İranda aksiyalar zamanı fəal olmuş dissident reperə ölüm cəzası kəsilib

Şəklin mənbəyi, Twitter/@OfficialToomaj
İranda hökumət əleyhinə etirazları dəstəkləyən dissident reper Toomaj Salehi ölüm cəzası alıb.
Onun vəkillərindən olan Əmir Rəisiyan bildirib ki, reper bu hökmdən apellyasiya şikayəti verəcək.
Reper Toomaj Salehi öz mahnılarında hicabı "düzgün taxmadığı" iddiası ilə 2022-ci ildə saxlanmış və polis nəzarətində ölmüş gənc qadın Məhsa Əmininin ölümündən sonra baş vermiş etirazları dəstəkləyib. Daha sonra, o, açıq bəyanatlar verdikdən sonra həbs edilib və "dünyada korrupsiyanı yayma" da daxil olmaqla çoxsaylı cinayət törətməkdə ittiham olunub.
O, 2023-cü ilin iyulunda İranda Ali Məhkəmənin qərarı ilə ölüm hökmündən yayınaraq altı il üç ay həbs cəzasına məhkum edilib.
Lakin yanvar ayında İsfahan İnqilab Məhkəməsi cənab Salehinin əvvəllər bəraət qazandığı ittihamlara yenilərini əlavə edib.
İran rəsmiləri ona ölüm hökmü verilməsini şərh etməyib.
2022-ci ildə bir ədliyyə rəsmisi bildirmişdi ki, 31 yaşlı Toomaj Salehi həmçinin "təbliğat aparmaq", "düşmən hökumətlə əməkdaşlıq etmək və zorakılığa təhrik etməkdə" ittiham olunub.
O, insan haqları qrupunun məhkəmə prosesinin reperin seçdiyi vəkil olmadan başlaması ilə bağlı məlumatını təkzib edib.
Cənab Salehi 2022-ci ildə özünün etiraz videolarını yayımladıqdan sonra həbs edilmişdi.
O, həmçinin İranın sərt hicab qaydalarını pozduğu iddiası ilə saxlanılmış 22 yaşlı Mahsa Amininin saxlanıldıqdan 10 həftə sonra polis nəzarətində ölməsinin ardınca meydana gəlmiş iğtişaşları dəstəkləyən rep klipləri də yayımlayıb.
İran hakimiyyəti "xarici düşmənlərin qızışdırdığı iğtişaşlar" adlandırdıqları etirazları şiddətlə yatırıb.
İnsan Hüquqları Müdafiəçiləri Xəbər Agentliyinin (HRANA) məlumatına görə, iğtişaşlarda azı 451 etirazçı öldürülmüş, saxlanılanların sayı isə 18 mini keçmişdi. Agentlik həmçinin 60 təhlükəsizlik əməkdaşının öldüyünü də açıqlamışdı.
2022-ci il oktyabrın 30-da həbsindən cəmi bir neçə gün əvvəl CBC News-a müsahibəsində cənab Salehi bildirib ki, mövcud quruluşu tənqid edən videolar paylaşmaq "çətindir, çünki siz özünüzü rejim qüvvələrinin hədəfi edirsiniz".
O, həmçinin iranlıların "dəhşətli yerdə" yaşadıqlarına və "gücünü, pulunu və silahlarını saxlamaq üçün bütün xalqı öldürməyə hazır olan mafiya ilə əlləşdiklərinə" dair xəbərdarlıq da edib.
Noyabrın əvvəlində İranın dövlət mediası cənab Salehinin mərkəzi İsfahan əyalətində saxlanıldığını göstərən bir video yayımlamışdı.
Həmin kadrlarda özünü Salehi kimi təqdim edən şəxsin gözləri bağlı formada yerdə oturduğu görünür.
İfadə azadlığını müdafiə edən "Article 19" qrupu "reper Toomaj Salehinin "açıq-aşkar təzyiq altında zorla etiraf etdirildiyini" bildirib və bunu pisləyib.
"Bazar günü İsfahan ədliyyəsinin rəhbəri cənab Salehinin "dünyada korrupsiyanı yayma" ittihamı ilə üzləşdiyini təsdiqləyib"- yarı rəsmi İSNA xəbər agentliyi yaymışdı. Və onun "ciddi ziyana səbəb olan böyük miqyaslı yalan yaymaqda" ittiham olunduğunu da əlavə etmişdi.
Həmin vaxt Toomaj Salehinin Londonda yaşayan əmisi oğlu Azadeh Babadi CBC-yə deyib ki, o, reperi mühakimə edə bilmək üçün uydurma sübutlar olacağından ehtiyat edir.
Musiqi ulduzları və digər bir çox iranlılar Twitter-də oxşar narahatlıqlarını ifadə edərək, Salehinin farsca adının həştəqini trendə çevirmişdilər.
Reper Hichkas "Twitter" səhifəsində İslam Respublikasının " Toomajı öldürməyə çalışdığını", müğənni Mehdi Yarrahi isə "Əsassız ittihamlarla başqalarına dərs vermək istəyirlər. Onlar isə ölümdən qorxmur!" - deyə yazmışdılar.
İran ədliyyəsi etiraz aksiyaları ilə bağlı həbs edilən və adı açıqlanmayan 6 nəfərin "Allaha düşmənçilik" və ya "dünyada korrupsiyanı yayma" ittihamı ilə təqsirli bilinərək edam cəzasına məhkum edildiyini açıqlayıb. Beynəlxalq Amnistiya Təşkilatının məlumatına görə, cənab Salehidən başqa azı 15 nəfər, o cümlədən kürd reper Saman Yasin də ağır cinayətlərdə ittiham olunub.
Həmin vaxt İran mediası yazırdı ki, etirazlarda iştirakda və ya onlara dəstək verməkdə şübhəli bilinərək saxlanılan bir sıra tanınmış simalar zaminə buraxılıb.
Onların arasında məşhur aktrisa Hengameh Ghaziani, aktivist və bloger Hossein Ronaghi, keçmiş beynəlxalq futbolçu Voria Ghafouri və islahatçı keçmiş deputat Parvaneh Salahshouri olub.
Hengameh Ghaziani 2022-ci ilin noyabr ayının əvvəlində ictimaiyyət içinə hicabsız çıxdığı zaman çəkilmiş videosunu yayımladıqdan sonra həbs edilib.
Aktirasının anoloji video yayımladıqdan sonra eyni vaxtda həbs olunan həmkarı Katayoun Riahidən isə bəhs edilməyib.
Bu arada İranın ali dini lideri Ayətullah Əli Xameneinin qardaşı qızı İrandan kənarda yaşayan insanları Tehranla əlaqələri kəsmək üçün hökumətlərinə təzyiq göstərməyə çağırıb.
"Ey azad insanlar, bizimlə olun və hökumətlərinizə deyin ki, bu cani və uşaq qatili rejimə dəstəyi dayandırsınlar", - tanınmış fəal Farideh Moradkhani videoda bildirib.
Görüntülər Farideh Moradkhaninin ötən həftə naməlum ittihamlarla Tehranda saxlanıldığı açıqlandıqdan sonra onun Fransada yaşayan qardaşı tərəfindən yayımlanıb.
İranın Xarici İşlər Nazirliyi bildirmişdi ki, təqiblər zamanı iddia edilən sui-istifadə hallarını araşdırmaq üçün BMT-nin İnsan Haqları Şurasının faktaraşdırıcı missiyası ilə "nə olursa olsun" əməkdaşlıq etməyəcək.

