Türkiyənin aviazərbələri nəticəsində "doqquz kürd ölüb"

Helikopterlərin kürd üsyançılarını Şirnak ərazisində atəşə tutduğu deyilir

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, Helikopterlərin kürd üsyançılarını Şirnak ərazisində atəşə tutduğu deyilir

Hərbi helikopterlər Türkiyənin cənubundakı kürd üsyançılara havadan zərbələr endirib, doqquz PKK üzvü ölüb, Türkiyənin təhlükəsizlik xidmətindəki mənbədən bildirilib.

Məlumata görə, helikopterlər kürd üsyançılarını Suriya ilə sərhəddə yerləşən Şirnak ərazisində atəşə tutublar.

Mənbədən verilən məlumatda əlavə olunur ki, bir qrup PKK döyüşçüsü keçən həftə komendant saatının elan edildiyi İdil rayonuna hərəkət ediblər.

Bundan əvvəl PKK ilə əlaqəsi olan YPG 17 fevralda Ankarada 28 nəfərin ölümünə səbəb olmuş partlayışa görə məsuliyyəti üzərinə götürüb.

Qruplaşmanın bəyanatında deyilir ki, partlayış Türkiyə prezidenti Recep Tayyip Erdoğanın kürdlərə qarşı siyasətinə və Cizre şəhərindəki vəziyyətə cavab olaraq həyata keçirilib.

Türkiyədə muxtariyyət uğrunda mübarizə aparan Kürdüstan Fəhlə Partiyası (PKK) terrorçu təşkilat sayılır.