Qarabağ münaqişəsi: Gürcüstan neytraldır

Şəklin mənbəyi, Reuters
Tbilisidə Dağlıq Qarabağdakı vəziyyətin gərginləşməsini bu münaqişənin partlayış təhlükəli olduğunun xatırlatması hesab edirlər. Gürcüstanda düşünürlər ki, bu münaqişə təkcə iki düşmən dövlətdə deyil, bütün regiondakı vəziyyəti sabitsizləşdirə bilər.
Odur ki, aprelin 2-də bu bölgədə münaqişə kəskinləşəndən bəri tanınmamış Dağlıq Qarabağdakı situasiya Gürcüstan kütləvi-informasiya vasitələrinin diqqət mərkəzindədir.
Son günlər ərzində Gürcüstan hakimiyyətinin nümayəndələri öz bəyanatlarında nə Yerevan, nə də Bakının xətrinə dəyməyəcək bir tərzdə tərəfləri qarşıdurmanın dinc yollarla tənzimlənməsinə çağırıblar.
Politoloqlar rəsmi Tbilisinin bəyanatlarındakı ehtiyatlılığa haqq qazandırırlar. Onlar Erməni –Azərbaycan münaqişəsində neyraliteti alternativsiz mövqe hesab edirlər. Tbilisi bilir ki, onun iki qonşusu arasındakı münaqişənin tammiqyaslı müharibəyə çevrilməsindən Gürcüstan da ziyan görə bilər.
Gürcü ekspertlərin fikrincə, aprelin 5-də münaqişə tərəfləri arasında atəşkəsin əldə edilməsinə baxmayaraq, qarşıdurmanın miqyasca böyüməyəcəyi hökmünü indidən vermək mümkün deyilidir.
Gürcü ehtiyatlılığı
"Biz Gürcüstan üçün qardaş olan iki ölkə arasındakı silahlı qarşıdurmadan narahatıq. Bizim mövqeyimiz həmişə olduğu kimi sarsılmaz olaraq qalır: Biz Qafqazda, öz ölkəmizdə və bilavasitə qonşuluğumuzda sülh istəyirik” – deyib Gürcüstan parlamentinin sədri David Usupaşvili.
Buna bənzər bəyanatlarla hakimiyyətin başqa nümayəndələri də çıxış edirlər. Gürcüstan üçün həm Yerevan, həm də Bakı ilə xoş qonşuluq münasibətlərini qoruyub saxlamağın zəruri olduğunu istər ekspertlər, istərsə də siyasilər qeyd edirlər.

Şəklin mənbəyi, RIA Novosti
Hakim çoxluqdan millət vəkili, parlamentin Avropa inteqrasiyası komitəsinin rəhbəri Levan Berdzenişvilinin rəyincə, bu mənada Gürcüstan hakimiyyətləri ölkə müstəqillik əldə edəndən bəri səhvə yol verməyiblər.
"Zviad Qamsaxurdiyadan tutmuş, Şevardnadze və Saakaşviliyədək, həmçinin indiki hökumət də yaxşı başa düşürdülər və düşürlər ki, bu məsələdə ehtiyatlılıq lazımdır, - deyib Berdzenişvili İmedi telekanalının efirində, - Biz heç vaxt səhv buraxmamışıq, heç bir tərəfə meyllənməmişik və qonşulardan heç birinin xətrinə dəyməmişik”.
Moskvanın maraqları
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müxalifət nümayəndələri də ehtiyatlı bəyanatlar verirlər. Müxalifətin bir qismi hesab edir ki, regionda gərginliyin eskalasiyası Moskvanın maraqlarındadır.
Lakin politoloq Kakaçiyanın sözlərinə görə, hələlik heç nə Moskvanın son gərginlikdə rol oynadığını göstərmir.
Ekspertin fikrincə, indiki mərhələdə Moskva qeyri-müəyyənlikdədir və münaqişəyə açıq müdaxilə etmir.
"Rusiya nə Ermənistanı, nə də Azərbaycanı incik salmaq istəmir. Bundan baqa Rusiya-Türkiyə kontekstini də nəzərə almaq lazımdır. Rusiyanın müdaxiləsi avtomatik olaraq Türkiyənin müdaxiləsini hərəkətə gətirəcək. Odur ki, Rusiyanı daha çox hər iki tərəfin zəifləməsi qane edir. Rusiya hər iki tərəfin vasitəçilik üçün ona müraciət edəcəyini gözləyir. Bu, bir güllə də atmadan onun Qafqazdakı təsirini artıracaq” – deyir ekspert.
Ekspertin fikrincə, buna baxmayaraq, ümumilikdə Dağlıq Qarabağda münaqişə Moskvanın maraqlarına xidmət edə bilər.
"Müəyyən məqamda bu münaqişə diqqətin Ukraynadan bu regiona dəyişməsində Rusiyanın karına gələ bilər. Rusiya münaqişəli tərəfləri barışdıran qüvvə kimi çıxış edə bilər, özü üçün daha yaxşı halda isə hətta sülhməramlılarını yeridə bilər” – deyir ekspert.

