Qarabağda 4 günlük döyüşlərin hərbi nəticələri necə oldu?

Şəklin mənbəyi, Getty
Ötən həftənin şənbə gününə keçən gecə Azərbaycan və erməni hərbi qüvvələri arasında başlayan və dörd gün davam edən döyüşlərdən sonra tərəflər arasında atəşkəs əldə olunub.
Azərbaycan və erməni ordularının bu dəfəki toqquşması 1994-cü ildə Bişkək protokolu imzalanandan bəri ən şiddətlisi olub.
BBC Azərbaycancanın Azərbaycan və erməni qüvvələri arasında Qarabağda 4 gün davam etmiş döyüşlərin hərbi müstəvidə nəticələrinə dair suallarına Washington-dakı IHS tədqiqat korporasiyasının təhlilçisi Aleks Melikişvili cavab verir.
Döyüşlər rəsmən Azərbaycan və tanınmamış "Dağlıq Qarabağ Respublikası"nın silhalı qüvvələri arasında getsə də, ikinciyə maliyyə bə hərbi dəstək əsasən Ermənistandan gəlir.
BBC: Qarabağ cəbhəsinin təmas xətti boyu 4 gün davam etmiş döyüşləri hərbi-nöqteyi nəzərdən necə qiymətləndirirsiz?
A.M. : Vəziyyət sabitləşmədiyindən məsələyə yekun vurmaq hələ tezdir, lakin demək olar ki, təmas xəttində baş vermiş döyüşlər özü özünü elan etmiş Dağlıq Qarabağ Respublikasının Mardakert rayonunda Azərbaycan silahlı qüvvələrinin cüzi ərazi irəliləyişilə nəticələnib.
Münaqişə zonasından ziddiyyətli xəbərlər gəlməkdədir, məlum səbəblərə görə, tərəflər əldə etdikləri nəticələri ya şişirtməyə, yaxud da əksinə, bilərəkdən kiçiltməyə meyllidirlər.
Hər halda Azərbaycan silahlı qüvvələri tanınmamış DQR Müdafiə ordusunun (MO) möhkəmləndirilmiş çoxqatlı müdafiə xəttini bəzi sahələrdə yara biliblər. "DQR MO"-nun betonlaşdırılmış səngər və digər istehkam qurğularının sosial şəbəkələrdə yerləşdirilmiş foto və video görüntülər bunu təsdiqləyir.
Müəyyən əminliklə güman etmək olar ki, hazırda Azərbaycanın Müdafiə Nazirliyinin başlıca məqsədlərindən biri döyüşlər nəticəsində alınmış ərazini nəzarətində saxlamaqdır.
BBC: Xəbər bülletenlərinin məlumatlarına əsaslanaraq, qarşı-qarşıya gəlmiş orduların döyüş qabiliyyəti və hərəkətlərini necə qiymətləndirirsiniz?
A.M.: Azərbaycan hərbi bölmələri qarşıduran qüvvənin məhv edilməsi vasitələrindən kompleks halında istifadə olunmaqla hücum əməliyyatı keçirmək qabiliyyətini ilk dəfədir ki, nümayiş etdirdilər.
Yəni, dronlardan, uzaqmənzilli artilleriyadan, aviasiya, tank və yaylım atəş sistemlərindən istifadə olunub. Sirr deyil ki, Azərbaycanın hərbi arsenalı DGR MO və Ermənistan silahlı qüvvələrinin silahlarından üstündür.
Eyni zamanda, xəbərlərə görə, Ermənistan DQR-də uzaqmənzilli artilleriya, yaylım atəşi sistemləri və yaxınmənzilli “Elbrus” raket komleksləri yerləşdirib.
Yəni, gərginlik dərinləşməkdə davam etsə, tamamilə mümkündür ki onlardan istifadə olunsun, bu da Azərbaycan tərəfinfə böyük itkilərə səbəb ola bilər.
BBC: Baş verənlərdən nə dərsi götürmək olar və Rusiyanın rolu nədən ibarətdir?
A.M.: Görünür, baş verənlərdən çıxarılacaq əsas nəticə postsovet məkanında “dondurulmuş” sayılan münqişələrin əslində belə olmamasıdır.
Həmin münaqişələrdən hər biri günlərin bir günü “donunu aça bilər”. Qarabağ kontekstində son 20 ildən də çox olan müddət ərzində bu münaqişənin həllində irəliləyişin olmamasını sabitliyi pozan əsas amillərdən biri saymaq olar.
Azərbaycan tərəfindən ən müasir silahların alınması da qüvvələr balansına təsir göstərib.
Bu mənada, tərəflərə silah verən və bununla da odu söndürmək əvəzinə əksini edən Rusiyanın rolu qeyd olunmalıdır.
Aprelin 5-dən bərqərar olunmuş barışığa ara-sıra pozuntulara baxmayaraq riayət edilir, hər halda döyüşlərin intensivliyi azalıb.
Ümid edək ki, ATƏT-də sədrlik edən Almaniyanın fəallaşması, və ən əsası, Rusiya diplomatiyasının intensivləşməsi Qarabağda vəziyyətin tezliklə sabitləşməsinə gətirəcək.




