Azərbaycan Prezidenti Zəngəzur dəhlizinin açılacağını bəyan edib

Ermənistan Baş naziri Nikol Paşinyan deyib ki, regionda nəqliyyat əlaqələrinin açılması üçün Bakıya "konkret təkliflər" veriblər, armenpress saytı yazıb.
O, Azərbaycan Prezidenti İlham Əliyevin "Zəngəzur dəhlizi"nin açılacağı bəyanatı ilə bağlı "armenpress"-in sualına cavabında deyib ki, bu təklif Yerasx-Sədərək-Ordubad-Meğri-Zəngilan dəmiryolunun açılmasıdır.
"Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar [Ermənistan-red.] bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır", - İlham Əliyev yanvarın 7-də Azərbaycan televiziyalarına müsahibəsində deyib.
Zəngəzur dəhlizi Azərbaycanla Naxçıvanı birləşdirəcək, eyni zamanda Türkiyə ilə birbaşa əlaqəni nəzərdə tutan layihədir.
Prezident Əliyev deyib ki, Ermənistan Türkiyə ilə Azərbaycan arasında "coğrafi maneə" olmamalıdır.
"Biz Azərbaycan olaraq, onlar üçün təhlükə mənbəyi deyilik", - deyə o, Ermənistan hökumətinə ünvanladığı anlaşılan bəyanatında deyib.
Ermənistanın Baş naziri Nikol Paşinyan armenpress.am saytında yanvarın 8-də yayılan müsahibəsində deyib ki, rəsmi Yerevan Bakıya özünün "Sülh Qovşağı" layihəsini təqdim edib və başqa "heç bir layihə gündəmdə deyil".
Onun sözlərinə görə, "Sülh Qovşağı" özündə həm də regionun nəqliyyat əlaqələrinin açılmasını ehtiva edir.
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
"Bura həmçinin Azərbaycanın bir hissəsinin digər hissəsi ilə Ermənistan vasitəsilə, eləcə də Ermənistanı Azərbaycan daxilində olan erməni kəndlərlə birləşdirən yolların açılması daxildir", Paşinyan qeyd edib, armenpress yazıb.
Ermənistanın Baş naziri bildirib ki, Azərbaycana konkret təklif veriblər və bu təklif Yerasx-Sədərək-Ordubad-Meğri-Zəngilan dəmiryolunun açılmasıdır.
"Bu təklifdən daha üstün bir şeydir, bu konkret məsələnin konkret həll variantıdır və biz bununla bağlı Azərbaycandan müsbət reaksiya gözləyirik", - Paşinyan deyib.
O əlavə edib ki, razılaşma sənədi hazır olduqdan və imzalandıqdan sonra, Yerevan dəmiryolunun Ermənistandan keçən hissəsinin tikintisinə başlayacaq.
Ermənistan və İran, Azərbaycanı Naxçıvama və oradan da Türkiyəyə birləşdirəcək bu yolun açılmasına qarşıdır.
Ermənistanın Baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizinin Ermənistan üçün "qırmızı xətt" olduğunu deyib. Bu ifadə, Zəngəzur yolu ilə bağlı danışan İran rəsmiləri, o cümlədən Ali Dini Lider Xameneyi tərəfindən də dəfələrlə istifadə olunub.
Azərbaycan öz torpağı olan Naxçıvana niyə başqa yolla getməlidir, deyə Prezident Əliyev sual edib.
Azərbaycan deyir ki, İkinci Qarabağ Müharibəsinin bitməsiylə nəticələnən 10 noyabr 2020-ci il bəyannaməsində Zəngəzur dəhlizinin Azərbaycanın nəzarətinə keçəcəyi barədə müddəa var. Ermənistan rəhbərliyi isə deyir ki, Zəngəzur dəhlizinin Azərbaycana verilməsinə razılıq verməyib.
Zəngəzur dəhlizi nədir - onunla bağlı izahlı videoya YouTube kanalımızda baxın.









