İranda prezident seçkisinin ikinci turunu Pezeşkian qazanıb

İran seçkilər Məsud Pezeşkian Səid Cəlili

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, İranda iyunun 28-də prezident seçkilərinin birinci turu keçirilib.

İranda cümə günü prezident seçkisinin ikinci turunu islahatçı qanadın yeganə namizədi, etnik azərbaycanlı Məsud Pezeşkian qazanıb.

Onun rəqibi Ali Dini liderin ölkənin Təhlükəsizlik Şurasında nümayəndəsi Səid Cəlili olub.

İranda iyunun 28-də keçirilmiş prezident seçkisinin birinci turunda yarışan dörd namizəddən heç biri səslərin 50 faizini toplaya bilməmişdi.

İlkin rəsmi nəticələrə görə, Məsud Pezeşkian 10 milyondan çox səslə irəlidə idi.

Ölkənin seçkilər üzrə rəsmi qurumunun məlumatında görə, Səid Cəlili 9 milyondan çox səslə ikinci idi.

Məsud Pezeşkian İranda seçkilər

Şəklin mənbəyi, Getty İmages

Məsud Pezeşkian İslam Respublikasının qadınlar üçün sərt geyim qaydalarına qarşı çıxır və nüvə proqramı ilə bağlı yeni saziş imzalamaqla Qərbin İrana qarşı sanksiyalarına son qoymaq istəyir.

Əslən azərbaycanlı olan və açıq sözlü şəxs kimi tanınan Pezeşkian 2009-cu ildə mübahisəli prezident seçkisindən sonra başlayan etirazların hökumət tərəfindən zorakı yolla dağıdılmasını tənqid edib. Onun bu addımı parlamentdəki mühafizəkarlar tərəfindən tənqidlərə məruz qalıb.

İqtisadi və büdcə məsələləri ilə bağlı Pezeşkian və onun ailəsinin şəffaflığı qoruduğu deyilir. O, İran İslam Respublikasında bir çoxlarını narazı salan korrupsiya və qohumbazlıq kimi proseslərdən uzaq olub.

Mühafizəkar qanadın təmsilçisi Səid Cəlili 1965-ci ildə ölkənin şimal-şərqində yerləşən Məşhəd şəhərində anadan olub, hərbiləşdirilmiş Bəsic qüvvələrinə qoşulub və İran-İraq müharibəsində (1980-88) bir neçə dəfə könüllü kimi xidmət edib. O, döyüşdə yaralanıb və sağ ayağını itirib.

Fəlsəfə doktoru olan Səid Cəlili “Qurandakı siyasi fikir” mövzusunda doktorluq dissertasiyası yazıb. İran xəbər saytları onu islami “ideallara” sadiq və “sadə həyat” sürən ziyalı kimi təqdim ediblər.

Onun seçki marafonunda Rəşid Behbudovun ifa etdiyi "Azərbaycanım" mahnısı səsləndirilib.

Məsud Pezeşkian və Səid Cəlili

Şəklin mənbəyi, Getty İmages

Prezident seçkisində səsvermə gecə saat 12-də başa çatıb.

Səsvermə İran vaxtilə saat 6-da bitməli olsa da, 3 dəfə 2 saat olmaqla artırılıb, BBC Farsca yazmışdı.

Bu seçkidə prezidentlik uğrunda mübarizəyə İran İnqilabı Keşikçiləri Korpusunun keçmiş rəhbəri və parlamentin indiki sədri Məhəmməd Bağır Qalibaf, Ali Dini liderin ölkənin Təhlükəsizlik Şurasında nümayəndəsi Səid Cəlili, Tehran meri Əli Rza Zəkiyani, keçmiş ədliyyə naziri Mustafa Purməhəmmədi, Şəhid və Veteranlar Fondunun rəhbəri Əmir Hüseyn Qəzizadə-Haşimi və sabiq səhiyyə naziri Məsud Pezeşkian qatılsa da, daha sonra Əli Rza Zəkiyani və Əmir Hüseyn Qəzizadə-Haşimi öz namizədliklərini geri götürüblər.

Mayın 19-da İran Prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olmasından sonra iyunun 28-nə növbədənkənar prezident seçkisi təyin olunub.

İran seçki Pezeşkian

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, İranlı bir qadın 2024-cü il martın 1-də parlamentə və əsas ruhani quruma üzv seçkiləri zamanı Tehrandakı seçki məntəqəsində səs verir.