Türkiyə-Azərbaycan görüşündən nə gözlənilir?

Şəklin mənbəyi, AFP
- Müəllif, İlhamə Qasımlı
- Vəzifə, Ankaradan BBC Azərbaycanca üçün
Türkiyə prezidentinin Bakıya səfəri yenidən təxirə salınsa da, yüksək səviyyəli görüşün Ankarada baş tutacağı bildirilir, Türkiyə mediası yazıb.
Bu, bazar günü axşamı Ankaranın Kızılay ərazisində bomba partlayışından sonra azı 36 nəfərin həlak olmasından sonra baş verir.
Recep Tayyip Ərdoğan martın 15-də Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclasında iştirak etmək məqsədi ilə Bakıya gəlməyi planlaşdırılmışdı.
Anadolu agentliyinə əsasən, toplantının Ankarada keçirilməsi təşəbbüsü Azərbaycan prezidentindən gəlib.
Agentlik Türkiyə Prezident Administrasiyasındakı mənbəyə istinadən bildirir ki, Ərdoğan bu jestə və terrorla mübarizədəki həmrəyliyinə görə Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür etdiyini yazıb.
Cənab Ərdoğanın Bakıya bundan əvvəl, 18 fevrala planlaşdırılan görüşü təxirə salınıb. Fevralın 17-də Ankarada 29 nəfərin ölümü ilə nəticələnmiş partlayış baş verib.
İndiki partlayış burada baş vermiş 5 ay içində üçüncü hadisədir.
Türkiyədə bu görüşdən hansı gözləntilər var?
Ankara Politikalar Mərkəzindən region üzrə təhlilçi Burcu Gültekinə görə, Türkiyə-Azərbaycan yüksək səviyyəli görüşləri mütəmadi xarakter daşıdığından ondan qeyri-adi nəticə gözlənilməməlidir.
“Mütamadi baş tutan rəsmi səfərlərin fonunda terror aktı səbəbi ilə toplantının Bakıda deyil, Ankarada keçirilməsi, Əliyevin Türkiyəyə gəlməsi səfərin diqqətçəkici məqamıdır”, təlilçi deyir.
Bununla yanaşı, Burcu Gültəkin bu səfərin Şərq-qərb dəhlizi ilə bağlı işlərin və TANAP layihəsinin icrasını daha da sürətləndirilməsinə təkan verəciyinə ümid edir.
O, iki ölkə arasındakı yüksək səviyyəli səfərlərin mütəmadiləşdiyinə diqqət çəkib.
“Baş nazir Davutoğlunun Rusiya təyyarəsinin Suriya sərhədində salınmasından bir həftə sonra Bakıda keçirdiyi görüşlər zaman baxımından Erdoğanın səfərindən daha diqqətçəkici idi. İki ölkə arasında yüksək səviyyəli rəsmi səfərlər rutinləşmiş ziyarətlərdir. Ziyarətlərin edilməsindən çox, onun Rusiya böhranı üzündən baş tutmamaması diqqət çəkici olardı”, deyir təhlilçi.
Partlayışlar azərbaycanlılara da təsir edib
Ankarada fəaliyyət göstərən azərbaycanlı iş qadını Aynur Qazıyeva deyir ki, son illərdə Türkiyədə baş vermiş siyasi böhran və hərbi münaqişələr onun buradakı biznes fəaliyyətinə çox təsir edib.

Şəklin mənbəyi, Courtesy
Aynur Qazıyeva 17 ildir tərcümə və məsləhət sektorunda firmaya rəhbərlik edir.
“Mən də daxil olmaqla, Türkiyədən Azərbaycana ciddi dönüşlər başlayacaq. İş imkanlarımız dibə vurmuş durumdayıq. 17 ildir, iş dünyasında olmağıma baxmayaraq, bu qədər iqtisadi böhran yaşamamışdım. Günlük gəlirlərimiz bir saatlıq gəlirimiz səviyyəsinə düşüb”, Qazıyeva deyir.
Onun sözlərinə görə, Türkiyənin Avropa ölkələri və Rusiya ilə siyasi böhran yaşaması bu ölkələrdən olan müştərilərinin sayına da təsir edib.
“İstər avropalı, istər azərbaycanlı, istərsə də rusdilli müştərilərimizlə işlərimiz həddindən artıq durğun səviyyəyə düşüb. Hazırda tələbələrimiz və səhiyyə sistemində çalışanlarımızın hesabına ayaqda dururuq” Aynur Qazıyeva şikayətlənir.
“Ümid edirəm ki, yaranmış böhranın həlli üçün hər iki ölkə cəhdlər göstərəcək. Ticari əlaqələrin yüksəldilməsi çox önəmlidir”, iş qadını Türkiyə-Azərbaycan prezidentlərinin növbəti görüşü barədə gözləntilərini bölüşüb.




