Həcc izdihamı: ən azı 717 nəfər ölüb

Səudiyyənin mülki müdafiə qurumu xilasetmə işlərinin davam etdiyini bildirir.

Şəklin mənbəyi, Saudi Civil Defence Directorate

Şəklin alt yazısı, Səudiyyənin mülki müdafiə qurumu xilasetmə işlərinin davam etdiyini bildirir.

Həcc ziyarəti zamanı Məkkə yaxınlığında çaxnaşma nəticəsində ən azı 717 nəfər həyatını itirib, Səudiyyə rəsmiləri bildirib.

Səudiyyə rəsmilərinin məlumatına görə, bundan əlavə hadisədə azı 863 nəfər xəsarət alıb.

Həyatını itirmiş şəxslər arasında azərbaycanlı zəvvarların olub-olmaması araşdırılır, Azərbaycan Xarici İşlər Nazirliyi bildirib. APA isə "hazırda ərazidə olan" Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsinə istinadən bildirir ki, ölənlərin arasında "azərbaycanlı yoxdur".

Hadisə Minada zəvvarların şeytanı təmsil edən sütuna daş atma mərasimində baş verib.

Çaxnaşma Qurban bayramının birinci günü baş verib. Bir milyondan çox adam Həcc ziyarətinin əsas sayılan qaydasını həyata keçirirdi.

Bu ayın əvvəlində Məkkə şəhərindəki Böyük Məscidin üzərinə kran aşması nəticəsində 109 nəfər ölüb, 400 nəfər yaralanıb.

2006-cı ildə, şeytanı daşlama ayini zamanı baş verən çaxnaşma 364 ziyarətçinin ölümü ilə nəticələnmişdi.

Minada zəvvarlar şeytanı təmsil edən sütuna daş atır

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Minada zəvvarlar şeytanı təmsil edən sütuna daş atır

Səudiyyə mülku müdafiə müdirliyi Twitter vasitəsilə bildirib ki, hadisə yerinə 220 nəfərdən çox təcili yardım və xilasetmə qüvvələri göndərilib.

Xəsarət alanlar ərazidəki dörd hospitala aparılır.

Son 10 il ərzində Səudiyyə rəsmiləri təhlükəsizliyi təmin etmək üçün infrastrukturu inkişaf etdirib

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Son 10 il ərzində Səudiyyə rəsmiləri təhlükəsizliyi təmin etmək üçün infrastrukturu inkişaf etdirib

Çaxnaşmaya dəqiq nəyin səbəb olması aydın deyil, lakin bu, Həcc ziyarəti zamanı ilk belə hal deyil.

Həcc: ölümcül hadisələr

1987: Səudi rəsmilərinin iranpərəst etirazçılarla qarşıdurması nəticəsində 400 nəfər ölüb

1990: müqəddəs yerlərə aparan tuneldə 1426 nəfər həyatını itirib

1994: çaxnaşma nəticəsində 270 nəfər ölüb

1997: yanğın zamanı 343 ziyarətçi həlak olub və 1500 nəfər yaralanıb

2006: şeytana daş atma mərasimidə basırıq nəticəsində 364 zəvvar ölüb

2006-cı ildə daş atma mərasimində 364 nəfərin həyatını itirməsinin ardından, Səudiyyə rəsmiləri ərazidəki nəqliyyat və digər infrastrukturu yaxşılaşdırmaqla bu cür hadisələrin qarşısını almağa çalışır.

Müsəlmanlar üçün Həcc ziyarəti İslam dininin sütunlarından biri sayılır.