İbrahim Rəisinin ölümü İranın siyasi sisteminə necə təsir edəcək?

Şəklin mənbəyi, Getty Images
- Müəllif, Lyse Doucet
- Vəzifə, BBC beynəlxalq müxbiri
Rəisinin ötən bazar günü ölümü onun səhhəti uzun müddətdir ciddi diqqət mövzusu olan 85 yaşlı Ali lider Ayətullah Əli Xameneyini əvəz edib-etməməsi ilə bağlı artan spekulyasiyalara son qoydu.
Bununla belə, ölkə idarəçiliyində sərt xətt tərəfdarı olan İran prezidentinin faciəli taleyi nə İran siyasətinin istiqamətini dəyişəcək, nə də hər hansı əhəmiyyətli şəkildə İslam Respublikasını sarsıdacaq.
Lakin onun ölümü mühafizəkar sərt xətt tərəfdarlarının istər seçilmiş, istərsə də təyin edilmiş - bütün hökumət qollarında - üstünlük təşkil etdiyi sistem üçün bütövlükdə bir sınaq olacaq.
“Sistem onun ölümünü böyük bir şouya çevirəcək və mühafizəkarların birliyini və Xameneiyə loyallığını qoruya biləcək yeni lider axtarılarkən, öz funksionallığını nümayiş etdirmək üçün konstitusiya proseduralarına riayət edəcək”, - Chatham House analitik mərkəzinin Yaxın Şərq və Şimali Afrika proqramının direktoru Sənam Vakil qeyd edir.
Rəisinin əleyhdarları 1980-ci illərdə siyasi məhbusların kütləvi edamında əli olmaqda ittiham olunan və bunu təkzib edən keçmiş prokurorun getməsini alqışlayacaqlar; onlar ümid edəcəklər ki, onun hakimiyyətinin sonu bu rejimin sonunu tezləşdirəcək.
İranın hakim mühafizəkarları üçün dövlət dəfn mərasimi emosiyalarla dolu bir hadisə olacaq; bu, həm də varisliklə bağlı siqnallar üçün fürsət yaradacaq.

Şəklin mənbəyi, ATTA KENARE/AFP
Doldurulması lazım olan digər son dərəcə əhəmiyyətli vəzifə də - zamanı gələndə- yeni ali lideri seçmək səlahiyyətinə malik orqan olan Ekspertlər Assambleyasında boş qalmış yerdir. İran üçün bu, Rəisinin ölümündən daha əhəmiyyətli hadisədir.
“Rəisi potensial varis idi. Çünki Xameneyinin ali lider olduğu vaxtındakı kimi, hələ nisbətən gənc idi. O, çox loyal idi – bir növ ideoloq, sistemə sadiq və tanınan ada malik idi”, - Sənam Vəkil bu qeyri-şəffaf seçki prosesi haqqında deyir. Boş qalmış yer üçün ali rəhbərin oğlu Müctəba Xameneyi də daxil olmaqla, bir neçə adın iştirak etdiyi güman edilir.
Hələ Rəisinin vəfatı rəsmən təsdiqlənməmiş Ayətullah öz X platformasında yazıb: “İran xalqının narahatlığına əsas yoxdur, ölkənin işlərində heç bir axsama olmayacaq”.
İndi daha aktual siyasi vəzifə 50 gün ərzində baş tutmalı olan növbədənkənar prezident seçkilərinin keçirilməsi olacaq.
İranı kim idarə edir?

Hələlik hakimiyyət müvəqqəti olaraq İranın vitse-prezidenti Məhəmməd Moxberə keçib.
Seçicilərə yeni müraciət bir vaxtlar seçicilərinin entuziazmı ilə fəxr edən ölkədə mart ayında keçirilən ən aşağı iştirak fəallığı göstərən parlament seçkilərindən bir neçə ay sonra ediləcək.
Rəisini dövlət başçısı vəzifəsinə gətirən 2021-ci il prezidentlik yarışı da daxil, yaxın keçmişdə keçirilən seçkilər nəzarət orqanı tərəfindən mötədil və islahat tərəfdarı olan rəqiblərin sistematik şəkildə kənarda qoyulması ilə yadda qalıb.
“Növbədənkənar prezident seçkiləri Xameneyinə və yüksək hakimiyyət səviyyələrinə bu trayektoriyanı qırmaq və seçiciləri siyasi prosesə qaytarmaq imkanı verə bilərdi”, - Londonda yerləşən Amwaj.media xəbər saytının redaktoru Məhəmməd Əli Şabani deyir.
“Lakin təəssüf ki, biz dövlətin belə bir addım atmağa hazır olduğunu və bu addımı atmaq istədiyini göstərən heç bir əlamət görmürük”, - Məhəmməd Əli Şabani əlavə edir.

