Aİ lideri Türkiyədə miqrant böhranını müzakirə edir

Şəklin mənbəyi, Getty
Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Türkiyə prezidenti Recep Tayyip Erdoğanla Avropa miqrasiya böhranına dair danışıqlara hazırlaşır.
Cənab Tusk Türkiyədən yunan adalarına gəlmiş miqrantları “geri göndərmək” ideyasını irəli sürüb.
O, bildirib ki, bununla da insan qaçaqçılarının biznes modelini dağıtmaq olar.
Cənab Tusk bazar ertəsi keçiriləcək Aİ-Türkiyə sammitindən öncə intensiv diplomatik fəaliyyətlə məşğuldur.
Fransa prezidenti Francois Hollande da həmçinin miqrasiya böhranını müzakirə etmək üçün Almaniya kansleri Angela Merkeli Parisdə qəbul edib.
Hər gün minlərlə qaçqın Türkiyə sahillərindən yunan adalarına gəlməkdə davam edir.
Onlar Almaniya və digər şimali Avropa ölkələrinə getmək istəyirlər. Lakin artmaqda olan sərhəd nəzarəti bu işi xeyli çətinləşdirib.
Hazırda 25 mindən çox miqrant Yunanıstanın şimalında Makedoniya ilə sərhəddə qalıb və humanitar böhran qorxusu yaradır.
BBC Avropa müxbiri Chris Morris deyir ki, cənab Tusk-ın cümə günü prezident Erdoğanla danışıqları əhəmiyyətlidir.
Cümə axşamı cənab Tusk Avropaya qeyri qanuni gələn iqtisadi miqrantları xəbərdar edib.
“Mən potensial qeyri qanuni iqtisadi miqrantlara müraciət edirəm: Avropaya gəlməyin,” o Afinada Yunanıstanın baş naziri Alexis Tsipras-la görüşdən sonra deyib.

Şəklin mənbəyi, AFP
Daha sonra Ankarada Türkiyə baş naziri Ahmet Davutoğlu ilə görüşən cənab Tusk bildirib ki, Egey dənizi vasitəsilə Türkiyədən Aİ ölkələrinə keçən miqrantların sayı “çox yüksəkdir”.
Cənab Davutoğlunun sözlərinə görə Suriyada atəşkəsin həyata keçirilməsi ilə suriyalı qaçqınların axını da azalacaq.
Miqrasiya böhranı Avropanın Schengen zonasının gələcəyini təhlükə altına qoyub. Bəzi ölkələr artıq miqrant axınına qarşı sərhəd nəzarətini gücləndiriblər.
Beynəlxalq Miqrasiya Təşkilatının bildirdiyinə görə bu il ərzində 120,369 miqrant Türkiyədən Yunanıstana gələb və ən azı 321 nəfər yolda ölüb.