Şəklin mənbəyi, Reuters
Kakaçiya deyir ki, Qarabağ münaqişəsi genişmiqyaslı müharibəyə çevrilərsə, öz növbəsində Gürcüstan istər öz ərazisində mümkün terror aktlarına, istərsə də hər iki tərəfdən qaçqın axınına görə təhlükə qarşısında qalacaq.
"Bundan başqa Gürcüstan çox çətin vəziyyətə düşəcək, çünki onun ərazisi istər şimaldan cənuba, istərsə də Türkiyədən Azərbaycana tranzit sayılır” – deyib Kakaçiya BBC Rus xidmətinə.
Qonşular arasında miqyaslı toqquşmalar Gürcüstan üçün həm də iqtisadi nəticələrə səbəb olacaq.
"Biz Azərbaycanın enerji daşıyıcılarından asılıyıq. Bundan başqa Gürcüstanın imicinə ziyan dəyəcək. Heç kəs yaxınlığında müharibə gedən ölkəyə investisiya yatırmaz” – deyib ekspert.
Qarabağ dərsi
Gürcüstan İctimai İşlər İnstitutunun hüquq və siyasət məktəbi üzrə dekanı Bakur Kvaşilava deyir ki, Gürcüstan Qarabağ münaqişəsi məsələsində həmişə praqmatik olaraq tam neytrallıq mövqeyini tutub və bu mövqedə qalmaqda davam etməlidir. Lakin o, Gürcüstanın iki qonşusu arasında vasitəçiliyi barədə Tbilisidə çox səslənən fikirlərə skeptik baxır.
"Əgər tərəflər hər hansı neytral ərazinin əvəzinə Tbilisdə görüşmək istəsələr, Gürcüstan əlbəttə, onlar üçün belə bir şəraiti yaratmalıdır, lakin hazırkı mərhələdə, Tbilisinin, məsələn İsveçrənin Rusiya-Gürcüstan arasındakı vasitəçiyiliyi kimi bir vasitəçilik üçün lazımi resursları yoxdur” – deyib BBC Rus xidmətinə Kvaşilava.
Gürcüstanın vasitəçi rolunu üzərinə götürməsi üçün resurslara malik olmadığı barədə fikirlə avroatlantika interqrasiyası nazirinin keçmiş müavini Yelena Xoştariya da razılaşır.
Lakin onun sözlərinə görə, Tbilisi Aİ ilə əlaqələrindən istifadə edərək münaqişənin çözümü prosesinə Qərb partnyorlarının cəlb olunması üçün istifadə edə, həm də burada Avropa təhlükəsizliyi üçün hədə olduğunu xatırlada bilər.

Şəklin mənbəyi, AFP
"Əgər bu region partlasa, Avropa İttifaqının qonşuluğunda böyük qeyri-stabillik zonası yaranacaq, Gürcüstana bu qədər siyasi və maliyyə resursları yatırmış Aİ Gürcüstanı itirəcək” – deyir Xoştariya.
O deyir ki, hər iki tərəfdən axan təbliğat xarakterli informasiya əsasında Dağlıq Qarabağ münaqişəsinin sonrakı inkişafına dair proqnozlar vermək xeyli mürəkkəbdir. Lakin Xoştariya əlavə edir ki, atəşkəs razılaşmasının əldə olunması bu gün hər iki tərəfin tammiqyaslı hərbi əməliyyatlarda maraqlı olmadığını göstərir.
"Məsələnin məğzi bundadır ki, bu münaqişə heç bir vəchlə dondurlmuş hesab edilə bilməz, o hər an partlaya bilər, çünki burada çəkindirici beynəlxalq faktor yoxdur və beynəlxalq icma bu prosesdə heç bir şəkildə iştirak etmir, - deyir Xoştariya, - Minsk qrupunun mövcudluğuna baxmayaraq, münaqişənin tədricən nizamlanması üçün Qərb dövlətləri, ilk növbədə Avropa İttifaqı heç bir real əməli siyasi iradə nümayiş etdirmirlər”.
Xoştariya bildirir ki, Rusiya regionu hər iki tərəfdən fəal şəkildə hərbiləşdirib və buna görə də vəziyyət partlayış təhlükəlidir. Lakin istək olarsa, o cümlədən həm də Avropa İttifaqı tərəfindən, son günlərin hadisələrindən münaqişənin çözümü üçün faydalı nəticələr çıxarıla bilər.
"Əgər biz bundan ibrət dərsi alaraq başa düşsək ki, münaqişələri sakitlik yaranan kimi unutmaq yox, onlarla məşğul olmaq lazımdır, o zaman bu bizə yeni formatlar verə bilər. Yox, əgər münaqişə susan kimi biz onu unutsaq, növbəti partlayış qat-qat ciddi ola bilər” – deyir Xoştariya.
Həmçinin oxuyun:
<link type="page"><caption> Nə üçün müharibə? Nə üçün atəşkəs? Nə üçün bu qədər şəhid</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2016/04/160407_azerbaijan_mood" platform="highweb"/></link>?
<link type="page"><caption> Azərbaycan və Ermənistan orduları: hansı daha güclüdür</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2016/04/160406_azeri_armenian_armies" platform="highweb"/></link>?