Şəklin mənbəyi, Getty Images
İranda etirazlar başlayandan bəri aksiya iştirakçıları arasında ölənlərin sayı 451-ə çatmışdı, insan haqları qrupu bildirirdi. ABŞ-da mənzillənən İnsan Haqları Fəalları Xəbər Agentliyinin (HRANA) məlumatına görə, bu müddət ərzində həbs edilənlərin sayı 18 mini keçib.
Həmin vaxt saxlanılanlar arasında jurnalist, sənətçi, idman və ictimai fəalların olduğu deyilirdi. Hüquq müdafiəçilərinə əsasən, 150-yə yaxın şəhər və qəsəbələrdə hökumət əleyhinə çıxışlar olub.
İran liderləri etirazları ölkənin xarici düşmənləri tərəfindən təşkil edilən "iğtişaşlar" adlandırmışdı.
Ölkədə etirazlar 2022-ci ilin sentyabrında başörtüsü qərarını pozmaqda günahlandırılaraq əxlaq polisi tərəfindən saxlanılan, daha sonra saxlanma kamerasında vəfat edən 22 yaşlı Məhsa Əmininin ölümündən sonra alovlanmışdı.
İranlı futbolçular milli himni oxumaqdan imtina etmişdilər
Təxminən iki il əvvəl İranın milli futbol yığması Dünya Kuboku çərçivəsində İngiltərə ilə oyundan əvvəl ölkələrində hökumət əleyhinə başlayan etirazlara dəstək ifadə edərək milli himnlərini oxumaqdan imtina etmişdilər.
Bəzi azarkeşlər himn səslənərkən müxtəlif şüarlar səsləndirərərk, digərləri isə üzərində "Qadın, Həyat, Azadlıq" yazılan lövhələr qaldırmışdılar.
İran dövlət televiziyası himn səslənən kadrı kəsərək stadionun ümumi görüntüsünü verib.
İranlı azarkeşlər oyunun ilk yarısında etiraz aksiyalarının əsas simalarından biri olan və İslam Respublikasını açıq şəkildə tənqid edən keçmiş futbolçunun adını çəkərək, "Əli Kərimi" deyə qışqırıblar.
Futbol fanatları həmçinin etiraz aksiyalarında İranda təhlükəsizlik qüvvələri əleyhinə istifadə edilən "Bişərəf!" ifadəsini də yüksəkdən qışqırıblar.
Hökumət qüvvələri əleyhinə olan bir çox müxalif təmsilçilər futbol komandasını həmin vaxt Prezident İbrahim Rəisi ilə görüşdüyünə və nümayişlərə açıq dəstək vermədiklərinə görə tənqid edirdilər.
Oyun başlamazdan əvvəl danışan İran milli komandasının kapitanı Ehsan Hacsafi oyunçuların etirazlarda ölənləri "dəstəklədiyini" bildirib.

