PKK Türkiyəni uzun döyüşlərlə hədələyir

PKK lideri Cemil Bayik təslim olmayacağını bildirib
Şəklin alt yazısı, PKK lideri Cemil Bayik təslim olmayacağını bildirib
    • Müəllif, Ian Pannell
    • Vəzifə, BBC, şimali İraq

Kürd üsyançı hərəkatı olan PKK BBC-ə bildirib ki, Ankara onları təslim etməyə çalışdığı üçün Türkiyəyə qarşı döyüşləri intensivləşdirməyə hazırdırlar.

Kürdüstan Fəhlə Partiyası (PKK) lideri Cemil Bayik bildirib ki, prezident Recep Tayyip Erdoğan müharibəni “çətinləşdirir”.

“Kürdlər özlərini sonuna qədər müdafiə edəcək, Türkiyənin yanaşması belə olduğu üçün, əlbəttə ki, PKK müharibəni kəskinləşdirəcək,” o deyib.

Ayrıca olaraq Erdoğanın müşaviri PKK ilə istənilən danışıqları istisna edib.

Türkiyə prezidentinin məsləhətçisi İlnur Cevik BBC müxbiri Mark Lowen-ə deyib ki, PKK “Türkiyənin daxilində ayrıca dövlət yaratmağa çalışır – bu açıq bölücülükdür”.

Hər hansı danışıqların mümkünlüyü barədə suala isə o belə cavab verib: “Hal-hazırda bu mümkün deyil”.

Cənab Cevik əlavə edib ki, cənab Erdoğan hərbi kampaniya üçün xalqın dəstəyinə malikdir.

Lakin PKK lideri cənab Bayik iddi edir ki, “biz Türkiyədən ayrılaraq ayrı dövlət qurmaq istəmirik”.

“Biz Türkiyəni bölmək istəmirik. Biz Türkiyə sərhədləri daxilində, öz torpaqlarımızda azad yaşamaq istəyirik... Kürdlərin təbii haqları qəbul olunanadək mübarizə davam edəcək”, o deyib.

Onun sözlərinə görə, Türkiyənin barışmaz mövqeyi PKK-nı münaqişəni “təkcə Kürdüstanda deyil, Türkiyənin hər yerində” daha da gücləndirməyə məcbur edib.

İki illik Türkiyə-PKK atəşkəsi keçən ilin iyul ayında pozulub. Ondan bəri toqquşmalar güclənib, Türkiyə hava qüvvələri İraqın şimalındakı PKK bazalarına havadan zərbələr endirib.

Türkiyə, Avropa İttifaqı və ABŞ PKK-nı terrorçu təşkilat kimi tanıyır.