Erdoğan "terror tərəfdarlarının" vətəndaşlıqdan məhrum edilməsini istəyir

Şəklin mənbəyi, AFP Getty
Türkiyə terrorizmə dəstək verənləri vətəndaşlıqdan məhrum etməlidir, prezident Recep Tayyip Erdoğan bildirib.
"Bu insanlar bizim vətəndaşlarımız olmağa layiq deyil", Erdoğan deyib.
O, Ankarada hüquqşünaslar qrupu qarşısında çıxış edərkən bildirib ki, hökumətin "terrorçularla müzakirə edəcək heç nəyi yoxdur".
Bazar ertəsi cənab Erdoğan qadağan olunmuş Kürdüstan Fəhlə Partiyası ilə (PKK) sülh danışıqlarının bərpasını istisna edib.
Türkiyə hökuməti ilə PKK arasında atəşkəs iyulda pozulub.
Türkiyə prezidenti, həmçinin, Türkiyənin əsasən kürdlərin yaşadığı cənub-şərq hissəsində münaqişənin kökünü kəsəcəyini vəd edib.

Şəklin mənbəyi, epa
Region 2013-cü ildə razılaşdırılmış atəşkəs ötən il pozulduqdan sonra onilliklər ərzində ən pis zorakılıq halları ilə üzləşib.
Cənab Erdoğan ötən həftə bildirib ki, təhlükəsizlik qüvvələrinin 355 üzvü və 5 mindən çox PKK üzvü döyüşlərdə həlak olub.
Bu arada Ankarada iki ölümcül bomba hücumuna görə məsuliyyəti kürd qiyamçıları üzərinə götürüb.
Türkiyənin ən böyük azlıq qrupu üçün müstəqillik əldə etməyə çalışan PKK rəsmən 1984-ci ildə Türkiyə dövlətinə qarşı silah götürüb.
Münaqişədə bu günədək 40 mindən artıq adam həlak olub.