Şəklin mənbəyi, Getty Images
"…insanlar xoşbəxt deyillər"
Həmin vaxt İran milli yığmasının 32 yaşlı kapitanı Ehsan Hacsafi mətbuat konfransında bildirmişdi ki, komanda üzvləri [nümayişlərdə] ölənləri "dəstəkləyir".
"Qəbul etməliyik ki, ölkədəki vəziyyət yaxşı deyil və insanlar xoşbəxt deyillər", - Ehsan Hacsafi qeyd edib.
"Hər şeydən əvvəl İranda yas içində olan ailələrə başsağlığı vermək istəyirəm", - komandanın kapitanı Hacsafi mətbuat konfransının açılışında deyib.
Turnirə hazırlıq zamanı İranın Dünya Kubokundan kənarlaşdırılması ilə bağlı çağırışlar edilib. Bu kampaniyanı başladanlar Ukraynanın işğal edilməsində İranın Rusiyaya hərbi dəstək verməsini və İranda qadın hüquqlarının pozulmasını əsas gətiriblər.
Noyabrın 21-i İran komandası İngiltərə yığması ilə qarşılaşıb və 2:6 hesabı ilə məğlub olub.

Şəklin mənbəyi, Getty Images
Aktrisalar saxlanılıb
İranda həmin vaxt davam edən etirazlara dəstək olaraq iki tanınmış aktrisa başı açıq şəkildə ictimaiyyət qarşısına çıxandan sonra saxlanılmışdı.
İranın dövlət xəbər agentliyi - İrna-nın məlumatına görə, Hənqamə Qaziani və Katayun Riahi hökumət əleyhinə fəaliyyətdə ittiham olunublar.
Daha əvvəl Hənqamə Qaziani Twitter hesabında yazıb: "Nə olursa olsun, bilin ki, mən həmişəki kimi, İran xalqının tərəfində olacağam. Bu, mənim son yazım ola bilər".
Etirazçılar Xomeyninin evini yandırmışdılar
İranda fəallar İslam Respublikasının banisi Ayətullah Ruhullah Xomeyninin doğulduğu evi yandırmışdılar. Sosial mediada görünən fotolarda Xomeyn şəhərindəki evin qismən yandığı görünürdü.
Xəbər agentlikləri paylaşılan videonun çəkildiyi yerini təsdiqləmiş, yerli hakimiyyət isə bunun qəsdən yandırılma olduğunu təkzib etmişdi.
Ayətullah Xomeyninin sonradan muzeyə çevrilən həmin evdə doğulduğu deyilir.
Xomeyni 1989-cu ilə, vəfat edənə qədər ölkənin mənəvi lideri olub.

Şəklin mənbəyi, AFP
Xomeyni şəhərindən yayılan videolarda evin yandığı vaxt onlarla insanın sevinclə alqış etdiyi görünürdü.
Bununla belə, yarı rəsmi Tasnim xəbər agentliyi Xomeyn şəhərinin yerli məmurlarının evə hücum olmadığını açıqladığını yaymışdı.
Agentlik azsaylı fəalların evin qarşısında toplaşdığını və daha sonra evin videosunu paylaşaraq, oranın hələ də "zəvvarların və mərhum İmamı sevənlərin üzünə açıq olduğunu" bildirmişdi.
"Böyük inqilabın banisinin evinin qapısı ictimaiyyətə açıqdır", - deyə agentlik əlavə etmişdi.
Xomeyninin doğulduğu evdəki yanğın bütün ölkədə Xomeyninin varisi Ayətullah Əli Xameneyi və onun hökumətinə qarşı keçirilən nümayişlərin son hadisələrindən biri olub.
İran rejiminə qarşı etirazlar 22 yaşlı Məhsa Əmininin hicab qaydalarına əməl etmədiyi səbəbilə saxlanıldıqdan sonra ölməsi ilə başlayıb.
İranın rəsmi mediasının məlumatına görə, son hadisələrdə beş mühafizəçi həyatını itirib.
Eyni zamanda, təhlükəsizlik qüvvələri tərəfindən öldürüldüyü bildirilən gənc iranlıların dəfn mərasimlərində yeni aksiyalar baş verib.
Ailəsinin verdiyi məlumata görə, ölkənin şimal-qərbindəki İzeh şəhərində təhlükəsizlik qüvvələri tərəfindən güllələnərək öldürülən 9 yaşlı Kian Pirfalak üçün təşkil edilən dəfn mərasimində izdiham "Xameneyiyə ölüm" şüarları səsləndirib.
Təbriz, Mahabad və Zahedan şəhərlərində təhlükəsizlik qüvvələrinin səbəb olduğu iddia edilən mülki ölümlərə qarşı etirazlar keçirilib.







