İstanbul basqınına görə kürd qruplaşma məsuliyyəti öz üzərinə götürüb

Şəklin mənbəyi, AFP
İstanbulun mərkəzində ötən çərşənbə axşamı günü baş verən partlayışa görə məsuliyyəti öz üzərinə Kürdüstan Azadlıq Şahinləri qrupu (TAK) götürüb.
TAK qrupunun saytında deyilir ki, basqın ölkənin cənub şərqində Türkiyə ordusunun apardığı əməliyyatlara cavab addımı olmuşdu.
Qrup təhlükəsizlik səbəblərinə görə xarici turistləri Türkiyəyə gəlməməyə səsləyib.
Turistlər arasında populyar olan tarixi Beyazit Meydanı yaxınlığındakı Vezneciler rayonunda avtomobilə quraşdırılmış bomba partlayışı 11 nəfərin ölümünə səbəb olmuşdu. Daha 30-dan artıq adam isə xəsarət almışdı.
Hadisədən sonra Türkiyə prezidenti Recep Tayyip Erdoğan hücumda PKK qrupunu ittiham etmişdi.
Ötən il Türkiyə ilə PKK arasında iki illik atəşkəs razılaşması pozulmuşdu.
Mart ayında TAK qrupu Ankarada 30 nəfərin ölümünə bais olmuş partlayışa görə məsuliyyəti öz üzərinə götürmüşdü.
