Azərbaycan və Ermənistan liderləri Sankt-Peterburqda "sülhdən danışıblar"

Azərbaycan, Ermənistan, İlham Əliyev, Nikol Paşinyan, sülh, siyasət, münaqişə

Şəklin mənbəyi, Getty Images

Azərbaycan və Ermənistan liderləri Sankt-Peterburqda keçirilən MDB liderlərinin qeyri-rəsmi görüşü çərçivəsində “sülh danışıqlarını” müzakirə ediblər, Ermənistan hökumətinin sözçüsü deyib.

İlham Əliyevlə Nikol Paşinyan Azərbaycanın sentyabrın 19-da Qarabağda apardığı bir günlük “antiterror əməliyyatları”ndan sonra ilk dəfə görüşüblər.

Videonu YouTube kanalımızda izləyin.

Onlar sonuncu dəfə Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə görüşmüşdülər.

Ermənistan Baş nazirinin sözçüsü Nazeli Baqdasaryan ölkəsinin İctimai TV-sinə deyib ki, Nikol Paşinyanla İlham Əliyev arasında “qeyri-rəsmi təmaslar olub, sülh gündəliyi ilə bağlı məsələlər müzakirə olunub”.

O əlavə edib ki, müzakirələr “ikitərəfli formatda olub”.

Sentyabrdakı hərbi əməliyyatdan sonra bu ay iki ölkə arasındakı münasibətlərdə ilk dəfə yumşalma müşahidə olunub.

İki ölkə bir-birinin ərazisində saxlanan hərbçiləri qaytarıb və Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvesiyasına Tərəfdaş Dövlətlərin 29-cu konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri çəkərək Azərbaycanın namizədliyini dəstəkləyib.