Türkiyə jurnalistləri silah reportajına görə casusluqda ittiham edilirlər

Şəklin mənbəyi,
Türkiyənin iki tanınmış jurnalisti ölkənin xüsusi xidmətlərinin Suriyadakı İslam qiyamçılarına silah göndərdiyi barədə iddialar irəli sürdükdən sonra casusluqda ittiham ediliblər.
Əgər təqsirləri sübut olunarsa, “Cümhuriyyet” qəzetinin baş redaktoru Can Dündarı və qəzetin Ankara ofisinin rəhbəri Erdem Gülü ömürlük həbs cəzası gözləyə bilər.
Onların reportajı və çəkdikləri videosüjet Türkiyədə siyasi qasırğa yaratmış və prezident onları məhkəməyə vermişdi.
Türkiyə mətbuat azadlığı sahəsində sərt tənqidlərlə üzləşir.
Özlərinə qarşı ittihamları rədd edən jurnalistlər xəbər vermişdilər ki, Türkiyənin kəşfiyyat idarəsi MİT-ə məxsus olan yük maşınları Suriyadakı islamçı müxalifətə silah daşıyır.
Onların reportajla yanaşı dərc etdikləri videomaterialda Türkiyə polisinin yük maşınlarını aşkar etməsi və bu maşınlardan qutularla silah-sursat tapması iddia olunurdu.
Ağır cəza
Hökumət iddia edir ki, kəşfiyyatın yük maşınları Suriyadakı etnik türkdilli qrup – türkmənlərə yardım aparırıdı.
Prezident Recep Tayyip Erdoğan qəzetə qarşı məhkəmə iddiasını şəxsən özü qaldırıb.
“Bu qəzet casusluqla məşğul olub. Bu məqaləni yazan kimdirsə, bunun bahasını ağır ödəyəcək” – demişdi cənab Erdoğan hələ may ayında Türkiyə televiziyasına.

Şəklin mənbəyi,
Həm cənab Dündar, həm də cənab Gül casusluqla məşğul olmaqda və əvvəllər cənab Erdoğanın yaxın müttəfiqi olmuş Fethullah Gülenin hərəkatına kömək etməkdə ittiham olunurlar. Cənab Gülenin təşkilatı hazırda Türkiyədə “terrorçu qruplaşma” kimi qadağan olunub.
“Onlar soruşurlar ki, biz bu hadisəni niyə yazmışıq, - deyib cənab Dündar, - Jurnalistika tarixi Uotergeyt və Vikiliks kimi hadisələrlə doludur. Bu hadisələr göstərir ki, dövlətlər bəzi faktları gizli saxlamağa çalışırlar. Lakin bu cür məsələlərin üstünü açmaq ümumun xeyrinədir”.
Bu ittihamlar mətbuat azadlığı qrupları tərəfindən sərt tənqid edilir.
“Bu hadisə Türkiyənin Avropa İttifaqı islahatlarına qoşulmaq niyyətinə, habelə təməl haqq və azadlıqların təminatı vədinə ciddi ziyan vuracaq” – deyib Sərhədsiz Reportyorlar təşkilatından Erol Önderoğlu.
Türkiyə, hazırda bu təşkilatın 2015-ci il üçün “Dünya Mətbuat Azadlığı İndeksində” 180 ölkə arasında 149-cu yeri tutur.




