Xronika: Ölümcül basabaslar

Şəklin mənbəyi, AFP

Son illərdə, çoxu da dini mərasimlərdə olmaqla, minlərlə insan həyatını basabaslarda itirib. Onlardan bəzilərini yada salırıq:

24 sentyabr, 2015, Mina, Səudiyyə Ərəbistanı

Həcc ziyarətində iştirak edən azı 717 nəfər Məkkə yaxınlığında baş vermis çaxnaşmada dünyasını dəyişib. Bu hadisə baş verərkən 2 milyon insan Minaya, şeytana daşatma mərasiminə toplaşmışdı. Daha 450 nəfər xəsarət alıb.

14 oktyabr, 2013, Madya Pradeş, Hindistan

Ratanqar məbədi yaxınlığındakı körpüdə başlanmış çaxnaşma nəticəsində azı 115 nəfər həlak olub. Burada yüz minlərlə insan Navatri hindu bayramını qeyd etməyə yığılmışdı.

14 yanvar, 2011, Kerala, Hindistan

Hindu piri Sabarimaladan qayıdan 102-dən çox zəvvar ayaq altında qalaraq ölüb. Ziyarətgah ucqar dağlıq və sıx meşəlik ərazidə yerləşir.

22 noyabr, 2010, Pnom Pen, Kamboca

İllik Su bayramı mərasimində Tonlesap çayı üzərindəki körpüdə yaranmış çaxnaşmada 375 nəfər həlak olub. Baş nazir Hun Şen bu hadisəni Kxmer Ruj zamanından bəri Kambocanın ən böyük fəlakəti adlandırıb.

30 sentyabr, 2008, Racastan, Hindistan

Məşhur Mehranqar qalasının içində yerləşən Çamunda Devi hindu məbədində baş vermis basabasda 220-dən çox insan tələf olub.

3 avqust, 2008, Himaçal Pradeş, Hindistan

Hindistanın şimalında, dağ yoxuşunda yerləşən hindu məbədində yaranmış çaxnaşmada azı 140 nəfər həlak olub. Çaxnaşmaya səbəb Naynadevi məbədində yağışdan qorunmaq üçün qurulan sığnağın aşması olub.

12 yanvar, 2006, Mina, Səudiyyə Ərəbistanı

Məkkədə illik Həcc mərasimi zamanı yaranmış çaxnaşma azı 364 zəvvarın həyatına son qoyub. Buna səbəb avtobuslardan boşaldılan yüklərin Camarat körpüsünə aparan girişlərdən birinin qarşısına tökülməsi olub.

31 avqust, 2005, Bağdad, İraq

1000-dək şiə zəvvar intiharçı bomba partlayışı barədə şayiələrdən qaynaqlanan çaxnaşmada həlak olub. Onların çoxu ayaq altda qalıb. Bir çoxları Dəclə çayında boğulub. Ölənlərdən bir çoxu qadınlar və uşaqlar olub.

25 yanvar, 2005, Maharaştra, Hindistan

Mandar Devi məbədinə ziyarətə gələnlərdən 300-ü çaxnaşma zamanı həlak olub. Adamlar burada piştaxtalarda başlamış yanğından qaçaraq məbədə aparan pilləkənlərə sığındığından bir çoxları ayaq altda qalıblar və yaxud yanıblar.

1 fevral, 2004, Mina, Səudiyyə Ərəbsitanı

Həcc zamanı 27 dəqiqəlik çaxnaşmada 251 zəvvar həlak olub. Rəsmilər deyirdilər ki, yeni təhlükəsizlik qaydalarına görə çoxları şeytanın daşlanması mərasimində qanunsuz iştirak etmişdilər.

9 may, 2001, Akkra, Qana

Accra İdman Stadionunda Accra Hearts of Oak və Asante Kotoko futbol komandaları arasında matçdan sonra 126-dək insan ayaq altında tapdanaraq ölüb. Fəlakətdən sağ çıxmış şahidlər baş verən çaxnaşmaya görə Qana polisini ittiham edirdilər. Məğlub komandanın azarkeşlərinin iğtişaş törətmək istədiyini görən polis adamla dolu stadiona gözyaşardıcı qaz buraxmışdı.

9 aprel, 1998, Mina, Səudiyyə Ərəbistanı

Şeytanın daşa basılması ayini zamanı 118 nəfər həlak olub, 180 nədər xəsarət alıb. Çaxnaşma bir neçə nəfərin piyadalar üçün körpüdən yıxılması nəticəsində başlanıb. Ölənlərin əksəriyyəti İndoneziya və Malayziya zəvvarları idi.

2 iyul, 1990, Səudiyyə Ərəbistanı

Məkkənin müqəddəs guşələrinə aparan tuneldə baş vermis basabasda 1426 nəfər həyatını itirib. Onların əksəriyyəti malayziyalılar və indoneziyalılar idi. Hakimiyyət orqanları bildirirdi ki, adamların ölməsinə səbəb tuneldəki ventilyasiya sisteminin işləməməsi olub.