Made in Turkey: Suriya uşaqları paltar tikirlər

- Müəllif, Rengin Arslan
- Vəzifə, BBC Türkçe, İstanbul
Mavi neon lampalarının işığına qərq olmuş otaqda toxuculuq dəzgahlarının taqqıltısı türk musiqisinə və sobanın istisinə qarışır. Bura İstanbulun toxuculuq qovşağında gizli sexlərdən biridir.
"Uşaq yeri" olmayan bu sexdə iki suriyalı oğlan uşağı gündə azı səkkiz saat işləyir. Onlardan birinin 15, digərinin isə 13 yaşı var.
"Mən Türkiyədə artıq iki ildir ki, işləyirəm" – deyir 15 yaşlı Abdürrəhman. "Bizim pulumuz yoxdur… Kirayə ödəməliyəm".
Kirayə haqqı ayda az qala 250 dollardır.
Mən ondan Suriyadakı keçmiş həyatı, məktəbi barədə soruşanda o deyir: "Dərslər çətin idi, amma işləməkdən çətin deyildi. Hər gün çox yoruluram".
Əbdürrəhman iri qəhvəyi gözlərini mənə zilləyib. O deyir ki, dostları ilə gizlənpaç oynadığı vaxtlar üçün darıxır.

O biri suriyalı oğlanın adı Məhəmməddir. 13 yaşlı bu uşaq da ailəsinə kömək üçün işləyir. Deyir ki, rəngli karandaşlarla şəkil çəkdiyi vaxtlar üçün xiffət edir.
Əbdürrəhman və Məhəmməd, Çin və Banqladeşdən sonra Avropanın ən böyük pal-paltar təchizatçısı olan Türkiyənin ikinci böyük sənayesində qeydiyyatsız və qanunsuz işləyən fəhlələrdən yalnız ikisidir.
Türkiyədə qanunsuz işləyən Suriya uşaqlarının dəqiq sayı məlum deyil. Lakin bu ölkəyə 2 milyon yarım Suriya qaçqını gəlməzdən əvvəl də Türkiyənin uşaq əməyi sahəsində reputasiyası yaxşı deyildi.
Türkiyədə uşaq əməyinin qanunla qadağan olunmasına baxmayaraq, ən son rəqəmlərə görə yarım milyon türk uşağı müxtəlif sektorlarda işləyir.
Beş ildir davam edən Suriya vətəndaş müharibəsi region boyunca 4,5 milyonluq qaçqın ordusu yaradıb və bunların tən yarısı yeməyə, təhsilə və evə ehtiyacı olan uşaqlardır.

Türkiyədəki 600 min Suriya uşağından yarısının məktəblərə yazılmasına baxmayaraq, onların çoxu ailələri üçün pul qazanmağa məcburdur.
BMT xəbərdarlıq edib ki, Suriya uşaqlarının bütöv bir nəsli risklə üzləşib.
Ötən ay Biznesdə İnsan Haqları Resursları Mərkəzi (Business Human Rights Resource Centre - BHRRC) 28 brend istehsalçısından Türkiyə təchizatçıları arasından Suriya uşaqlarını istismar edənləri barədə məlumatlarının olub-olmadığı və olarsa, suriyalı uşaq və böyüklərin istismarına qarşı mübarizə strategiyalarının nədən ibarət olacağı soruşulub.
H&M geyim əşyaları mağazaları şəbəkəsindən verilən cavabda deyilir ki, Türkiyədə əməkdaşlıq etdiyi 210 müəssisədən yalnız birində suriyalı uşaqlar aşkar edilib. Bundan əlavə şirkət bildirib ki, uşaqlar üçün təhsil planının tərtibi və tətbiqi barədə Türkiyə QHT-lərindən biri ilə əməkdaşlıq edir.
Next şirkəti də etiraf edib ki, onun Türkiyə təchizatçılarının sexlərində Suriya uşaqları aşkar olunub. Bu şirkətin uşaq istismarı sahəsindəki strategiyası BHRRC tərəfindən bəyənilib.
Digər tərəfdən Türkiyə toxuculuq sektorunun nümayəndələri bu məsələni qaldırmış xəbər agentliklərini və qəzetləri tənqid ediblər. Onlar deyirlər ki, bu məsələnin mediaya çıxarılması Türkiyə iqtisadiyyatına zərbə vurur və ölkənin toxuculuq sənayesini gözdən salır.
Həmkarlar ittifaqlarından biri isə bu qənaətdədir ki, Türkiyə uşaq əməyi problemi ilə məşğul olmalı və uşaqları istismar edən şirkətlərin adları açıqlanmalıdır, lakin bu zaman bütün sənaye rüsvay edilməməlidir.




