Rəisinin ölümü: İrana sanksiyalarla helikopter qəzası arasında nə əlaqə var?

İbrahim Rəisi qəzadan öncə

Şəklin mənbəyi, Getty Images

İran Prezidenti İbrahim Rəisinin bazar günü ölkənin şimal-qərbində qəzada həlak olmasından sonra diqqətlər onun mindiyi helikopterə yönəlib.

İran mediasının xəbərinə görə, helikopterin qalıqları hadisədən təxminən 12 saat sonra tapılıb və İbrahim Rəisi ilə yanaşı, helikopterdə olan İranın xarici işlər naziri və digər yeddi nəfər həlak olub.

Rəisi mayın 19-da Azərbaycan Prezidenti İlham Əliyevlə Araz çayı üzərində görüşüb. Onlar çay üzərindəki “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində iştirak ediblər.

İran mediasının yazdığına görə, görüşdən sonra İbrahim Rəisi Təbrizə gedirmiş.

Rəisinin helikopteri qəzaya uğradıqdan sonra İran rəsmiləri hadisənin "pis hava şəraiti" ucbatından baş verdiyini açıqlayıb.

Lakin dünya ictimayyəti başqa versiyaları da müzakirə edir.

BBC-nin Dünya xidmətinin beynəlxalq redaktoru Jeremy Bowen-nin qəza ilə bağlı şərhini təqdim edirik.

Rəisi İran prezident

Şəklin mənbəyi, MEHR Xəbər Agentliyi

"İran sanksiyalara görə, hava nəqliyyatı üçün ehtiyat hissələri ala bilmir", - BBC təhlili

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

İran mediası qəzaya heç də “kirli oyunun” yox, sadəcə dəhşətli hava şəraitinin səbəb olduğunu bildirir.

Lakin bununla yanaşı, Prezident Rəisinin düşmənləri çox idi və onun ölümünə xeyli insan sevinəcək.

80-ci illərdə o, əsasən solçu olan minlərlə dissidentin ölüm hökmünü imzalayıb.

Rəisi 2021-ci ildən Prezident idi və bu müddətdə İran daxilində insanlara qarşı kütləvi repressiyalarda iştirak edib. Üstəlik, ona ən yüksək vəzifə veriləcəyi vədi verilmişdi.

Bu isə rəqibi sıradan çıxarmaq üçün bir səbəb ola bilər, amma bütün bunlara dair əlimizdə heç bir dəlil yoxdur.

İranda həmişə İsraili günahlandıran bir refleks var. İsrail rəsmiləri israilli jurnalistlərə deyiblər ki, onların bu işdə əli yoxdur. İsrailin müharibəyə səbəb ola biləcək bir təxribatdan nə faydası ola bilər ki?

Pis hava şəraitinə gəlincə, fakt budur ki, illərlə davam edən sanksiyalara görə İran təyyarələri ehtiyat hissələri və ya yeni təyyarə çərçivələri ala bilmir və buna görə də kifayət qədər təhlükəlidir.

Hələ 1990-cı ildə mən İranda Rəisinin öldürüldüyü yerdən çox da uzaq olmayan bir ərazidə böyük bir zəlzələ haqqında reportaj hazırlayırdım.

Mən zəif təmir səbəbindən mühərriklərindən biri sıradan çıxdığı üçün məcburi eniş etməli olan, şah dövründən qalan Amerika helikopterində idim.

Bir neçə həftə sonra isə öyrəndim ki, həmin helikopter qəzaya uğrayıb və içərisində olan hər kəs həlak olub.

İbrahim Rəisini daşıyan təyyarə

Şəklin mənbəyi, İRENA

Rəisinin uçduğu helikopter barədə nə məlumdur?

Yayılan fotolara və İran agentliklərinin məlumatlarına görə, İbrahim Rəisi və digər yüksək vəzifəli şəxsləri daşıyan helikopter Bel212 olub.

Amerika helikopteri 1970-ci ildə Teksasda istehsal olunub və 1980-ci illərin sonunda onun istehsal xətti sifarişçi ölkəyə - Kanadaya köçürülüb.

Bell 212 xilasetmə, yanğınsöndürmə və nəqliyyat da daxil olmaqla mülki məqsədlər üçün də istifadə olunur.

İran, ibrahim rəisinin qəzaya uğradığı helikopter

Şəklin mənbəyi, MOJ NEWS/EPA-EFE/REX/Shutterstock

Şəklin alt yazısı, Qəzadan təxminən 18 saat sonra helikopterin görüntüləri paylaşılıb

Bu iki mühərrikli helikopter 15 sərnişin və iki tondan artıq əlavə yük daşıya bilir. Standart versiyada bu modelin maksimal sürəti 220 km/saat, uçuş məsafəsi təxminən 440 km, uçuş hündürlüyü isə yerdən beş kilometrdir.

Arxa cəbhə üçün nəqliyyat vertolyotu kimi istehsal edilən “Bell”-in ilk modellərində güllə keçirməz şüşə, silah və radar xəbərdarlığı sistemi yox idi. Bu avadanlıqlar sonrakı modellərə əlavə edilib.

Məhəmməd Rza Şah Pəhləvi dövründə İran ordusu İtaliya istehsalı olan Bell 212 helikopterləri alıb və bu helikopterin hərbi modeli İranda Bell 212 kimi də tanınır.

Rəisi, İran, prezident

Şəklin mənbəyi, Crown Copyright

FlightGlobal-ın 2024-cü il Dünya Hərbi Hava Qüvvələri kataloquna görə, İranın dəniz və hava qüvvələrinin cəmi 10 Bell 212-si var, amma İran hökumətinin sərəncamında nə qədər olduğu bəlli deyil.

Onlar hər cür məqsədlər üçün, o cümlədən insan və yük daşımaq üçün quraşdırıla və döyüş üçün silahlarla təchiz oluna bilər.

Dövlətə məxsus İRNA xəbər agentliyi prezidenti daşıyan helikopterin altı sərnişin və iki ekipaj üzvü daşıya biləcəyini bildirir.

Qeyri-kommersiya təşkilatı olan Uçuş Təhlükəsizliyi Fondunun məlumatına görə, Bell 212-də ən son ölümcül qəza 2023-cü ilin sentyabrında, Birləşmiş Ərəb Əmirlikləri sahillərində baş verib.

İranda son ölümcül avianəqliyyat qəzası 2018-ci ilin aprelində, Bell 212 infarkt xəstəsini təxliyə edərkən baş verib.