılılığını azaltmaq istəməsi Sergey Lavrovun qəzəbinə səbəb olub.
“Ermənilər deyirlər ki, KTMT üzvlüyünü de-fakto “donduracaqlar”, istəsələr de-yure “dondurub” gedəcəklər. Onların sözlərinə görə, hələ də Aİİ-yə maraq göstərirlər, çünki deyirlər, oradan nəsə alırlar. Ortaya çıxan mənzərə o qədər də cəzbedici deyil”, - Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.
Lakin Yerevanın istəklərindən asılı olmayaraq, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Avropada konsensus yoxdur. Fransanın ermənipərəst mövqeyi Azərbaycana daha yaxın olan İtaliya və Macarıstanda heç də anlayışla qarşılanmır. Bundan əlavə, Aİ-nin resursları məhduddur - blok Kiyevə kömək etmək üzrə öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkir.
Təhdidlər və risklər

Şəklin mənbəyi, Getty Images
5 aprel Brüssel görüşü, “ilk növbədə, Rusiya ilə getdikcə mürəkkəbləşən münasibətlər və Azərbaycanla davam edən çətinliklər fonunda Yerevana siyasi dəstək aktıdır”, politoloq Tiqran Qriqoryan deyir.
Azərbaycanla çətinliklər deyəndə, imzalanmayan sülh müqaviləsi və delimitasiya olunmayan sərhədlər nəzərdə tutulur. Tərəflər öz sərhədlərini hansı xəritələrdə axtarmaq barədə razılığa gələ bilmirlər - sovet dövründə bir neçə fərqli variant var idi və 1918-1920-ci illərdə müstəqil respublikalar arasında sərhəd də var idi.
Azərbaycan Ermənistanı Gürcüstanla birləşdirən strateji yolda yerləşən kəndlərinin dərhal geri qaytarılmasını tələb edir. Martın ortalarında Paşinyan bildirib ki, bu tələb yerinə yetirilməsə, “onda həftənin sonunda müharibə başlayacaq”.
Müharibə başlamadı, lakin Paşinyan bu yaxınlarda bir daha bəyan etdi ki, “Azərbaycan regionda yeni, genişmiqyaslı müharibəyə başlamaq üçün səbəblər tapmağa çalışır”.
Ekspertlər deyirlər ki, yalnız Qərb, Rusiya və İranın birləşdirilmiş təzyiqləri belə bir ssenarini aradan qaldıra bilər, lakin onlar Bakı ilə Yerevana görə mübahisə etməyə hazır deyillər.
Yeni eskalasiya olarsa, Qərbdən “sözlər eşidiləcək, bəyanatlar olacaq”, İskəndəryan deyir.
“Rus qoşunları Gürcüstanı işğal edəndə nə baş verdi? Yeri gəlmişkən, beş prezident, gəldilər, əl-ələ verdilər, Gürcüstanı dəstəklədilər... və getdilər”, o, Latviya, Litva, Polşa, Ukrayna və Estoniya liderlərinin 2008-ci ildə Tbilisidə birgə çıxışını xatırlayır.
Moskvanın da Yerevana kömək etməyəcəyini onun rəsmi ritorikası sübut edir. Rusiya Xarici İşlər Nazirliyi Ermənistana xitab edərkən Ukraynaya üçün istifadə olunan terminlərə çox oxşar ifadələrdən istifadə edir. Departamentin rəhbəri Sergey Lavrov Ermənistan hökumətini “Yerevan hakimiyyəti” adlandıraraq, onu Rusiyanın heç bir problemi olmadığı erməni xalqı ilə müqayisə edir.
“Ermənistan bütün dünyanın gözü qarşısında kollektiv Qərbin son dərəcə təhlükəli planlarının həyata keçirilməsi üçün alətə çevrilir”- Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova martın sonunda deyib.
Onun fikrincə, Yerevanın Qərbə yönəlməsi “respublikanın suverenliyi üçün ciddi risklər yarada” və iqtisadi inkişaf perspektivlərinə təsir göstərə bilər.
Yeri gəlmişkən, Azərbaycanın Brüsseldə gözlənilən görüşlə bağlı narahatlığı, Azərbaycan prezidentinin rəsmi saytındakı məlumata görə, ABŞ dövlət katibi Antony Blinken-in prezident İlham Əliyevə zəng etməsinə və onu görüşün Azərbaycana qarşı yönəlmədiyinə və əsas diqqətin iqtisadi məsələlərə yönələcəyinə əmin etməsinə səbəb olub.
Əliyev isə öz növbəsində vurğulayıb ki, “Qərbdə Azərbaycanın Ermənistana hücum etmək niyyətində olması ilə bağlı səslənən ittihamlar tamamilə əsassızdır”.