Şəklin mənbəyi, Getty Images
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Ancaq görünür, hətta Rəisinin öz həmfikirləri arasında da aşkar bir davamçı yoxdur.
"Bu mühafizəkar qrup daxilində müxtəlif düşərgələr, o cümlədən, daha sərt mövqe tutan insanlar və digərləri, daha praqmatik hesab edilənlər var", - Berlindəki SWP analitik mərkəzinin əməkdaşı Həmidreza Əzizi deyir.
Ekspertlər hesab edirlər ki, bu, yeni parlamentdə və yerli səviyyədə mövqelər uğrunda hazırkı mübarizəni gücləndirər.
Rəisinin mantiyasını öz əyninə ölçən kim olursa, olsun, ona məhdud güc rıçaqları miras qalacaq.
İslam Respublikasında ali qərar qəbuletmə səlahiyyəti Ali Rəhbərə məxsusdur.
Xarici siyasət, xüsusən də regionda, getdikcə daha böyük gücə malik olan İslam İnqilabı Keşikçiləri Korpusunun müstəsna ixtiyarıdır.
Qəzzada dağıdıcı müharibəyə görə İran əzəli düşməni İsraillə görünməmiş gərginliklə üzləşəndə, bu məsələ prezident Rəisi səviyyəsində həll olunmayıb.
Prezident vəzifəsində Rəisi ölkənin gündəlik işləri ilə məşğul idi, iranlılar isə ağır beynəlxalq sanksiyalarla bağlı getdikcə dərinləşən maliyyə problemləri, eləcə də, təsərrüfatsızlıq və korrupsiyanın öhdəsindən gəlməyə çalışırdılar.
İnflyasiya 40 faizdən çox artıb, rial milli valyutası isə ucuzlaşıb.
Onun hakimiyyəti dövründə İslam Respublikasını, İranın sərt geyim qaydalarını pozduğu iddiası ilə əxlaq polisi tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əminin 2022-ci ilin sentyabrında həbsdə öldürülməsi səbəbindən görünməmiş etiraz dalğası sarsıtdı.
İğtişaşlardan bir neçə həftə əvvəl Rəisi İranda qadınların özlərini təvazökar aparmasını və geyinmələrini, o cümlədən, hicab taxmağı tələb edən “hicab və iffət” qanununun sərtləşdirilməsini əmr edib.

Şəklin mənbəyi, Getty Images
Onlara qoyulan bir sıra məhdudiyyətlərə etiraz edən gənc qadın nəslinin rəhbərlik etdiyi etirazlar onların qəzəbini əsasən hakimiyyətin real mənbələrinə - Ali Rəhbərə və sistemin özünə yönəltmişdi.
Hüquq müdafiə qrupları repressiyalarda yüzlərlə insanın öldürüldüyü, minlərlə insanın həbs edildiyini bildirir.
“İran tarixində prezident seçkilərində ən aşağı fəallıqla seçilən Rəisi sələfi Ruhani kimi xalq mandatına malik deyildi”, - ilkin populyarlığına qismən 2015-ci ildə imzalanmış, lakin üç il sonra prezident Trump-ın ABŞ-ı birtərəfli qaydada sazişdən çıxarması ilə dağılmış nüvə sazişi səbəb olmuş, islahat tərəfdarlarının lideri Həsən Ruhanini nəzərdə tutaraq Əli Şabani deyir.
Prezident Biden administrasiyası ilə Rəisinin komandası arasında dolayı danışıqlar əhəmiyyətli irəliləyişə gətirməyib.
“O, İslam Respublikasının əleyhdarları tərəfindən Ruhaniyə yönəlmiş qəzəbdən qurtula bildi, ona görə ki, onu sadəcə daha az nüfuzlu və səmərəli hesab edirdilər”, - Şabani izah edir.
Helikopter qəzasında Tehranı dünyaya daha əlverişli cəhətdən göstərməkdə və sanksiyaların cəza təsirini yüngülləşdirmək yollarını tapmaqda fəal rol oynamış İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan da həyatını itirib.
İsrailin Qəzzada keçirdiyi əməliyyat zamanı o, İran diplomatiyasının səsi olub və İranın müttəfiqləri, eləcə də, münaqişənin gərginləşməsini cilovlamaq istəyən ərəb və Qərb xarici işlər nazirləri ilə görüşlərdə əsas fiqur olub.
"O, mesajların ötürülməsi üçün faydalı kanal olub", - yüksək rütbəli qərb diplomatik mənbəyi İranın xarici işlər nazirinin rolunu şərh edib.
"Lakin mesajlar adətən olduqca bayağı idi, çünki hakimiyyət Xarici İşlər Nazirliyinə məxsus deyil".
"Adətən prezidentin qəfil ölümü böyük hadisə hesab olunur, lakin onun potensial ali lider kimi nəzərdən keçirilməsinə baxmayaraq, o, siyasi dəstəyə və aydın siyasi baxışa malik deyildi", - Bourse and Bazaar analitik mərkəzinin baş direktoru Esfandyar Batmanghelidj deyir.
"Ancaq onu seçən siyasi aktyorlar onsuz da uyğunlaşacaq və irəliləyəcəklər", - ekspert bildirib.







