Minsk qrupu: tərəflər "danışıqlara qayıtmağın vacibliyini anlayır"

Şəklin mənbəyi, AFP

Yerevanda səfərdə olan ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov bildirib ki, tərəflərin siyasi və hərbi liderləri "atəşkəsin qorunmasına hazırdır".

Cənab Popov əlavə edib ki, tərəflər siyasi danışıqlara qayıtmağın "vacibliyini başa düşür", AP agentliyi yazır.

Minsk Qrupunun həmsədrləri bu həftə Bakıdan Dağlıq Qarabağa, oradan isə Ermənistana gediblər.

Ermənistanda bir qrup tələbə gənc onları nümayişlə qarşılayıb.

Dağlıq Qarabağ münaqişə bölgəsində cümə günündən şənbəyə keçən gecə atəşkəs pozulub.

Azərbaycanın Müdafiə Nazirliyi bildirib ki, Ermənistan silahlı bölmələri sutka ərzində atəşkəs rejimini ümumilikdə 120 dəfə pozub və Azərbaycan Ordusu isə 121 dəfə atəş zərbəsi endirib.

MN-nin məlumatına görə, Ermənistan Ordusu 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan və iriçaplı pulemyotlardan da istifadə edib.

Atəşə tutulan rayonlar - Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl olub.

BBC-nin Azərbaycanın Ağdam, Tərtər və Füzuli rayonlarında danışdığı sakinlər bildirib ki, ara-sıra atışma səsləri eşidilir.

"Ağdamın Baş Qərvənd kəndinə atırdılar", sakinlər bildirib.

"DQR" prezident aparatı rəisinin müdiri David Babayan KİV-lərə deyib ki, aprelin 5-də atəşkəs haqqında razılıq əldə edildikdən sonra atəşkəsə tam riayət olunduğunu demək olmaz.

"Əvvəlki kimi intensiv deyil, lakin ara-sıra avtomat silahdan və minaatanlardan pozulur."

Azərbaycan və Ermənistan arasında atəşkəsin bərpa edilməsi barədə qərar cümə günü saat 15.00-da qüvvəyə minib.

Aprelin 2-ə keçən gecədən başlayaraq Dağlıq Qarabağın cəbhə boyu rayonlarında "qızğın döyüşlər" başlayıb. Hər iki tərəfdən mülki və hərbi itkilər var.