Nə üçün müharibə? Nə üçün atəşkəs? Nə üçün bu qədər şəhid?

Bakıda gənclərin aksiyası. Bu yazıdakı fotoların müəllifi Orxan Sultanovdur.
Şəklin alt yazısı, Bakıda gənclərin aksiyası. Bu yazıdakı fotoların müəllifi Orxan Sultanovdur.
    • Müəllif, Seymur Kazımov
    • Vəzifə, Bakıdan BBC Azərbaycanca üçün

Müharibə zamanı ən gərgin təbəqə dinc sakinlərdir. Emosiya və aqressiya yüksək səviyyədə olur. Sosial şəbəkərdə bu daha çox üzə çıxır – müharibə edən tərəfin insanları bir-birinə nəyisə sübut etməyə çalışırlar.

Hər iki tərəfin öz tarixi faktları, sənədləri, daha dəqiq desək, öz həqiqətləri olur.

Müharibə yalnız döyüş meydanında getmirdi. 2-5 Aprel tarixlərində Azərbaycan cəmiyyətində “partlayış effekti” maksimum həddə çatmışdı.

Aprel ayının əvvəlində Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən proseslər Azərbaycan ictimaiyyətində maraqla izləndi, ciddi müzakirələrə səbəb oldu.

22 ildən sonra ilk dəfə Qarabağ münaqişəsi ətrafında reaksiyalar aktiv fazaya keçdi.

Bu illər ərzində münaqişə ilə bağlı pessimist ovqatda olan cəmiyyət indi bu mövzuda daha çox danışır, müzakirə edir, xəbərləri izləyir və nəyəsə inanırdı.

Müharibə, konflikt hər zaman böyük xəbər olub. Bu dəfə də insanlar hər şey haqqında bilmək istəyirdi və müharibə xəbərlərinə olan tələbatı artmışdı. Müharibənin dəhşətləri və qəhrəmanlar haqqında məlumatları bütün xəbər mənbələrində tapmaq mümkündü.

Qarabağ münaqişəsinin günahkarı kimi qarşı tərəflə bərabər, yerli hakimiyyət, beynəlxalq təşkilatlar, xarici ölkələr də göstərilir.

Hərbi əməliyyatlar başlandıqda isə bütün bunlar unudulur, diqqət yalnız cəbhədən gələn xəbərlərə köklənir. İndiki halda, nəzərə alsaq ki, əsas xəbər mənbəyi rolunu həm də sosial şəbəkələr oynayır, bu zaman maraq dozasının dərəcəsini müəyyənləşdirmək çətin deyil.

Azərbaycan Ordusunun cəbhədən nailiyyət xəbərlərinin gəlməsi həyəcanı daha da artırırdı.

Doğrudur, cəbhədəki gərginliyi “yuxarıların siyasi oyunu” kimi dəyərləndirənlər də az deyildi. Amma onların sayı “bu, torpaqları qaytarmaq üçün Azərbaycan üçün tarixi şansdır” deyənlərdən az idi.

Aprelin 5-də münaqişə tərəfləri arasında atəşkəsin elan olunması isə insanları iki formada sarsıtdı – “tarixi şansın əldən çıxması” və “əsgərlərin şəhid olaraq siyasi oyunun qurbanına çevrilmələri”.

Müharibə kor-təbii təşkil olunmur, ciddi təşkilatçılıq tələb edən işdir. Proses təkcə ordu qurulması, silahların alınmasından ibarət olmur.

Eyni zamanda toplumun reaksiyasını ölçmək, bəzi hallarda onların istəklərinə uyğun davranmaq da işin tərkib hissəsidir.

Nazirlik və sosial media

Aprelin 5-də Azərbaycan Müdafiə Nazirliyinin Facebook sosial şəbəkəsində səhifəsi yaradıldı. Qısa zaman ərzində səhifəni bəyənənlərin sayı 100 min nəfəri keçdi.

Maraqlı tendensiya var idi. Səhifəyə daxil olan əksəriyyət orduya dəstəyini nümayiş etdirirdi, çox az adam hansısa məlumatı almaq və dəqiqləşdirmək üçün suallarını ünvanlayırdı.

Hər zaman informasiya qapalılığına görə təndiq olunan Müdafiə Nazirliyinin internet səhifəsi qısa zamanda ölkənin ən çox oxunan və izlənən resursuna çevrildi.

Yarandığı gündən yalnız məhdud informasiya və dildə fəaliyyət göstərən sayt, daha sonra ingilis və rus dilində də məlumatlar yaymağa başladı. Nazirliyin internet məkanındakı fəallığı bundan sonra da davam edəcəkmi?

Sosial şəbəkələrdən də kənarda vəziyyət fərqli deyildi. Azərbaycanda son dəfə 2010-cu ildə Mübariz İbrahimov və Fərid Əhmədovun dəfnləri izdihamlı keçirilmişdi. Eyni tendensiya bu dəfə də yaşandı.

Proses Qarabağdakı hərbi əməliyyatlara dəstək mitinqləri ilə də müşayiət olundu.

Müharibənin dəhşətlərini işıqlandırmağa gedən jurnalist istər-istəməz öz auditoriyasının diqqətini bir neçə məsələyə yönəldirdi; irqi, milli, dini ayrıseçkilik, terror aksiyaları.

Amma bu o demək deyil ki, insanlar hər zaman obyektiv və balanslaşdırılmış informasiyalar alır. Nəticədə cəmiyyətin müharibə haqqında düşüncə və təsəvvürləri yaranır, formalaşır.

Ən çox elektron media manipulyasiya imkanlarını işə saldı. Orta statistik vətəndaşın bu münaqişəyə baxışını televiziyalar yönləndirə bildilər.

Onlar uğurlu müharibə əməliyyatlarından, ordularının düşmənə vurduğu amansız zərbələrdən çoxsaylı xəbərlər verir, hətta şəhidlərin dəfn mərasimlərindən ətraflı reportajlar da təqdim edirdilər. Göründüyü kimi, sadə vətəndaşlarda məlum hadisəyə münasibətin formalaşması “kollektiv cəhd” idi.

Nə üçün?

Azərbaycan vətəndaşlarının yeni vəziyyətə adaptasiyası qısa çəkdi.

İndi insanları bu suallar düşündürür - nə üçün dövlət müharibə görüntüsü yaratdı? Nə üçün xalqı qələbəyə köklədi və tez bir zamanda atəşkəsə razı oldu? Nə üçün bu qədər şəhid və yaralı müqabilində bir rayonu da azad etmədik? Münaqişədə kim qazanır və ya münaqişədə qazanan kimdir?

İstər atəşkəs tərəfdarı olsun, istər müharibə, hər kəsi bu sualların cavabları maraqlandırır.

Ermənistan-Azərbaycan münaqişəsi yalnız ərazi problemi deyil, eyni zamanda da etnik münaqişədir. Bu adətən, bir dövlət ərazisində olan müxtəlif millətlərin mübarizəsi kimi xarakterizə olunur.

Onlardan biri hər zaman öz müstəqilliyini tələb edir. Müharibə yalnız ölənlər üçün bitmiş sayılır.